"Heydər Əliyev həqiqətən beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli milli lider idi. O, Azərbaycanın müstəqilliyinin, ölkənin firavanlığına doğru inkişafının və demokratiyaya doğru yolunun əsasını qoydu". Politoloq Zbiqnev Bjezinskinin bu sözləri dahi Heydər Əliyevin şəxsiyyətinə, onun dövlətçilik fəaliyyətinə dünya miqyasında verilən yüksək qiymətin bir nümunəsidir. Heydər Əliyev fenomenini, Heydər Əliyev böyüklüyünü, dahiliyini etiraf edən dünyanın nüfuzlu siyasətçilərinin belə fikirlərindən istənilən qədər misal gətirmək olar.
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi, 1982-1987-ci illərdə keçmiş SSRİ rəhbərliyində çalışdığı, eləcə də respublikaya rəhbərlikdən kənar olduğu 1988-1993-cü illərdə, nəhayət, müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini izləyərkən bu dahi şəxsiyyətin daim xalqla birgə olduğunu, onun xoş günündə, çətin anlarında yanında olduğunu görürük. Bəli, Heydər Əliyev hər zaman xalqla birgə nəfəs alıb, hər bir addımında xalqın dəstək və etimadına güvənib. Bu, Heydər Əliyev siyasətinin başlıca qayəsi, cəhəti idi. Azərbaycan xalqı da heç vaxt özünü Heydər Əliyevdən ayrı, kənar sanmayıb, bu dahi şəxsiyyətə inanıb, ümid edib.
Bu ümid və inamla da xalqımız 1993-cü ilin ən çətin, böhranlı günlərində, vətəndaş müharibəsi təhlükəsi yarandığı günlərdə üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə, uzaqgörənliyinə güvəndi. Həmin ümumxalq etimadı böyük öndərin dövlətçilik fəaliyyətində hər zaman ona güc, qüvvə verib. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımızı təmin edib" - müstəqil Azərbaycanın çətin, sıxıntılı vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib.
Ulu öndərimiz bu siyasətdə olduğu bütün dövrlərdə şəksiz liderliyi, qətiyyət və prinsipiallığı, uzaqgörənliyi ilə uğur qazanıb. Çünki o, yaşadığı dövrün mürəkkəb, ziddiyyətli proseslərindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və son nəticədə xalqının maraqlarını praqmatik dəqiqliklə nəzərə ala bilən lider idi.
Ümummilli liderimizin 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına, intellektual imkanlarına o vaxtkı SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin, etimadın göstəricisi idi. Lakin istərdim ki, bu məsələdə bir məqama xüsusi toxunam. Heydər Əliyev bu etimadın müqabilində, sadəcə, respublikada Mərkəzin təlimat və göstərişlərini reallaşdıran bir rəhbərə, kommunist funksionerinə çevrilmədi. Əksinə, ulu öndər sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını respublikamızın rifahına, inkişafına yönəltməyi bacaran bir lider, xalqının milli duyğularını dəyərləndirən dahi şəxsiyyət kimi özünü təsdiq etdi. İndi bunu hər birimiz aydın dərk edirik ki, Heydər Əliyev o zamankı səmərəli fəaliyyəti ilə sovet dövlətinin iqtisadi imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi üçün sərf etməyi bacarmışdır.
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə gördüyü işlərdən bir neçəsinə diqqət yetirsək, fikrimi əsaslandırmış olaram. Ulu öndər Azərbaycan partiya təşkilatına rəhbərliyi illərində yüksək səviyyəli təhsil və tədrisin hər bir xalqın gələcəyinin mühüm şərti olduğunu nəzərə alaraq kompleks qərarlar qəbul etdi. Azərbaycanda yeni təhsil müəssisələri, fakültələr açılmaqla yanaşı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil ocaqlarına oxumağa göndərilirdi. Yüksək ixtisasla respublikaya qayıdan bu gənclər Azərbaycanın elmi-texniki inkişafına, intellektual potensialına böyük töhfə idi... Yaxud, başqa fakt. Ulu öndərin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına nail olması isə onun ən böyük tarixi xidmətlərindən biridir. Azərbaycan müstəqilliyini bərpa edib milli ordu quruculuğuna başlayanda bu məktəb - C.Naxçıvanski adına hərbi məktəb hərbi kadr hazırlığının baza tədris ocağına çevrildi. Həmin məktəbin müdavimləri olanlar indi Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Bu, Heydər Əliyev uzaqgörənliyinin, vətənpərvər liderin xalqı qarşısında tarixi xidmətinin əyani təsdiqidir.
Heydər Əliyev vəzifədə işlədiyi illərdə heç vaxt xalqa populist vədlər verməyib, reallıqdan kənar fikirlər səsləndirməyib. Amma dahi şəxsiyyət olaraq ən mürəkkəb şəraitdə belə real vəziyyəti, çətinlikləri və bundan çıxış yollarını xalqına çatdırmağı bacarıb. Başqa sözlə, o, realist siyasəti, uzaqgörənliyi, qətiyyətli addımları ilə Azərbaycanı iflasdan, xalqı fəlakətdən xilas etmiş, müstəqil dövlətimizi möhkəmlətmiş, onu xain əllərdən qorumuşdur. Ən başlıcası isə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün mühüm əsaslar yaratmışdır. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - Heydər Əliyevin bu sözləri dahi şəxsiyyətin dövlətçilik fəaliyyətinin baş tezisi olmuşdur.
Ulu öndərimizin fəaliyyətindən söhbət açarkən bir məqamı da xatırlatmaq istərdim. 1994-cü ilin mayında Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə olunduqda müxtəlif fikirlər söylənilirdi. Əslində Heydər Əliyev münaqişədə real vəziyyəti də, Azərbaycanın imkanlarını, atəşkəsin ölkənin gələcək inkişafı üçün nə qədər önəmli olduğunu da hər kəsdən yaxşı bilirdi. Çünki Azərbaycanın dövlət olaraq ayağa qalxması, o cümlədən əsaslı dövlət quruculuğunun başlanması, güclü ordunun mühüm şərti olan iqtisadiyyatın dirçəlməsi, bu sahəyə zəruri xarici sərmayənin cəlb edilməsi yalnız atəşkəs şəraitində mümkün idi. Azərbaycanın sonrakı uğurlu inkişaf yolu Heydər Əliyevin bu addımının nə dərəcədə düzgün olduğunu göstərdi.
Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Böyük öndər xalqımıza əmanət olaraq zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoymuşdur. Heydər Əliyev birinci hakimiyyəti illərində, eləcə də keçmiş SSRİ hökumətində məsul vəzifədə təmsil olunduğu dövrdə respublikamızın inkişafı, çiçəklənməsi naminə son dərəcə böyük miqyaslı işlər görmüş, xalqın təkidli çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdandan sonra çiyinlərini çox ağır və çətin işin altına verərək xalqımızı müdhiş bəlalardan qurtarmışdır.
"Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoludur" - deyən ulu öndərin gərgin əməyi nəticəsində iqtisadiyyatın keyfiyyətcə yeni mərhələsinin başlanması, özəl sektorun sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirilməsi, güclü sahibkarlar təbəqəsinin formalaşması, bu məqsədlə 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatının yaradılması, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazasının formalaşdırılması, investisiyaların təşviqi üçün respublikada münbit şərait yaradılması, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə edilməsi, xarici kapital qoyuluşunun enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına yönəldilməsi ulu öndərin misilsiz xidmətlərindəndir. Həyata keçirilən siyasət nəticəsində əhalinin maddi rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılması, mövcud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası və bu sistemdə özünə layiq olan yeri tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yüksəlməsi üçün etibarlı zəmin yaradılması da Heydər Əliyevin uzaqgörənliyinin təntənəsi idi.
Heydər Əliyev böyük siyasətçi kimi xarici dövlətlərin regiondakı maraqlarını məharətlə uzlaşdıraraq, neft amilindən böyük uzaqgörənliklə istifadə edərək Azərbaycanı nəinki Qafqazda, ümumiyyətlə, postsovet məkanında gedən siyasi proseslərin lokomotivinə çevirdi.
Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional yüksəlişi yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın ittifaq səviyyəsində qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.
Heydər Əliyev qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Ümumilikdə 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.
70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafının ən qabarıq nəticələri isə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusən də pambıqçılığın inkişafında real təcəssümünü tapırdı. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə artmışdı. Eyni zamanda, ittifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşürdü. Ulu öndərin tez-tez yerlərdə olaraq zəhmət adamları ilə görüşməsi, onları mükafatlandırması insanların halal zəhmətə, torpağa bağlılığını artırır, ölkəyə bol məhsul, süfrələrə ruzi-bərəkət gətirirdi.
Ulu öndər iqtisadiyyatı yüksəltmək üçün rüşvətxorluğa, oğurluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparır, belə hallara yol verənlərin cəzalandırılmasına israr edirdi. Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək idi.
Ulu öndərimiz respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarəetmə istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan çıxara, qoruya bildi. Həmin illər ölkəmiz sınaqdan uğurla çıxdı.
Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu müdrik insanın misilsiz xidmətləri sayəsində o illərdə əldə olunmuşdur.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışından sonra qısa vaxt ərzində silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik yaradıldı. Xarici və daxili qüvvələrin təxribat törətmək səylərinin qarşısı alındı. Məsələn, Əlikram Hümbətovun qondarma respublika təşkil etmək cəhdinə, Surət Hüseynovun 1994-cü ilin oktyabrın 4-də həyata keçirmək istədiyi dövlət çevrilişinə, 1995-ci ilin martında Rövşən Cavadovun hakimiyyətin dəyişdirilməsinə hesablanmış təxribat planının həyata keçirilməsinə xalq dəstəyinə arxalanan Heydər Əliyev imkan vermədi. Yeri gəlmişkən, 1995-ci ilin mart hadisələri zamanı ulu öndər xalqa müraciətində deyirdi: "Mən dəfələrlə demişəm və bu gün də vətəndaşlarımızın, xalqımızın qarşısında bir daha deyirəm ki, Prezident kimi Azərbaycanın müstəqilliyinin qorunmasını bu günə qədər təmin etdiyim kimi, bundan sonra da təmin edəcəyəm".
İctimai-siyasi həyatın bütün sahələri üzrə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın təmin edilməsi böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük öndər siyasi hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyini möhkəmləndirdi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı və bununla da, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalanmaqla Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyası həyata keçirilməyə başlandı. Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə tanınmış yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. Ölkəmizin iqtisadi inkişafında böyük rol oynayan bu qlobal layihənin uğurla reallaşdırılması Azərbaycanın dünyadakı rolunu və yerini möhkəmləndirdi. Böyük öndər Heydər Əliyev "Əsrin müqaviləsi"nin 5 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə bildirmişdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır".
"Əsrin müqaviləsi"nin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı və daha iri layihələrin reallaşdırılmasına geniş imkanlar açdı. Neftdən əldə edilən vəsaitlər böyük öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldildi.
Heydər Əliyevin yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Neft siyasətinin əsasını da məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi.
Böyük öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının əsasını neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltmək və bu sahənin də tərəqqisinə nail olmaq idi. Uğurla aparılan iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edildi, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başladı. Xalqın mənafeyinə uyğun formada özəlləşdirmə prosesinin aparılması, sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası müsbət nəticələr verdi. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə xüsusi diqqət yetirmişdir. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması məqsədi ilə mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi nəzarətdə saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.
"Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" böyük öndər Heydər Əliyevin 1999-cu il 22 mart tarixli fərmanından sonra torpaq-istehsal münasibətlərinin formalaşmasında və daha da dərinləşməsində köklü irəliləyişlərə nail olunmuşdur. Bu fərmanla kənd təsərrüfatı məhsulu istehsalçıları, o cümlədən mülkiyyətə əvəzsiz pay torpağı almış Azərbaycan Respublikasının vətəndaşları Vergi Məcəlləsi ilə tənzimlənən bir sıra vergilərdən azad olunmuş, kolxoz və sovxozların milyardlarla ölçülən qarşılıqlı borcları silinmişdir. Eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsalçılarına kənd təsərrüfatı texnikası üçün yanacaq və sürtkü materialları güzəştli qiymətlərlə satılmağa başlanmışdır. Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir.
Ulu öndərimiz Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndərimiz onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Bu proqram sahibkarlığın daha sürətli inkişafına, özəl sektorun ölkənin ixrac potensialındakı rolunun gücləndirilməsinə, onun bazar iqtisadiyyatı sisteminə təsirinin daha da artırılmasına əlavə impulslar vermişdir. Proqramda nəzərdə tutulmuş tədbirlərin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin sayı durmadan artmış, iş adamlarının iqtisadi quruculuq proseslərinə müsbət təsiri genişləndirilmiş, sosial problemlərin həlli istiqamətində yeni imkanlar açılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulundan sonra imzalanmış bu fərman mühüm əhəmiyyət daşımaqla bu sahədə mövcud əngəllərin aradan qaldırılmasında təxirəsalınmaz və təsirli tədbirlərin görülməsini təmin etmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyası onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmışdır. Dövlət başçısı Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün sahələrdə proqressiv islahatları təmin etməklə, cəmiyyətdə böyük nüfuz qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Siyasi iradə və qətiyyətlilik, praqmatizm, məqsədyönlülük kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomenal siyasi lider obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyevin birinci prezidentlik müddətində imzaladığı məqsədyönlü fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar ölkəmizin dinamik yüksəlişini təmin etmişdir. Dövlət başçımız tərəfindən eyni zamanda yeni dövrün tələbi kimi qarşıda duran vəzifələr də müəyyənləşdirilmiş, inkişaf mexanizminin çevikliyinə, işləkliyinə nail olunmuşdur.
{nl}
Elşad ABBASOV, "EMBAWOOD" şirkətinin prezidenti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.