Azərbaycanın İKT sahəsində beynəlxalq əlaqələri genişlənir

Hesab edirəm ki, müxtəlif beynəlxalq təşkilatlarda iştirak etmək ölkəmizin xeyrinədir. Bu, Azərbaycana öz mənafelərini irəlilətmək üçün əlavə imkanlar verir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Ötən dövr ərzində sürətli inkişaf yolu keçmiş ölkəmizin beynəlxalq nüfuzu xeyli artmış, Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilmişdir. Ölkədə baş verən dinamik inkişaf fonunda rabitə və informasiya texnologiyaları sektorunda əldə olunmuş uğurlar da diqqəti xüsusilə cəlb edir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1969-cu ildə respublikamıza rəhbər təyin olunan ulu öndər elmtutumlu iqtisadi sahələrin yaradılmasına, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə məsələsinə xüsusi diqqət yetirmişdir.
Müstəqil Azərbaycana rəhbərliyi dövründə də o bu vacib sahəni dövlətin əsas inkişaf prioriteti kimi daim diqqət mərkəzində saxlamışdır. Belə ki, ümummilli liderimiz BMT tərəfindən bütün dünya ölkələrinin 2015-ci ilə qədər öz milli inkişaf strategiyalarında informasiya-kommunikasiya texnologiyaları üzrə müvafiq sənədin qəbul edilməsi ilə bağlı tövsiyəsinə uyğun olaraq 2002-ci ildə "Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) hazırlanması haqqında" fərman imzalamışdır. Bir ildən sonra isə həmin strategiya hazırlanaraq Azərbaycan Prezidentinin imzası ilə təsdiq olunmuşdur. Ötən müddətdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş və ölkəmiz bu sahədə Cənubi Qafqaz regionunda, eləcə də MDB məkanında lider dövlətlərdən birinə çevrilmişdir.
Ulu öndərin sosial-iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə xüsusi qayğı göstərir və bu sahəni ölkənin qeyri-neft sektorunun prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlayır. Bu vacib sahənin ölkənin ümumi tərəqqisindəki əhəmiyyətini dönə-dönə qeyd edən dövlət başçısı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "İnformasiya-kommunikasiya sektoru çox dinamik inkişaf edir. Azərbaycan bu bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq "Bakutel" sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir".
Hazırda dövlətimizin yaxın illər üçün nəzərdə tutulmuş iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır. Elə İKT sektoru üzrə əldə olunan nailiyyətlərin ildən-ilə artması da belə deməyə əsas verir ki, ölkəmizin neftdən sonrakı inkişafını məhz bu sahə təmin edəcəkdir. Yeri gəlmişkən, Azərbaycanın İKT sektoru üzrə uğurları beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir və ölkəmiz bu sahədəki nailiyyətlərinə görə ümumdünya reytinq sıralamalarında öncül yerlərdən birini tutur. Onu da deyək ki, Azərbaycan İKT sektorunda əldə etdiyi yüksək nəticələr sayəsində bu gün bir çox ölkələrlə iqtisadi-siyasi sferada uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. Xarici siyasətin bütün sahələri, eləcə də İKT sektoru üzrə dünyanın inkişaf etmiş ölkələri ilə mövcud əlaqələr heç şübhəsiz, Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun cari ilin may-iyun aylarında Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və Avstriyaya rəsmi səfərləri də İKT sektorunun inkişafı, eləcə də adıçəkilən ölkələrlə bu sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri İ.Şoqelevin dəvəti ilə Moskva şəhərində keçirilən "Svyaz Expokom 2011" beynəlxalq sərgisində iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirin açılış mərasimində ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr , o cümlədən, "Trans Avrasiya Super İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya Zonası layihələri, kosmik sənayenin inkişafı ilə bağlı həyata keçirilən işlər barədə geniş məlumat vermişdir. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin ölkələrimizin texnoloji cəhətdən yaxınlaşmasında mühüm rol oynadığı vurğulanmış, iki ölkə arasında fundamental dostluq münasibətlərinin iqtisadiyyatın istənilən sahəsində olduğu kimi, İKT sektorunda da əməkdaşlıq baxımından xüsusi rol oynadığı bildirilmişdir.
Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri İ.Şoqelev də öz növbəsində Azərbaycanın "Svyaz Expokom 2011" beynəlxalq sərgisində milli pavilyonla iştirak etdiyini və ölkələrimiz arasında isti münasibətlərin formalaşmasında hər iki dövlət başçısının xüsusi rolu olduğunu diqqətə çatdırmışdır.
Açılış mərasimindən sonra İ.Şoqelevin rəhbərliyi ilə nazirlər və rəsmi qonaqlar digər stendlərlə yanaşı, Azərbaycanın İKT sahəsində 13 aparıcı şirkətinin məhsul və xidmətlərinin nümayiş olunduğu "Azərbaycan pavilyonu"na da baxış keçirmişlər. Milli pavilyonumuzda sərgilənən və yerli mütəxəssislər tərəfindən gözdən əlillər üçün Azərbaycan dilli proqram əsasında istehsal olunan xüsusi mini kompyuter sərgi iştirakçılarının marağına səbəb olmuşdur. Qeyd edək ki, dünyada belə bir kompyuterin mövcudluğu kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılmışdır. Son illər Azərbaycanın dünyanın super dövləti olan Amerika Birləşmiş Ştatları ilə İKT sahəsində əməkdaşlığı yüksək sürətlə inkişaf edir. Azərbaycan nümayəndə heyətinin cari ilin may ayında bu ölkəyə rəsmi səfəri isə, heç şübhəsiz, bu sahədə əməkdaşlıq əlaqələrinin yeni mərhələsinin əsasını qoyacaqdır. Nazir Əli Abbasovun rəhbərliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl sektorun 40-a yaxın təmsilçisindən ibarət nümayəndə heyəti ABŞ-da səfərdə olmuşdur.
Amerika Dövlət Departamentində dövlət katibinin köməkçisi, ABŞ-ın beynəlxalq rabitə və informasiya siyasəti üzrə baş əlaqələndiricisi səfir Filip Vervirlə görüş bu səfərin həlledici məqamlarından biri kimi yadda qalmışdır. Görüşdə ikitərəfli qarşılıqlı münasibətlərdə informasiya texnologiyalarının rolu və əhəmiyyəti, ABŞ-ın aparıcı şirkətlərinin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşlarının yeni imkanları müzakirə edilmiş, səfir Vervir ölkəmizdə internetin geniş yayılmasının, mobil rabitənin inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmasının, həmçinin İKT sahəsində istehsalın başlamasının dayanıqlı iqtisadiyyatın növbəti mərhələsinin inkişafında təkanverici qüvvə kimi qiymətləndirmişdir. O, həmçinin internetin qlobal idarəçiliyi üzrə internetin idarə edilməsi ilə bağlı forumun məhz 2012-ci ildə Azərbaycanda keçirilməsinin bütün Avrasiya ölkələri üçün faydalı olacağını vurğulamışdır. Görüş zamanı bir daha məlum olmuşdur ki, telekommunikasiya üzrə tədbirlərə Bakının ev sahibliyi etməsi yüksək qiymətləndirilir və məhz nüfuzlu şəxslər Azərbaycanın təşkilatçılığı ilə baş tutan belə tədbirlərdə iştirak etməkdə maraqlıdırlar. Görüşdə cari ilin 23-26 noyabr tarixlərində Bakıda keçiriləcək "BakuTel-2011" sərgi-konfransı ilə əlaqədar ona təqdim edilən dəvəti məmnuniyyətlə qəbul edən ABŞ-ın beynəlxalq rabitə və informasiya üzrə baş əlaqələndiricisi, səfir F. Vervir tədbirdə Dövlət Departamentinin katibinin müavini, xanım Klintonun qadın məsələləri üzrə səfiri xanım Milane Vervir, həmçinin ABŞ-ın İKT və telekommunikasiya üzrə aparıcı şirkətləri ilə birgə iştirak edəcəyini bildirmişdir.
Onu da deyək ki, ABŞ səfərinin əsas məqsədi Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı məsələlər təşkil etmişdir. Ölkəmizdə kosmik sənayenin yaradılması istiqamətində aparılan işlərlə bağlı geniş müzakirələr olmuş və bir sıra məhsuldar görüşlər keçirilmişdir. Amerikanın "Orbital Sciences Corporation" şirkətinin prezidenti cənab Devid Tompsonun dəvəti ilə şirkətin zavoduna baş çəkən nazir peykin hazırlanması prosesi ilə yaxından tanış olmuşdur.
ABŞ-ın "EXIM" Bankının Direktorlar Şurasının üzvü Bican Kianla görüşdə isə Azərbaycanın ilk süni peykinin "EXIM" Bank vasitəsilə aşağı faizli kreditlə maliyyələşdirilməsi məsələsi müzakirə olunmuşdur. Erməni lobbisinin Senatda qaldırdığı narahatçılıq nəticəsində yubanmaların qeydə alınması ilə bağlı fikir mübadiləsi də aparılmış və B. Kian Azərbaycan tərəfinin süni peykin istehsalı üçün "Orbital Sciences" şirkətini seçməsi və şirkətdə yeni iş yerlərinin açılması faktı fonunda ermənilərin narahatlığının əsassız olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində baş qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) Baş katibi Cose Toskano ilə görüş də Azərbaycanda kosmik sənayenin inkişafına yönələn vacib məqamlardan biri idi. C.Toskano Azərbaycanın son illərdə informasiya texnologiyaları sahəsində apardığı böyük işləri yüksək qiymətləndirərək transformasiyanın üzv ölkələr arasında nümunə kimi qeyd edildiyini bildirmişdir.
İtkin düşmüş və İstismar edilən Uşaqlara Yardım üzrə Beynəlxalq Mərkəzin (ICMEC) Virciniya ştatının Aleksandriya şəhərində yerləşən baş qərargahında bu təşkilatın rəhbəri xanım Nensi Dyub ilə görüşdə isə Azərbaycanda regional ofisin açılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yeri gəlmişkən, "BakuTel-2011" sərgisində iştirak edəcək ICMEC burada öz texnoloji nailiyyətlərini tədbir iştirakçılarına nümayiş etdirəcəkdir.
"Ronald Reagan Building"də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin təşkilati dəstəyi ilə təşkil olunan ikinci ABŞ-Azərbaycan İKT forumunda (Şərq sahili) Azərbaycanda İKT sahəsində aparılan islahatlar, regional əhəmiyyətli layihələr xüsusilə qeyd edilmiş, ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsində "texnoloji münasibətlər"in mühüm rol oynayacağı vurğulanmışdır.
Vaşinqtondan sonra növbəti əhəmiyyətli görüşlər ABŞ-ın San-Fransisko şəhərində baş tutmuşdur. Nazir Əli Abbasov professor Lütfi Zadə ilə birgə Kaliforniyanın tanınmış Berkli Universitetinin müəllim heyəti və rektorun beynəlxalq məsələlər üzrə müavini ilə görüşmüşlər. Görüşdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin Azərbaycan Respublikasının İKT sahəsində ixtisaslaşmış universitetləri ilə Berkli Universiteti arasında əməkdaşlıq münasibətləri müzakirə edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu və San-Fransisko Ticarət Şurasının birgə təşkilatçılığı ilə bu şəhərin "Qlobal Ticarət Şurası"nda 50-yə yaxın amerikalı sahibkara ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, potensial sərmayə qoyuluşu imkanları, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində iqtisadi əlaqələr, eləcə də ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlara dair məlumatlar verilmişdir. Toplantı çərçivəsində gələcəkdə San-Fransisko Ticarət Palatasına üzv şirkətlərin, həmçinin sərmayə qruplarının ölkəmizə artan marağını təmin etmək üçün Azərbaycan şirkətləri və Rabitə və İnformasiya Nazirliyinin dəstəyi ilə "on-line" konfransların keçirilməsi qərara alınmışdır. İlk belə konfransın cari ilin 23-26 noyabr tarixlərində "BakuTel-2011" sərgi-konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulmuşdur.
Toplantıdan sonra informasiya təhlükəsizliyi üzrə ABŞ-ın tanınmış "Symantec" şirkətinin baş direktoru Daniel Qreyvs və şirkətin Rusiya və MDB üzrə regional direktoru Nik Rossiter ilə görüş olmuşdur. Adıçəkilən şirkətin yeni məhsul və xidmətlərinə həsr olunmuş təqdimatda iştirak edən nazirə "Symantes"in Azərbaycanda həyata keçirilən layihələrdə iştirakına baxılması məsələsi təklif edilmişdir.
San-Fransisko Dövlət Universitetində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi və Berkli Universitetinin birgə təşkilatçılığı ilə "Qeyri-səlis çoxluqlar" nəzəriyyəsinin banisi, həmyerlimiz professor Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilən professor Lütfi Zadə də iştirak etmiş və orden rəsmi olaraq ona təqdim olunmuşdur. Öz növbəsində Lütfi Zadə açılış mərasimində çıxış edərək azərbaycanlı olaraq qürur hissi keçirdiyini və bundan sonra da Azərbaycan Respublikasının beynəlxalq elm cəmiyyətində təbliğ edilməsində öz töhfəsini verəcəyini bildirmişdir. Yeri gəlmişkən, professor Lütfi Zadə diqqət və qayğıya görə minnətdarlığını bildirərək demişdir: "Bu dostluq və diqqətdən çox məmnunam. Məni səmimi qəbul etdilər və bu medalı verdilər. Mən təkcə bu medalı yox, həm də belə isti münasibəti yüksək qiymətləndirirəm. Bu mənim üçün böyük dəyərdir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməliyəm. O çox nəcib, ağıllı və yüksək intellektə malik insandır. Ona görə də mən ona baş əyməliyəm".
Daha sonra "Microsoft" şirkətinin Vaşinqton ştatının Redmond şəhərində yerləşən baş qərargahında Azərbaycanın dövlət strukturlarına aid kompyuterlərdə istifadə olunan "Microsoft" proqramlarının lisenziyalaşdırılmasına dair sənəd imzalanmışdır. Eyni zamanda, şirkətin "Data Center"in vitse-prezidenti xanım Silviya Kanq ilə "Microsoft"un sayca 7-ci regional data mərkəzinin Azərbaycanda yerləşdirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Xatırladaq ki, bu ideya ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə şirkətin yaradıcısı cənab Bil Qeytslə keçirdiyi görüşdə səslənmişdir. Müzakirələr nəticəsində şirkətin maliyyəçi, hüquqşünaslar və strateji məsələlər üzrə mütəxəssislərindən ibarət qrupunun araşdırmalar apararaq qəti qərara gəlmələri üçün Azərbaycana səfərləri planlaşdırılmışdır. İlkin hesablamalara görə, sözügedən mərkəzin yaradılması üçün şirkət 500 milyondan 1 milyard dollara qədər vəsait xərcləməyi nəzərdə tutur.
Olduqca işgüzar keçən səfər kontekstində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə 4-cü ABŞ-Azərbaycan İKT forumu (Qərb sahili) da keçirilmişdir. Foruma təşrif buyurmuş ABŞ-ın işgüzar dairələrinin 150-yə yaxın nümayəndəsinə ölkəmizdə İKT sahəsində aparılan islahatlar, yerinə yetirilən dövlət proqramları, həmçinin regional əhəmiyyət kəsb edən layihələr, o cümlədən ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinə dair məlumat verilmişdir. Gələcəkdə İKT sahəsində tələbə və mütəxəssislərin hazırlanmasını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Cənubi Kaliforniya Universiteti arasında anlaşma memorandumu imzalanmışdır. Erməni rəsmilərinin, xüsusən də Ermənistan prezidenti və baş nazirinin son illər Kaliforniya ştatına, eləcə də San-Fransisko, Los-Anceles şəhərlərinə və Silikon vadisinə səfərləri və ermənilərin Kaliforniya ştatındakı uzun illərə söykənən iqtisadi və siyasi maraqları fonunda geniş tərkibli Azərbaycan nümayəndə heyətinin bu səfərini çox əhəmiyyətli hesab etmək olar. Səfər, həmçinin texnologiyalar sahəsində Kaliforniya ilə qurulmuş və uğurla inkişaf etdirilən qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı, ölkəmiz haqqında ABŞ ictimaiyyətinə həqiqətlərin çatdırılması və gələcək münasibətlərin daha geniş sahələri əhatə etməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı.
Ölkəmizin İKT sahəsində fəal əməkdaşlıq etdiyi ölkələrdən biri də Fransadır. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl sektor və qeyri-dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Fransada keçirdiyi görüşlər ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir.
BMT-nin Baş katibi Pan Gi Munun himayəsi altında yaradılmış Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın (RİGK) 3-cü iclası baş qərargahı Paris şəhərində yerləşən UNESKO-nun əsas binasında keçirilmişdir. Görüşdə 40-a yaxın komissiyanın daimi üzvü, yəni komissarlarla yanaşı, UNESKO-nun Baş direktoru xanım İrina Bokova, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Həmədan Ture, həmçinin komissiyanın həmsədri, meksikalı milyarder Karlos Slim də iştirak etmişlər. İclasa genişzolqlı internet infrastrukturu, həmçinin onun BTİ-nin üzv ölkələrində geniş yayılması imkanları araşdırılmış, müxtəlif ölkələrin "uğur ssenariləri" müzakirə edilmiş, hesabat və tövsiyələr zərfi hazırlanmışdır.
İclasda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf meyilləri, bu istiqamətdə həyata keçirilən dövlət proqramları, böyük layihə və regional tövsiylər, xüsusilə də BMT Baş Assambleyasının xüsusi qətnaməsi ilə qəbul edilmiş Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi və onun həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan kompleks işlər haqqında iclas iştirakçılarına məlumat verilmişdir. Öz növbəsində iclas iştirakçıları TASİM layihəsinin genişzolaqlı internetin inkişaf etdirilməsi istiqamətində son illərdə həyata keçirilən ən mütərəqqi tövsiyə olduğunu bildirmiş və Azərbaycan tərəfinin bu tövsiyəyə əlaqələndirici qismində qoşulmasının vacibliyini bildirmişlər.
Süni peykin orbitə çıxarılması ilə bağlı məsələ də Fransa səfərində müzakirəsi aktual olan mövzulardan olmuşdur. Qeyd edək ki, bir müddət əvvəl "Ariana Space" raket daşıyıcı şirkəti ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən ölkəmizin planlaşdırdığı digər süni peyklərin raket daşıyıcı ilə təmin olunmasında "Ariana Space" şirkətinin təkliflərinin hazırlanıb Azərbaycan tərəfinə təqdim olunması nəzərdə tutulmuşdur. "Ariana Space" şirkətinin prezidenti Can-İv Le Qalla keçirilən görüşdə mövcud münasibətlər fonunda gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və nəzərdə tutulan təkliflərin yaxın vaxtda Azərbaycan tərəfinə təqdim olunması qərara alınmışdır.
Səfər çərçivəsində Fransanın aparıcı siyasi xadimi, sənaye, energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla ikitərəfli görüş keçirilmişdir. Görüşdə ikitərfli münasibətlərdə informasiya texnologilayaları sahəsində əlaqələrin inkişaf etdirilməsi və bu münasibətlərin hüquqi zəmində reallaşdırılması üçün Fransa tərəfindən hər iki nazirliyin timsalında gələcəkdə hökumətlərarası sazişin imzalanması məqsədəuyğun hesab edilmişdir. Fransalı nazir Azərbaycanın ilk süni peykinin raket daşıyıcısının məhz fransız şirkət tərəfindən istehsal olunmasından razılığını bildirmiş və o, bunu "strateji seçim" adlandıraraq gələcəkdə Fransa-Azərbaycan münasibətlərinin dərinləşməsində müsbət meyil kimi qiymətləndirmişdir. Görüşdən sonra Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyi və Fransanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Rabitə və İnformasiya Nazirliyinin birgə təşkilatçılığı ilə birinci Fransa-Azərbaycan İKT forumu təşkil olunmuşdur.
Sonra şirkətlər öz fəaliyyətləri haqqında qarşılıqlı fikir mübadiləsi həyata keçirmişlər. Forumun sonunda "Bakutel-2011" sərgi-konfransı çərçivəsində ikinci Azərbaycan-Fransa İKT forumunun təşkil olunması və fransız şirkətlərinin nailiyyətlərinin "Fransa milli pavilyonu"nda nümayiş etdirilməsi qərara alınmışdır.
Hazırda Azərbaycanla Avstriya arasında, bütün sahələrdə olduğu kimi,İKT sektorunda da əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edən nazir Əli Abbasov burada "Dünya İqtisadi Forumu"nun (Davos Forumu) Avropa və Mərkəzi Asiya Sammitində iştirak etmişdir. Sammitin "İnfrastruktur layihələri" sessiyasında panelist kimi çıxış edən nazir ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, TRASEKA, "Şimal-Cənub" nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, həmçinin İKT sektorunda həyata keçirilən islahatlar, yerinə yetirilən dövlət proqramları, o cümlədən region üçün əhəmiyyətli İKT təşəbbüsləri, xüsusilə də TASİM layihəsi haqqında sessiya iştirakçılarına məlumat vermişdir.
Azərbaycan-Avstriya hökumətlərarası qarışıq komissiyasının Azərbaycan tərəfindən həmsədri kimi nazir Ə.Abbasov komissiyanın Avstriya tərəfindən həmsədri, bu ölkənin iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirinin müavini xanım Bernadette Qerlinqerlə, avstriyalı həmkarı Andreas Rayxardtla ikitərəfli görüş keçirmişdir. Görüşdə A.Rayxardt ölkəmizin əlverişli və strateji geosiyasi mövqedə yerləşməsinin, həmçinin dövlətimizin başçısı İlham Əliyevin yeritdiyi ağıllı və uzaqgörən xarici siyasətin Azərbaycanın siyasi-iqtisadi nüfuzunun artmasına və Avstriya üçün Cənubi Qafqaz regionunda yalnız Azərbaycana üstünlük verməsinə səbəb olduğunu, bunun nəqliyyat, həmçinin İKT infrastrukturlarında birgə əməkdaşlığa zəmin yaratdığını vurğulamışdır.
Göründüyü kimi, xarici əlaqələrin genişləndirilməsi, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, eləcə də Azərbaycanda İKT-nin inkişaf dinamikası ölkəmizə olan inamın getdikcə artmasına səbəb olur. Ən əsası isə dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən diqqət və qayğı ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında