Regional dövlət proqramlarının icrası son illər aqrar sahənin inkişafına, bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə böyük təkan vermiş, daxili istehsal hesabına əhalinin bir sıra əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsini yüksəltmişdir. Son 3 ildə kənd təsərrüfatında ümumi məhsulun artımı orta hesabla 2,5 faiz təşkil etmişdir. 2010-cu ildə ölkəmizdə baş vermiş təbii fəlakətlərə baxmayaraq aqrar sahədə ümumi artım 5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz olmuşdur.
Son illərdə ölkə iqtisadiyyatında əldə olunan misilsiz tərəqqi, iqtisadi inkişaf aqrar sahədə daha qabarıq nəzərə çarpır. Bununla belə, aqrar sahədə və ərzaq təhlükəsizliyinin təminatı istiqamətində qarşıda duran vəzifələr, görüləsi işlər də az deyil. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Bundan əvvəlki iclaslarda bu barədə tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları, infrastruktur yaradılsın və bu işlərə böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri öz həllini tapsın. Şübhə etmirəm ki, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək".
Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda ərzaq təhlükəsizliyinin ən mühüm seqmenti kimi məhz taxılçılığın inkişafı məqsədilə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Adıçəkilən dövlət proqramında taxılçılıqda məhsuldarlığın 32 sentnerə, istehsal həcminin isə 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə hər hektar taxıl əkini sahəsinə görə 40 manat kompensasiya verilməsi, buğda istehsalçılarına əlavə 40 manatın ödənilməsi, gübrə xərclərinin 70 faizinin dövlət hesabına kompensasiya edilməsi, kənd təsərrüfatının torpaq vergiləri istisna olmaqla bütün digər vergilərdən bir daha azad edilməsi, elit və yüksək reproduksiyalı toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması da məhz həmin məqsəddən irəli gəlir. Dövlət başçısı ikinci regional Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məsələnin vacibliyinə bir daha diqqət çəkməklə görüləsi işlərlə əlaqədar fikirlərini bildirmiş, müvafiq qurumlara konkret tapşırıqlarını vermişdir. Sözügedən məsələlərin həlli məqsədilə Prezident həmçinin kənd təsərrüfatının intensiv şəkildə inkişafının vacibliyini gündəmə gətirməklə yanaşı, yeni əkin sahələrinin də dövriyyəyə çıxarılmasını vacib saymışdır.
Bu gün respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsi getdikcə artırılmaqdadır. Xatırlatmaq yerinə düşər ki, 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1017,8 min hektarda şum qaldırılmış, dən və yaşıl yem üçün 925,9 min hektar, o cümlədən, 915,2 hektarda dən üçün payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil etmişdir. Kənd təsərrüfatının prioritet sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam etmiş, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır. 2010-cu ildə kənd təsərrüfatının inkişafı məqsədi ilə 13,405 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Görülmüş tədbirlər məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət etmişdir. Belə ki, güzəştli kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yeri açılmışdır. Görülmüş tədbirlər nəticəsində ümumilikdə aqrar sahə üzrə 13 min 495 iş yeri açılmışdır ki, ondan 7 min 483-ü daimidir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, yanvar-mart aylarında "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində 25 milyon manat vəsait yönəldilmişdir. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə ciddi diqqət yetirilir, xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Məhz elə bunun nəticəsidir ki, investisiya layihələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır. Artıq müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi müəssisəsinin, 500 başlıq südlük istiqamətli cins qaramal heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir.
Bu ilin əvvəlində aqrar sahəyə dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına iri həcmli, uzun müddətli kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması və genişləndirilməsi, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi preparatların alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 4,5 milyon manat vəsait yönəldilmişdir. Beləliklə, görülmüş tədbirlər sayəsində dövlət həm istehlakçının, həm də istehsalçının mənafeyini nəzərə alan iqtisadi fəaliyyət rejimi formalaşdırmış, əhalinin alıcılıq qabiliyyəti və istehsal fəallığının yüksəldilməsi üçün əlverişli mühit formalaşdırılmışdır.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanda sənayeləşmə prosesi daha da sürətlə getməlidir, sənayemiz çoxşaxəli olmalı, çox güclü sənaye potensialı yaradılmalı, müasir infrastruktur qurulmalı, bir neçə ildən sonra neft amilindən asılılıq tamamilə aradan qaldırılmalıdır. Dövlət başçısının qarşıya qoyduğu bu taleyüklü vəzifələrin yerinə yetirilməsində müasir aqroemal sənaye müəssisələrinin yaradılması ön plana çəkilir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, aqrar sahənin iqtisadi səmərəliliyinin yüksəldilməsində, rəqabət qabiliyyətinin artırılmasında məhz bu inkişaf istiqaməti əsas götürülür.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsasını təşkil edən aqrar sahənin inkişafının yeni hədəflərinin əsası qoyulur, sosial və istehsal infrastrukturun inkişafı, regional proqramların yerinə yetirilməsi, kənd ərazilərinin inkişafı, kənddə həyat tərzinin müasirləşdirilməsi, kənd iqtisadiyyatının inkişafı və alternativ iş mühitinin formalaşdırılması, kənd təsərrüfatının və kəndin çoxfunksiyalılığının gündəmə gətirilməsi ölkənin daha da qüdrətlənməsinə və əhalinin firavan həyat sürməsinə geniş imkanlar açacaqdır.
Qarşıda duran başlıca vəzifələrdən biri də məhsul istehsalçılarının zəruri kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarla təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən, onun itkisiz yığılmasını təmin etməkdən və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu tədbirlərin həyata keçirilməsində Azərbaycan Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamının böyük əhəmiyyəti olmuşdur. Həmin sərəncama əsasən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
Cəmiyyət dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə verilməsini və ya satılmasını, kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan mineral gübrələrin, pestisidlərin, toxumların, tinglərin, cins damazlıq heyvanların güzəştlə satılmasını həyata keçirməkdən ibarətdir.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başladığı gündən (2005-2010-cu illər ərzində) 10951 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları almışdır. Bunlardan 990 ədəd taxıl biçən kombayn, 3045 ədəd traktor, 140 ədəd ekskavator, 6776 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, maşınları və qoşqular alınmışdır.
2005-2010-cu illər ərzində Cəmiyyət tərəfindən alınmış texnikalardan 4693 ədədi; o cümlədən 96 ədəd taxılyığan kombayn, 1434 ədəd traktor, 64 ədəd ekskavator, 383 ədəd taxıl səpən, 647 ədəd otbiçən, 217 ədəd ot-küləş presləyən, 194 ədəd çiləyici, 1154 ədəd kotan və 504 ədəd digər kənd təsərrüfatı texnikaları mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. 2011-ci ilin üç ayı ərzində 696 ədəd müxtəlif təyinatlı texnikalar kənd əməkçilərinə lizinqə verilmişdir.
Son dövrlər ərzində kənd təsərrüfatı sahəsində aparılan əsaslı islahatlar nəticəsində kənd təsərrüfatı iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi üçün respublikaya məhsuldar cins damazlıq heyvanların gətirilməsi zərurəti yaranmışdır. Bundan əsas məqsəd respublikada məhsuldar cins damazlıq heyvanların bazasını yaratmaq və onun hesabına ölkədə mövcud az məhsuldar yerli aborogen heyvanların cins tərkibinin yaxşılaşdırılmasından və nəticədə ölkədə ət və süd məhsulu istehsalının artırılmasından ibarətdir. Mövcud sahəyə dövlət başçısı lazımi miqdarda vəsaitin ayrılması məqsədi ilə müvafiq sərəncamlar vermişdir.
Respublikaya cins damazlıq heyvanların alınmasına dövlət dəstəyi olaraq "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 2008-ci ildə 3,5 milyon manat, 2009-cu ildə 3 milyon manat, 2011-ci ildə isə 5 milyon manat vəsait ayrılmışdır. Dövlət vəsaiti hesabına respublikaya cins damazlıq heyvanların gətirilməsi və həmin heyvanların kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli qaydalar əsasında satılması haqqında Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli qərar vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi əsasında bölgələrdə iri tutmlu 200, 400, 500 və 1000 başlıq heyvandarlıq kompleksləri inşa olunmaqdadır. Ağdaş, Ağcabədi, Ağdam, Kürdəmir və s rayonlarda iri tutumlu heyvandarlıq komplekslərinin inşası 2011-ci ildə başa çatdırılacaqdır. Həmin heyvandarlıq komplekslərini damazlıq heyvanlarla təmin edilməsi mühüm və çox əhəmiyyətli bir məsələ kimi qarşıda durur.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.