Sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet xəttini təşkil edir

Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Azərbaycan sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli adlanan bu model sayəsində respublikamız gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet xəttini təşkil edir. Məhz bunun sayəsində Azərbaycan gündən-günə inkişaf edir, insanların sosial-iqtisadi rifahı getdikcə yaxşılaşır. Bu mənada, cari ilin beş ayının sosial-iqtisadi yekunlarını ölkəmiz üçün hər cəhətdən uğurlu saymaq mümkündür.
Ümumiyyətlə, bu ilin may-iyun ayları ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalmışdır. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi, öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirmişdir.
Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2011-ci ilin ötən beş ayı ərzində 17,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 65 faizi məhsul istehsalı sahələrində, 28,7 faizi xidmət sahələrində yaradılmış, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 1952,4 manat (2459,9 ABŞ dolları) təşkil etmişdir. Əlavə dəyərin 52,3 faizi neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 4,3 faiz azalmış, qeyri-neft sektorunda isə 6,6 faiz artmışdır.
Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 12,4 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 75,2 faizi mədənçıxarma bölməsində, 18,4 faizi emal bölməsində, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,6 faiz artmışdır.
Mədənçıxarma bölməsində 20 milyon ton neft, 10,7 milyard kubmetr qaz hasil olunmuşdur. Emal bölməsində məhsul buraxılışı 7,3 faiz artmış, o cümlədən qida məhsulları istehsalı 8,5 faiz, içki istehsalı 27,9 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 23,9 faiz, geyim istehsalı 18,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 18,3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 41,3 faiz, kağız və karton istehsalı 45,2 faiz, poliqrafiya fəaliyyəti 2,2 faiz, neft məhsulları istehsalı 4,4 faiz, kimya sənayesi məhsulları istehsalı 27,5 faiz, rezin və plastmas məmulatların istehsalı 0,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 66,7 faiz, elektrik avadanlıqları istehsalı 63,9 faiz, maşın və avadanlıqların istehsalı 21,5 faiz, avtomobil və qoşquların istehsalı 56,7 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 8,5 faiz artmış, istehsal edilmiş 8,3 milyard kilovatsaat elektrik enerjisi ötən ilki səviyyədən 6,2 faiz yüksək olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 9,5 faiz artmışdır
Aqrar bölmədə yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 376,3 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, o cümlədən 28,3 min hektar sahədə dənli və dənli paxlalılar, 31,9 min hektar sahədə dən üçün qarğıdalı, 64 min hektar sahədə kartof, 77,3 min hektar sahədə tərəvəz, 41,9 min hektar sahədə pambıq, 31 min hektar sahədə bostan bitkiləri, 7,2 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1339 hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 196 ton taxıl, 48,7 min ton kartof, 65,1 min ton tərəvəz, 4,8 min ton meyvə və giləmeyvə, 276 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində 167,5 min ton diri çəkidə ət, 652,5 min ton süd, 441,2 milyon ədəd yumurta, 12 min ton yun istehsal olunmuş, 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,6 faiz, süd istehsalı 8,4 faiz, yun istehsalı 11,8 faiz artmşdır. Beləliklə, beş ay ərzində ötən illə müqayisədə 5,3 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 3,4 milyard manat məbləğində vəsait yönəldilmiş, 2 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür. Vəsait qoyuluşu 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,1 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 0,1 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 2,6 milyard manatını və ya 75,9 faizini daxili vəsaitlər təşkil etmiş və ötən ilki səviyyədən 9,6 faiz, xarici investisiya 20,7 faiz yüksək olmuşdur.
Yanvar-may aylarında ümumi sahəsi 521,1 min kvadratmetr yaşayış evləri, 1516 şagird yerlik ümumtəhsil məktəbləri, 140 yerlik klub, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya idman kompleksi, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Cinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu və süd məhsulları kombinatı, şahmat məktəbi, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya idman kompleksi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar və Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlili-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verimişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 3475,5 milyon manat vəsaitin 964,4 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 5,5 faiz artaraq 80,6 milyon tona, daşınmış sərnişinlərin sayı isə 6,2 faiz artaraq 570,7 milyon nəfərə bərabər olmuşdur.
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 472,6 milyon manatlıq, yaxud 2010-cu ilin müvafiq dövründəkindən 17,7 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 73,5 faizi bilavasitə əhaliyə göstərilmiş və 22,1 faiz artmışdır.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 8,1 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,6 faiz artaraq 6,2 milyard manata, pullu xidmətlərin həcmi isə 8,8 faiz artaraq 1,9 milyard manata çatmışdır. İstehlak mallarının 14,5 faizi hüquqi şəxslər, 40,5 faizi yarmarkalar və bazarlar, 45 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Yanvar-aprel aylarında 127 xarici ölkə ilə 10.7 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 74,7 faizi və ya 8,7 milyard dollarlığı uzaq xarici ölkələrlə, 25,3 faizi, yaxud 2 milyard dollarlığı MDB üzvü olan dövlətlərlə aparılmışdır. Xarici ticarət dövriyyəsinin 68,2 faizi Avropa, 21,2 faizi Asiya, 9,7 faizi Amerika, 0,8 faizi Afrika qitələrinin ölkələri və 0,1 faizi Okeaniya ilə aparılmışdır.
Dörd ay ərzində 8 milyard dollarlıq məhsul ixrac olunmuş, 85,7 faizi və ya 6,8 milyard dolları uzaq xarici ölkələrin alıcılarının payına düşmüş, MDB üzvü dövlətlərinə göndərilmiş malların məbləği isə 1,2 milyard dollar olmuşdur.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 2,7 milyard dollar olmuşdur. Uzaq xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 1,9 milyard dollar, MDB üzvü ölkələrindən isə 825,5 milyon dollar təşkil etmişdir. Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5,3 milyard dollar çox olmuş və bir o qədər müsbət saldo yaranmışdır.Yanvar-aprel aylarında ölkəyə 10,3 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 349,6 manata, hər bir nəfərə düşən gəlirlər isə yanvar-may aylarında 15 faiz çoxalaraq 1241,8 manata çatmışdır.
May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9 faiz ucuzlaşmış, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayın səviyyəsində qalmışdır. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri 4,1 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 4 milyard manat vəsait daxil olmuş, büdcədən 2,8 milyard manat vəsait xərclənmiş və 1,2 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 8,9 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 973,3 milyon manatı və ya 34,5 faizi iqtisadiyyatın inkişafına, 452,9 milyon manatı (16,1 faizi) sosial müdafiə və sosial təminata, 465,3 milyon manatı (16,5 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 41,4 faizi və ya 1,2 milyard manatı sərf olunmuşdur.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 8,6 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 11,2 faiz artmışdır. Verilmiş kreditlərin 5,8 milyard manatı uzunmüddətli olmuşdur.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 35,7 faiz artaraq may ayının 1-nə 3,4 milyard manata çatmışdır.
Yuxarıda sadalanan statistik göstəricilər onu deməyə əsas verir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi-iqtisadi kurs Azərbaycanı hədəflərinə, böyük uğurlara aparan ən doğru-düzgün yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda reallaşdırılan sosial-iqtisadi islahatların sürətlənməsi yola saldığımız ötən beş ayda da inkişaf dinamikasının daha da möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın modernləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında