Milli mənafeyə və sosial rifaha xidmət edən iqtisadi inkişaf strategiyası

Üç ilə yaxındır ki, qlobal maliyyə böhranı dünyanın ən aparıcı və inkişaf etmiş nəhəng dövlətlərini belə bir çox çətinliklərlə üz-üzə qoymuş və onların sosial-iqtisadi inkişafının qarşısında ciddi əngələ çevrilmişdir. Lakin müstəqilliyinin hələ ikinci onilliyi belə tamam olmamış Azərbaycan özünün sabit iqtisadi inkişaf tempi ilə bütün dünyanı heyrətdə qoymaqdadır. Heç də təsadüfi deyil ki, artıq tarixə çevrilmiş və bir çox dövlətlər üçün iqtisadi baxımdan uğursuzluq gətirən il kimi yadda qalan 2009-cu ildə Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətinə görə Azərbaycanı dünyanın 133 ölkəsi arasında 51-ci yerə, Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası isə biznes mühitində islahatların keçirilməsinə görə 181 ölkə arasında 33-cü yerə layiq görmüş və hazırda respublikamız məhz bu parametrlərə görə MDB məkanında lider ölkə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çox haqlı olaraq qeyd edir ki, "dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik.
... 2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir".
Dövlət başçısının qürur doğuran bu ifadələrini eşidərkən qeyri-ixtiyari tarixin ən yaxın keçmişinə boylanmaya bilmirsən. Sadəcə, 1993-cü ilin ortalarına, ölkəmizin "ölüm ya olum" dilemması qarşısında qaldığı, xalqın bütün ümidlərinin böyük dahi Heydər Əliyevə dikildiyi o tarixi məqamlara qayıdırsan. Və bu günümüzə dəyər verərkən, tərəddüd etmədən belə qərara gəlirsən ki, qloballaşan XXI əsrdə müstəqil Azərbaycanın imza atdığı bu "tarixi nailiyyət", əsası müstəqil Azərbaycanımızın şərəf simvolu olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamızın inkişaf və tərəqqi strategiyasını möhtərəm Prezidentimiz cənab İlham Əliyev çox böyük uzaqgörənliklə, yaradıcı şəkildə və qətiyyətlə davam etdirir.
Ulu öndər Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanın nəinki mədəniyyətini, tarixini, iqtisadiyyatını, hətta onun perspektiv inkişaf yollarını, təbii resurslarını, regiondakı strateji əhəmiyyətini belə çox gözəl bilirdi. Bu postsovet ölkəsində çox şeyləri o, öz ağlı, iti zəkası, siyasi uzaqgörənliyi və nüfuzu ilə özü qurmuşdu. Lakin 1993-cü ildə onun qurub-yaratdıqları naşı rəhbərlər tərəfindən dağıdılmışdı, ölkənin sənaye infrastrukturu çökmüş, sosial-iqtisadi böhran son həddə çatmışdı. Ölkənin siyasi nüfuzundan, beynəlxalq imicindən isə danışmağa belə dəyməzdi. Ölkədə vəziyyətin nə vaxtsa düzələcəyini, ən azından bugünkü tərəqqi və inkişafı ağlına belə gətirən yox idi.
Lakin bütün bunlardan güclü olan və yüksəkdə duran bir şey var idi. Azərbaycan xalqının öz dahi oğlu Heydər Əliyevə, onun möcüzə yaradacağına və müstəqilliyin yeganə xilaskarı olacağına böyük inam və ümidi. Ulu öndəri qələbəyə, qətiyyətə ruhlandıran əsas amillərdən biri də məhz bu idi.
Təbii ki, iqtisadi potensialın, neft amilinin hansı inkişaf vəd etməsi məlum idi. Lakin ölkənin iqtisadi potensialını hərəkətə gətirmək, infrastrukturu bərpa etmək, hamının göz dikdiyi neft ehtiyatlarını dövlətin və xalqın mənafeyinə xidmətə yönəltmək, dünya bazarına çıxarmaq üçün sərmayə - həm də çox böyük sərmayə tələb edilirdi. Ümummilli lider çox incə diplomatiya ilə özünün neft strategiyasının konturlarını çəkirdi. O, təzyiqlərin və hədələrin olacağını bilirdi. Ancaq qorxub geri çəkilmək bu şəxsiyyətin xarakterində yox idi.
Beləcə, ölkədə və ondan kənarda bütün vasitələrlə, hətta dövlət başçısı Heydər Əliyevə sui-qəsd cəhdləri törətməklə "Əsrin müqaviləsi"nin qarşısını almağa çalışırdılar. O vaxt bu möcüzəyə inanmayıb, onu əfsanə sayan nadanlar da az deyildi. Lakin Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti, mətinliyi, dəmir iradəsi, zəkası və siyasəti bunların hamısına qalib gəldi.
Məhz bu qələbədən sonra Azərbaycanın həm beynəlxalq aləmdə siyasi nüfuzu, həm də sabit və etibarlı partnyor kimi mövqeyi sürətlə möhkəmlənməyə başladı. İqtisadiyyatımız dərin iflas və böhrandan qurtararaq inkişaf xəttinə çıxdı, xarici investisiya Azərbaycanın neft sektoru ilə yanaşı, digər infrastruktur sahələrə də yeni həyat verdi. Əhalinin sosial rifah halı tədricən yaxşılaşmağa başladı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə diqqət artdı. Millət atası Heydər Əliyevin çox böyük uzaqgörənliklə və qətiyyətlə həyata keçirməyə başladığı sürətli aqrar islahatlar Azərbaycanın kənd təsərrüfatına yeni həyat verdi. Sahibkarlıq fəaliyyətinin genişlənməsinə məhz Heydər Əliyev himayəsi bu sahənin daha böyük cəsarətlə və sürətlə ölkənin iqtisadi yükünü öz üzərinə götürməsinə imkan verdi.
İstər iqtisadiyyatda, istərsə də daxili və xarici siyasətdə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bu inkişaf xətti, 2003-cü il prezident seçkilərindən sonra Azərbaycanın yeni, gənc, ancaq son dərəcə vətənpərvər, qətiyyətli, enerjili lideri Prezident cənab İlham Əliyev tərəfindən yeni dinamik inkişaf mərhələsinə daxil oldu.
İqtisadi təhlillər aydın göstərir ki, 2009-cu ildə qlobal maliyyə böhranının davam etdiyi bir şəraitdə MDB ölkələrində ümumi daxili məhsul 9 faiz azaldığı halda Azərbaycanda bu göstərici 9,3 faiz artmışdır. Bütövlükdə ölkədə sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı 3,5 faiz artmış və ilk dəfə olaraq ölkədə rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilmişdir.
Bu inkişaf dinamikası 2010-cu ilin birinci rübündə də davam etmiş və dövlət başçısının qeyd etdiyi kimi bu müddətdə "iqtisadiyyat 5,4 faiz artmışdır". Burada sənaye istehsalının artımı 5,6 faiz, qeyri-net sektorunun artımı 2,8 faiz, kənd təsərrüfatının artımı isə 1,5 faiz təşkil etmişdir. Ötən il adambaşına düşən ümumi daxili məhsul 3917 manat, yaxud 4874 dollar təşkil etmiş, yoxsulluq səviyyəsi 13,2 faizdən 11 faizə düşmüş, il ərzində orta aylıq əmək haqqı 68 faiz artaraq 298 manata, əhalinin banklardakı əmanətlərinin həcmi 12 faiz artaraq 2,2 milyard manata çatmışdır.
Xüsusilə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, vaxtı ilə sərmayə axtarışında olan ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğu və güclü infrastruktur layihələrin reallaşdırıldığı təkcə 2009-cu ildə Azərbaycana 9,2 milyard dollar sərmayə yatırılmışdır ki, bunun da 7,2 milyardı daxili sərmayələrdir. Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, bilavasitə 1993-cü ildən sonra ölkəmizin iqtisadiyyatına 66,2 milyard dollar investisiya qoyulmuşdur ki, onun da 53,2 milyard dolları, başqa sözlə 80 faizi son altı ildə təmin edilmişdir.
Qlobal maliyyə böhranının əngəllərinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları sürətlə artmaqdadır. 2010-cu ilin I rübünün yekunları ilə bağlı müşavirədə möhtərəm Prezidentimiz bu uğuru xüsusi vurğulayaraq qeyd etdi ki, "bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil, lakin ölkə iqtisadiyyatına qoyulan sərmayələr yüksək səviyyədədir.
Əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatımızı yığaq, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək"...
Hələ ulu öndər Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında prioritet hesab etdiyi əsas məsələlərdən biri - Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması idi və bu istiqamətdə Prezident İlham Əliyevin gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Bu strateji istiqamətdə dövlət başçısının qəbul etdiyi qərarlar və onların icrasına nəzarət artıq öz bəhrəsini verməkdədir. Təkcə ötən 2009-cu ildə respublikamızda 840 meqavat enerji gücü yaradılmışdır. Məhz bunun sayəsində möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, "xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır... 2010-cu ildə görüləcək işlər nəticəsində ən azı əlavə 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, xaricə böyük həcmdə elektrik enerjisi satmaqla məşğul olacaq".
Bütün bunlarla bərabər, dövlət başçısı ölkədə sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, ölkədə əlverişli biznes mühitinin yaradılmasına və sahibkarlığın inkişaf etdirilməsinə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə ötən ildə sahibkarlara 130 milyon manat güzəştli kredit verilmiş və kənd təsərrüfatı istehsalçılarına isə əlavə 59,8 milyon manat vəsait ayrılmışdır.
Şübhəsiz bütün bunlar son nəticədə ölkə əhalisinin sosial rifah halının durmadan yaxşılaşmasına xidmət edir. Lakin dövlət bunlarla kifayətlənməyib, son illər aztəminatlı ailələrə ünvanlı sosial yardımı artırmaqda davam edir. Ən yaxın keçmişdə - 2009-cu ildə bu məqsədlə 180 milyon manat vəsait ayrılmışdır ki, bu da 700 min nəfəri əhatə etmişdir.
Bütün bunlardan danışarkən, Azərbaycanın başdan-başa tərəqqisinə və sosial-rifah halının durmadan yaxşılaşmasına xidmət edən regionların sosial-iqtisadi inkişafının dövlət proqramlarına toxunmamaq mümkün deyil. Əslində bu proqramlar ölkənin strateji inkişaf modelinin mühüm bir elementidir. Dövlət Proqramları dövlət başçısının regionlara son dərəcə böyük diqqətinin bir göstəricisi olmaqla bərabər, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq abadlıq işlərinin geniş vüsət almasına xidmət edir.
Statistik göstəricilərə görə güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür. Sosial proqramların icrasının uğurla davam etdirilməsi nəticəsində təkcə ötən il ölkədə 64 məktəb, 54 səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir edilmiş, regionlarda 5 böyük olimpiya kompleksi tikilib istifadəyə verilmişdir.
Bütün bunlar bir daha onu göstərir ki, məhz möhtərəm Prezidentimizin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan bir çox regional sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, iqtisadiyyatın idarə olunmasında tətbiq etdiyi çevik mexanizmlər və bu istiqamətdə qəbul etdiyi prinsipial və qəti qərarlar, Azərbaycanda artıq milli mənafelərə və sosial rifaha xidmət edən milli iqtisadi inkişaf modelini formalaşdırmışdır.
Respublikamızın nəqliyyat, energetika, kənd təsərrüfatı infrastrukturunun yenidən və ən müasir tələblər səviyyəsində qurulması, Milli Ordunun möhkəmləndirilməsi, ölkədə müdafiə sənayesinin yaradılması və inkişafı, təhsildə, səhiyyədə köklü islahatların aparılması və bir çox digər işlər, şübhəsiz bir mərama, bir məqsədə - müstəqil Azərbaycanın dünyanın qabaqcıl dövlətinə çevrilməsinə xidmət edir.
Unutmaq olmaz ki, bu işdə Azərbaycan təhsilinin üzərinə də çox böyük vəzifələr düşür. Hələ 1998-ci il martın sonunda Prezident Heydər Əliyev təhsil sahəsində islahatlar aparmaq üçün komissiya yaradılması haqqında sərəncam imzalayarkən, inkişaf və tərəqqinin ən önəmli şərtlərindən birinin məhz yüksək hazırlıqlı, ali təhsilli kadrların yetişdirilməsində görürdü. Sovet hakimiyyəti illərində də azərbaycanlıların SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinə ciddi səy göstərən ulu öndər ölkənin gələcəyinin məhz bu sahədən daha çox asılı olduğunu bilirdi.
Şəxsən Heydər Əliyevin özünün iştirakı ilə hazırlanan "Təhsil islahatı proqramı" 1999-cu il iyunun 15-də Prezident tərəfindən təsdiq edildikdən sonra təhsil sahəsində çoxdan mövcud olan bir çox problemlər real həllini tapmağa başladı. Bu gün qətiyyətlə demək olar ki, ötən 11 il müddətində Azərbaycanın təhsil sistemində çox ciddi və mühüm addımlar atılmışdır. Təbii ki, buna əsas səbəb "təhsil Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir", - deyən ölkə Prezidenti İlham Əliyevin də bu sahəyə xüsusi önəm verməsi olmuşdur.
Həyata keçirilən əhəmiyyətli tədbirlər, islahatlar özünü çox gözlətmədi. Ümumi orta təhsil sistemində keyfiyyət göstəriciləri sürətlə dəyişməyə başladı. Son beş ildə qəbul imtahanlarında, 600-dən çox bal toplayanların sayı 2 dəfədən çox artaraq 766-dan 1582 nəfərə çatdı. Ali məktəblərə qəbul olunan abituriyentlərin orta bal göstəriciləri xeyli yüksəldi.
2005-ci ilin mayında Azərbaycanın ali təhsil sistemi rəsmi olaraq Boloniya prosesinə qoşuldu və Boloniya bəyannaməsinin tələblərinə uyğun olaraq, ali məktəblərdə sürətli islahatlar başladı və bu gün artıq Azərbaycanda yeni ali məktəb formalaşmağa başlayıb. Bu gün təhsilin ayrı-ayrı sahələrinin inkişafına yönəlmiş 14 dövlət proqramı üzrə tədbirlər görülür.
Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu günün özündə belə Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil almaları üzrə dövlət proqramı həyata keçirilir. Bu gün 4 mindən artıq gənc Azərbaycandan kənarda təhsil alır.
Görülən işlərdən və əldə olunan uğurlardan bu nəticəyə gəlmək olur ki, Prezident İlham Əliyevin düşüncəsinin, zəkasının və idarəçilik məharətinin məhsulu olan Azərbaycanın milli iqtisadi inkişaf modeli milli mənafeyə və xalqın sosial rifahına xidmət edir və Azərbaycanı dünyanın qabaqcıl tərəqqi etmiş, sivil dövlətinə çevirmək məramı daşıyır.

{nl}

Dilfərə MƏMMƏDOVA, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında