Şriftin ölçüsü:
11.06.2011 11:44 | Oxunma sayı: 728
Bu günlərdə dünyanın iri neft şirkətləri ölkəmizin paytaxtında yenidən bir araya gəldilər. İyun ayının 7-dən 10-dək Bakı Sərgi Mərkəzində keçirilən "Xəzər neft-qaz, neft emalı və neft kimyası sərgi və konfransı" tanınmış şirkətlərin öz nailiyyətlərini və potensial imkanlarını nümayiş etdirmək baxımından olduqca əhəmiyyətli bir tədbir idi. Adıçəkilən tədbir həm də Xəzər regionunda, eləcə də dünyanın digər ərazilərində neft-qaz hasilatı və nəqli sahəsində fəaliyyət göstərən şirkətlər arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyırdı. Məhz buna görə də "Xəzər neft-qaz" sərgisini çox zaman əməkdaşlıq və dostluq sərgisi də adlandırırlar.
Sərginin ekspozisiya sahəsinin ilbəil artması isə bütün dünya şirkətlərinin ölkəmizin neft-qaz sektoruna olan tükənməz marağından xəbər verir. Bu da təsadüfi deyil. Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilir və Azərbaycanın neft sənayesi özünün intibah dövrünü yaşayır. Bu dirçəlişin əsası isə 1994-cü il sentyabr ayının 20-də imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulmuşdur. Artıq sözügedən müqavilə çərçivəsində əldə olunmuş uğurlar bir neçə ildir ki, ölkəmizin iqtisadi cəhətdən güclənməsinə və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir.
Qeyd etdiyimiz kimi, ilk dəfə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirilən "Xəzər neft-qaz" sərgi və konfransı Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, ölkəmizin geniş nəql imkanları haqqında daha ətraflı məlumat əldə etmək, həmçinin bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərlə daha yaxından tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.Yeri gəlmişkən, builki tədbirdə dünyanın 27 ölkəsindən 285 şirkətin iştirak etməsi və iri dövlətlərin sərgiyə xüsusi önəm verməsi ənənəvi "Xəzər neft-qaz sərgisi"nə getdikcə artmaqda olan beynəlxalq marağın nəticəsidir. Elə söhbət etdiyimiz sərgi iştirakçılarının fikirləri də bunu sübut edir. Aşağıda həmin rəyləri təqdim edirik.
Turxan Əhmədov, bp Azərbaycan şirkətinin daxili əlaqələr şöbəsinin əməkdaşı: - bp şirkəti Azərbaycanda 17 ildən çoxdur ki, fəaliyyət göstərir. Şirkət indiyədək Azərbaycanın neft-qaz sektoruna 30 milyard dollardan çox sərmayə yatırıb. Bu vaxta qədər görülən işlər hamıya yaxşı məlumdur. "Azəri-Çıraq-Günəşli" neft və "Şahdəniz" qaz-kondensat yataqlarını xatırlatmaq kifayətdir.Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, "Azəri- Çıraq- Günəşli" bloku dünyanın ən böyük dəniz neft yatağıdır. "Şahdəniz" qaz-kondensat yatağı isə hazırda bp-nin işlədiyi yataqlar sırasında ən böyüyüdür. Bu yataqlardan çıxarılan neft və qaz həm Azərbaycanın ehtiyacları üçün sərf olunur, həm də dünya bazarlarına nəql edilir.
Hazırda bp tərəfdaşları ilə birlikdə tamamilə yeni bir layihə - "Çıraq" neft layihəsi üzərində işləyir. Xəzər hövzəsini Qərbi Avropa ilə birləşdirəcək "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi işləri isə getdikcə sürətlənir. Biz istismar əməliyyatları ilə yanaşı, geoloji-kəşfiyyat işləri də aparırıq. Elə bu yaxınlarda Azərbaycan Respublikasının Milli Məclis "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqda bp ilə ARDNŞ arasında imzalanmış hasilatın pay bölgüsü sazişini ratifikasiya etdi. Bu bir daha göstərir ki, bp şirkəti Azərbaycanda uzunmüddətli işlər görür. Bizim başlıca məqsədlərimizdən biri də ətraf mühitə zərər vurmadan işləməkdir.
Bütün bunları göstərməkdə və fəaliyyətinin şəffaflığını nümayiş etdirməkdə neft-qaz sərgisi bp üçün bir vasitədir. Məmnunuq ki, sərgiyə tamaşa etməyə ən müxtəlif sənət sahibləri gəlir və biz Azərbaycan xalqına gördüyümüz işlər barədə ətraflı məlumat vermək imkanı qazanırıq.
Daniela Ruttenat, RWE şirkətinin daxili əlaqələr üzrə rəhbəri: - Biz sərgidə Almaniyanın neft istehsalı ilə məşğul olan şirkətini təmsil edirik. RWE Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. ARDNŞ-lə "Naxçıvan" yatağının işlənməsi barədə memorandum da imzalamışıq. Lakin istehsalat sertifikatı olmadığından hələ qazma işlərinə başlamamışıq. Bu ilin sonu - gələn ilin əvvəllərində qazmaya başlamaq niyyətindəyik.
Məlumat üçün bildirmək istəyirəm ki, RWE dünyanın 14 ölkəsində fəaliyyət göstərir. Ötən illərdə Şimal dənizində çalışaraq zəngin iş təcrübəsi toplamışıq. Biz Xəzəryanı regionda işləməyə də xüsusi önəm veririk. Azərbaycandan başqa Türkmənistanda da layihələrimiz var.
Azərbaycanda keçirilən bu sərgini yüksək qiymətləndiririk. Çünki bu tədbir planlarımızı reallaşdırmaqda bizə kömək edir. Elə indidən qərara gəlmişik ki, gələn il də bu sərginin iştirakçısı olaq. Sərgi yüksək səviyyədə təşkil olunmuşdur. Burada hər şey olduqca gözəldir. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin sərgi ilə tanışlığı zamanı şirkətimizin stendi ilə maraqlanması bizə olduqca xoş təsir bağışladı.
Araz Cavadov, Fransanın "Schlumberger" şirkətinin qazma və ölçmə seqmentinin sahə mühəndisi: - Şirkətimiz 16 il ərzində Azərbaycanın neft-qaz hasil edən şirkətlərinə müxtəlif xidmətlər göstərmişdir.Bununla da şirkət ölkəmizin inkişafına mühüm töhfələr vermişdir.
"Schlumberger" şirkəti hazırda podratçı kimi Azərbaycanın bir sıra yataqlarında iş aparır. Yəni, neft-qaz hasil edən şirkətlərin sifarişlərini yerinə yetirir. Quyuların qazılması, geofiziki araşdırmalar, qazma zamanı ölçmə əməliyyatları, konsaltinq və s. bizim fəaliyyətimizi təşkil edən işlərdir. Qürur hissilə demək istəyirik ki, ARDNŞ-in öz gücü ilə kəşf etdiyi və işlədiyi zəngin "Ümid" qaz-kondensat yatağının ehtiyatlarının aşkar olunmasında bizim də böyük əməyimiz olub. "Bulla-dəniz" yatağında da keçən il və bu ilin ötən dövrü ərzində xeyli iş görmüşük. Bundan əlavə, Fransanın "Total" şirkəti ilə "Abşeron" yatağında kəşfiyyat qazması aparırıq.
Ənənəvi "Xəzər neft-qaz" sərgi konfransına gəldikdə isə, hesab edirəm ki, tədbir fəal əməkdaşliq və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu tədbir bizə öz nailiyyətlərimizi və potensial imkanlarımızı nümayiş etdirmək üçün əla fürsətdir. Sərgiyə gələnlər bizim texnologiyalarla çox maraqlanırlar. Ona görə də bu tədbirin təşkilatçılarına minnətdarıq. Güman edirik ki, bundan sonra yeni-yeni sifarişlər alacağıq.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.