Artıq 18-ci ildir ki, neft və milyonlar səltənəti - Bakı şəhərində dünyanın energetika sektorunda, neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri üçün xüsusi əhəmiyyət daşıyan beynəlxalq tədbir keçirilir. Ənənəvi "Xəzər neft-qaz, neft emalı və neft kimyası" sərgi və konfransı həmin şirkətləri bir araya toplayaraq onlara öz nailiyyətlərini, potensial imkanlarını nümayiş etdirməyə, yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına geniş meydan açır. İyun ayının 7-dən 10-dək keçirilən tədbir də bu baxımdan olduqca əhəmiyyətli və mühüm hadisədir. Sərgi iştirakçılarının bəziləri ilə görüşüb rəylərini öyrəndik. Beləliklə, danışır sərgi iştirakçıları.
Roland Volk, Avstriyanın "OMW" şirkətinin beynəlxalq marketinq üzrə rəhbəri:
- OMW iri neft-qaz kampaniyasıdır, mərkəzi Vyana şəhərində yerləşir. Avropanın mühüm qaz tədarükçülərindən biri olan kampaniyamız həm də "Nabukko" layihəsinin baş operatorudur. Xatırladım ki, "Nabukko" beynəlxalq qaz layihəsidir. Kampaniyamız bütün layihələri əvvəlcə planlaşdırır, sonra isə onun reallaşdırılmasına başlayır. "Nabukko" layihəsinin həyata keçirilməsinə 2013-cü ildə başlanması nəzərdə tutulur. İlk qazın nəqli isə 2017-ci ilə planlaşdırılır. Hesab edirik ki, "Nabukko" layihəsinin ən mühüm təchizatıçısı Azərbaycanda yerləşən "Şahdəniz" yatağıdır.
Hazırda layihə çərçivəsində planlaşdırma, mühəndis işləri və ətraf mühitlə bağlı tədbirlər həyata keçirilir. Bundan əlavə, layihənin reallaşdırılması üçün tələb olunan meterialların tədarükü ilə bağlı tenderlər elan edilmişdir. İyun ayının 8-də "Nabukko" layihəsinin əsas təchizatçılarının müəyyənləşdirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Mərasimdə qaz kəmərinin keçəcəyi beş ölkə arasında "Nabukko" layihəsinə dair sazişə imza atılacaq. Bunlar Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadır. İmzalanma mərasimində bu ölkələrin energetika nazirləri, eləcə də Avropa Birliyinin nümayəndələri iştirak edəcəklər. Müqavilənin imzalanmasının əsas məqsədi kəmərin keçəcəyi ərazilərin təmizlənərək inşaat işlərinə hazır vəziyyətə gətirilməsindən ibarətdir. Kəmərin son nöqtəsi Vyana olacaq və "mavi yanacaq" buradan paylanılacaq.
Yeri gəlmişkən, bizim ölkəmiz Azərbaycanla energetika sahəsində əməkdaşlığa xüsusi önəm verir. İki həftə əvvəl şirkətimizin rəhbərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü də bunu təsdiq edir. Xatırlatmaq istəyirəm ki, həmin görüş zamanı memorandum imzalanmışdır. Görüş zamanı danışıqların əsas mövzusunu "Nabukko" layihəsinin Azərbaycanla əlaqəsi, bu ölkənin quru və dəniz sahələrində qazın nəqli, gələcəkdə biznes sahəsində əməkdaşlıq və s. məsələlər təşkil etmişdir. Bununla belə, qeyd etmək istəyirəm ki, OMW şirkətinin Azərbaycanla əməkdaşlığının əsasını "Nabukko" layihəsi təşkil edir. Digər tərəfdən, şirkətimiz Azərbaycanla qaz satışı müqavilələrinin imzalanmasına və biznes əməkdaşlığına da xüsusi əhəmiyyət verir.
Şirkətimiz Bakıda keçirilən ənənəvi "Xəzər neft-qaz" sərgisində ilk dəfə 2007-ci ildə iştirak etmişdir. O zaman bu möhtəşəm tədbir Heydər Əliyevin adını daşıyan kompleksdə keçirilmişdi. İndi isə sərgi yeni mərkəzdə təşkil olunmuşdur. Hər şey olduqca gözəldir, təşkilatçılıq yüksək səviyyədədir. Deyərdim ki, Bakı Sərgi Mərkəzi bu cür tədbirlərin keçirilməsi üçün ən gözəl məkandır. Sərginin dünyanın neft-qaz hasilatçısı və tədarükçü şirkətləri üçün əhəmiyyəti olduqca böyükdür. Elə şirkətimiz də bu tədbiri yüksək qiymətləndirir. Belə ki, artıq bir neçə ildir ki, biz burada öz nailiyyətlərimizi nümayiş etdirmək, şirkətimizi daha yaxından tanıtmaq və təcrübələrimizi yaymaq üçün geniş imkan əldə edirik.
Mehman MEHDİYEV, "McDermott" şirkətinin dövlət orqanları ilə əlaqələr üzrə direktoru:
- "McDermott" Azərbaycanın neft-qaz sektoruna gələn şirkətlərdən biridir. Şirkətimiz 1992-ci ildən burada fəaliyyət göstərir. Ötən dövr ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və bp Azərbaycan şirkəti üçün bir çox layihələr həyata keçirmişik. "Əsrin müqaviləsi" çərçivəsində dörd nəhəng üst tikili inşa edilərək dənizə göndərilmişdir. Bundan əlavə ötən müddətdə şirkətimiz tərəfindən 1400 kilometrə yaxın sualtı boru kəməri çəkilmişdir.
Hazırda "McDermott" Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin də əvvəlkilərdən fərqi ondan ibarətdir ki, cari ilin mart ayının 2-də biz Azərbaycan Dövlət Neft Şirkəti ilə yeni bir alyans yaratmışıq. Bu məqsədlə alyans müqaviləsi imzalanmışdır. Xatırladaq ki, "SOCAR-McDermott" alyansının operatoru "McDermott" şirkətidir. Yeni alyans təkcə Xəzərin Azərbaycan sektorunda deyil, dənizin digər ölkələrinə aid sahələrində çalışan şirkətlərin razılığı əsasında həm sualtı boru kəmərlərinin çəkilişi, həm də dalğıc əməliyyatları həyata keçirəcəkdir. Artıq bp Azərbaycan şirkəti alyansa yeni boru kəmərləri layihəsi həvalə etmişdir. İndi həmin layihəyə dair hazırlıq işləri gedir və layihənin fəal mərhələsi cari ilin oktyabr-noyabr aylarından başlayacaq. Yeni layihə, əsasən, azərbaycanlı mütəxəssislər tərəfindən, müəyyən sayda isə xarici mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Ümumiyyətlə isə alyans müqaviləsinə əsasən, layihələrdə iştirak edən Azərbaycan vətəndaşlarının sayı ilkin dövrlərdə 75-85 faiz, iki ildən sonra isə 85-90 faiz təşkil edəcək. Ümid edirik ki, bu layihə uğurla həyata keçiriləcək və "McDermott" şirkəti Azərbaycandakı fəaliyyətini yüksək səviyyədə davam etdirəcəkdir.
"McDermott" şirkəti "Xəzər-neft-qaz sərgi və konfransı"na həmişə xüsusi önəm vermişdir. Şirkətimiz ayrı-ayrı illərdə keçirilən sərgilərin ən fəal iştirakçılarından biri olmuşdur. Budəfəki sərginin fərqi ondan ibarətdir ki, artıq o, yeni, daha geniş imkanlara malik bir məkanda keçirilir. Bu da tədbirə marağın getdikcə artmasına səbəb olur. Sərgi dünyanın neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərə öz nailiyyətlərini nümayiş etdirməyə imkan yaratmaqla yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün də əla fürsətdir.
Sevinc ƏLİYEVA, "Bakı ağ şəhər" layihəsinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru:
- "Bakı ağ şəhər" layihəsinə bir ildən artıqdır ki, start verilib. Bu, dövlət tərəfindən dəstəklənən iri şəhərsalma layihəsidir. Bildiyiniz kimi, Azərbaycan gündən-günə inkişaf edir, paytaxtımız getdikcə gözəlləşir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilməsinin məntiqi nəticəsidir. Xatırlatmaq istəyirəm ki, ulu öndərimiz iqtisadiyyatımızın inkişaf etdirilməsinə xüsusi önəm verməklə yanaşı, sosial sahələrin, Bakı şəhərinin gözəlləşdirilməsinin də daim qayğısına qalırdı. Elə "Bakı ağ şəhər" layihəsinin ərsəyə gəlməsi də, deyərdim ki, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Belə ki, ulu öndərimiz vaxtı ilə demişdir ki, vaxt gələcək, indi "Qara şəhər" adlandırılan ərazi abadlaşacaq, gözəlləşəcəkdir.
İndi layihə "Qara şəhər" adlandırılan ərazinin təmizlənməsi, adıçəkilən sahənin ekoloji tarazlığının bərpa olunması mərhələsindədir. "Xəzər neft-qaz, neft emalı və neft kimyası" sərgisində iştirakımız heç də təsadüfi deyil. Çünki paytaxtımızın "Qara şəhər" adlandırılan ərazisi iri neftayırma kompleksinin yaxınlığında yerləşdiyinə görə ekoloji cəhətdən çirklənmiş sahə sayılır. "Bakı ağ şəhər" layihəsinin reallaşdırılmasının əsas məqsədi də odur ki, həmin ərazi ekoloji cəhətdən təmizlənsin və burada möhtəşəm bir yaşayış sahəsi - şəhər içində şəhər yaradılsın. Yeni salınacaq şəhər 221 hektar ərazini əhatə edəcək. Şəhər 10 məhəllədən ibarət olacaq ki, burada həm yaşayış kompleksləri, iri iş mərkəzləri və istirahət parkları salınacaq. Layihənin dizaynı üç məşhur xarici şirkət tərəfindən hazırlanmışdır.
"Bakı ağ şəhər" layihəsi artıq bir sıra xarici ölkələrdə keçirilmiş sərgilərdə iştirak etmişdir. Bakıda isə ilk iştirakımızdır. Sevindirici haldır ki, bu, ölkəmizin paytaxtında keçirilən ənənəvi "Xəzər neft-qaz sərgi"sinə təsadüf edir. Özü də layihəmiz sərgidə geniş bir sahəni əhatə edir.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, "Bakı ağ şəhər" layihəsi ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsidir. Artıq bir neçə ildir ki, neftdən əldə olunan gəlirlər digər sahələrə, xüsusən də qeyri-neft sektorunun inkişafına yönəldilir. Göründüyü kimi, ən böyük sərvətimiz sayılan "qara qızıl" xalqımıza əbədi firavanlıq, ölkəmizə isə sürətli inkişaf gətirir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.