Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı işə başlamışdır

İyunun 8-də Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı işə başlamışdır.
İki gün davam edəcək konfransda 500-dək nümayəndə iştirak edir. Enerji təminatı təhlükəsizliyinin və bazara inteqrasiyanın təmin olunması mövzusuna həsr olunan birinci iclasda "İTE Group PLC" şirkətinin baş məsləhətçisi Endrü Vud çıxış edərək iştirakçıları salamlamış, sərgi və konfransın işinə uğurlar arzulamışdır.
"Xəzər regionu: Dünya enerji bazarında dəyişikliklər" mövzusunda keçirilən iclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası sayəsində respublikamızda əldə olunmuş uğurlardan danışmışdır.
Enerji təhlükəsizliyi və ARDNŞ-in qlobal bazar proseslərinə sonrakı inteqrasiyası məqsədi ilə enerji resurslarının nəqlində şaxələndirmə məsələlərinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran R.Abdullayev qeyd etmişdir ki, Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun enerji təhlükəsizliyində də mühüm rol oynayır. Biz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün öz töhfəmizi verməyə çalışırıq. Karbohidrogenlərin hasilatı və nəqli üzrə həyata keçirilən genişmiqyaslı layihələr buna sübutdur.
Bildirilmişdir ki, ötən əsrin sonlarında daxili və xarici müqavimətlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də 11 transmilli neft şirkəti ilə ARDNŞ arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında", sonradan "Əsrin müqaviləsi" adını almış saziş imzalanmışdır. Bu əlamətdar hadisə ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu, mövcud infrastruktur modernləşdirildi, yeni texnologiyalar tətbiq edildi. Beləliklə də, dünya bazarına yüksək keyfiyyətli əlavə neft həcmlərinin çıxarılmasına nail olundu. Sazişin imzalanmasından keçən 17 ildə 20 ölkəni təmsil edən 53 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunmuşdur.
Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük həcmdə işlərin həyata keçirildiyini və uğurlu nəticələr əldə edildiyini deyən ARDNŞ-in prezidenti nəhəng "Şahdəniz" qaz-kondensat yatağının, orta səviyyəli "Əşrəfi" və "Qarabağ" yataqlarının aşkar edildiyini, "Azəri-Çıraq-Günəşli" kontrakt sahəsində neft ehtiyatlarının iki dəfəyə yaxın artırıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, burada ümumi çıxarıla bilən ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Ölkədə neft hasilatı 1997-2010-cu illərdə 5,6 dəfə artaraq 50,7 milyon tona çatdırılmışdır. Gündəlik neft hasilatı isə təxminən 140 min ton və ya 1 milyon barrel təşkil etmişdir.
Qarşıdakı illərdə "Azəri-Çıraq-Günəşli" layihəsi növbəti mərhələyə qədəm qoyacaqdır. Bu, yeni işlənilən "Çıraq Neft Layihəsi" ilə bağlıdır. İndiyədək qazanılmış uğurların davamı olan bu layihə çərçivəsində ilk neftin 2013-cü ilin dördüncü rübündə çıxarılacağı gözlənilir.
R.Abdullayev qeyd etmişdir ki, 1999-cu ildə kəşf olunan və xarici tərəfdaşlarla birlikdə işlənilən "Şahdəniz" yatağı dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində 12 hasilat quyusunun qazılması üçün nəzərdə tutulmuş TPG qazma və hasilat platforması tikilib istifadəyə verilmiş, dənizdən sahilədək 100 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilmişdir. Yataqda hasilat 2006-cı ildən bəri davam edir. Hazırda burada orta gündəlik hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensat həcmindədir.
Yeni yataqların kəşfinin və perspektiv quyuların mövcudluğunu nəzərə alsaq deyə bilərik ki, regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropa və digər ölkələrin artan tələbatının təminatına yönəltməyə, bu məqsədlə müxtəlif nəqliyyat seçimlərinin şaxələndirilməsinə tərəfdardır. İstehsalçı ilə son istehlakçılar arasında birbaşa əlaqənin yaradılması, tranzit azadlığı, habelə təbii qazın nəqli zamanı şəffaf xərclərə əsaslanan sabit tranzit rejimlərindən istifadə olunması, diskriminasiyaya yol verilməməsi bu baxımdan beynəlxalq hüquqa əsaslanan başlıca prinsiplərdir. Biz istər istehsalçı, istərsə də tranzit ölkə kimi bu prinsiplərə sadiqik və qarşı tərəflərdən də bunu gözləyirik.
Xaricdə həyata keçirilən layihələrdən bəhs edən şirkətin prezidenti ARDNŞ-in beynəlxalq səviyyəli iqtisadi quruma çevrildiyini də diqqətə çatdırmışdır.
Sonra çıxış edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger "Cənub qaz dəhlizi" barədə məlumat vermişdir. Bildirmişdir ki, imzalanan Birgə Bəyannamə Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə kifayət qədər böyük töhfə verən bir ölkə kimi tanıdacaqdır.
Rusiya, Norveç və Əlcəzair kimi qaz təchizatçılarının olmasına baxmayaraq, Avropanın bundan əziyyət çəkdiyini deyən komissar vurğulamışdır ki, bu, iqtisadiyyatımıza və ölkələrimizə ciddi zərər vurur. Buna görə biz Azərbaycan da daxil olmaqla, başqa regionlardan qaz idxal etmək perspektivini nəzərdən keçiririk. Azərbaycanın bu istiqamətdə - həm istehsalçı, həm də tranzit ölkə kimi çox mühüm rolu vardır. Biz bunu Birgə Bəyannamədə də vurğulamışıq, həmçinin Azərbaycanı "Cənub dəhlizi"ni mümkün edən bir ölkə kimi dəyərləndiririk.
"Bu gün bizim əsas diqqətimiz "Şahdəniz-2" layihəsinə yönəlmişdir", - deyən G.Ottinger qeyd etmişdir ki, bununla yanaşı, digər layihələri də diqqətdə saxlayırıq. "Nabukko" layihəsi Avropanı Xəzər dənizi ilə bağlayacaq ən böyük potensiala malik qaz kəməri olacaqdır. Biz eyni zamanda regional seçim variantlarını da dəstəkləyirik. Sonda onu da bildirmək istəyirəm ki, biz "Cənub dəhlizi"nin reallığa çevrilməsi üçün tərəfdaşlarımızla regionda işləməkdə israrlıyıq. Avropa sabit, uzunmüddətli bazar təklif edir və bu bazar ən yaxşı müştərilərə malikdir.
Bakıda olmağından məmnunluğunu bildirən ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ölkəsinin Avrasiya enerji strategiyasında başlıca komponentlərin mövcudluğunu qeyd etmişdir. Bildirmişdir ki, ABŞ yeni neft və qaz ehtiyatlarının işlənməsini, həmçinin bütün enerji ehtiyatlarının istifadəsinin səmərəliliyini və onların qorunmasını, habelə təmiz enerji texnologiyalarının inkişafını dəstəkləyir. Beynəlxalq neft bazarının mövcudluğu fonunda yeni yataqların işlənməsi ABŞ da daxil olmaqla, dünyanın hər bir yerində enerji ehtiyatlarına artmaqda olan tələbatı ödəməyə imkan verir. Biz, Xəzər regionunda yeni təbii qaz ehtiyatlarının istismarı haqqında danışarkən, onun beynəlxalq qaz təchizatı sistemi üçün vacib töhfə olduğunu başa düşürük. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin qorunması istiqamətində səyləri dəstəkləyirik. Avropa İttifaqı və ABŞ dünyada ən böyük ikitərəfli ticarətə və investisiya münasibətlərinə malik tərəflərdir. ABŞ beynəlxalq enerji sisteminin mühüm elementi olan dayanıqlı "Cənub dəhlizi" layihəsinin inkişafını təşviq etmək üçün müvafiq ölkələr, Türkiyə kimi mühüm tərəfdaşlar və beynəlxalq biznes qurumları ilə dialoq aparır. Qeyd etmək istərdim ki, bizim Avrasiya enerji strategiyamızın əsasında əməkdaşlıq durur, - deyən R.Morninqstar Azərbaycan da daxil olmaqla, Avropa İttifaqı və digər ölkələrlə, habelə özəl şirkətlərlə əməkdaşlığı davam etdirməyin zəruriliyini vurğulamışdır.
Beynəlxalq Enerji Agentliyinin Enerji Bazarları və Təhlükəsizlik Bölməsinin direktoru Didye Hussan, ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə, Norveçin xarici işlər nazirinin müavini Espen Bart Ayde, Türkmənistanın "Turkmennebit" Dövlət Konserninin sədri Annadulı Deryayev, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, Macarıstanın Milli İnkişaf Nazirliyinin enerji məsələləri üzə dövlət katibinin müavini Pal Kovaç və Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Leonid Boxanovski məruzələrlə çıxış etmişlər.
Bildirilmişdir ki, Xəzər neft və qaz konfransı - neft və qaz sektoru və onunla əlaqəli sahələrdə fəaliyyət göstərən müxtəlif şirkətlər üçün özlərini rəqabətədavamlı şirkət kimi təqdim etməklə, yeni işgüzar münasibətlər yaratmaq və mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək imkanı yaradır. Konfransın önəmini vurğulayan natiqlər Azərbaycanın Avropa və dünya bazarlarında enerji daşıyıcılarının aparıcı təchizatçılarından biri kimi artan rolunu qeyd etmişlər.
Konfransın bölmə iclaslarında Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, infrastrukturun inkişafı, Xəzər regionundan təminatla bağlı iqlim dəyişikliyi və təminatın təhlükəsizliyi, "bp" şirkətinin Xəzərdəki fəaliyyəti, Azərbaycan, Yunanıstan və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi, Xəzərdən Avropaya qaz nəqli: region üçün problemlər və imkanlar, "Cənub dəhlizi" vasitəsilə qaz nəqli təhlükəsizliyinin təmin olunması, alternativ enerji, "Nabukko", İTGİ və TAP layihələri ətrafında müzakirələr aparılmış, "Azərbaycanın investisiya cəlbediciliyi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Konfrans işini iyunun 9-da davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında