Şriftin ölçüsü:
08.06.2011 10:20 | Oxunma sayı: 672
Kiyevdə MDB üzvü olan dövlətlərin maliyyə nazirlərinin 2008-ci il oktyabrın 10-da MDB üzvü olan ölkələrin dövlət başçıları şurasının qərarı ilə yaradılmış daimi fəaliyyətdə olan müşavirəsinin V iclası keçirilmişdir.
Forumda ölkəmizi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov təmsil edirdi. Müşavirədə, həmçinin Belarus Respublikasının, Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının, Rusiya Federasiyasının, Tacikistan Respublikasının, Ukraynanın, Ermənistan Respublikasının maliyyə nazirləri, Moldova Respublikasının və Türkmənistanın (müşahidəçi qismində) maliyyə nazirlərinin müavinləri, Özbəkistan Respublikasının nümayəndəsi, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişdir.
İclası MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev açmışdır.
Ukraynanın Baş naziri Nikolay Azarov iclas iştirakçılarına müraciət etmişdir. O, Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını çatdırmış və ölkədə maliyyə-iqtisadi vəziyyət barədə məlumat vermişdir.
Ukraynanın maliyyə naziri Fyodor Yaroşenko iclasın sədri seçilmişdir.
Gündəliyə uyğun olaraq "MDB iştirakçıları olan dövlətlərdə maliyyə-iqtisadi vəziyyət haqqında", "MDB iştirakçısı olan dövlətlərin 2009-2010-cu illər üçün dünya maliyyə-iqtisadi böhranının nəticələrinin aradan qaldırılması üzrə birgə tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrası haqqında", "MDB iştirakçıları olan dövlətlərin maliyyə sahəsində əməkdaşlığının inkişafı haqqında", "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun layihəsi və dövlət maliyyə sisteminin islahatı sahəsində çoxtərəfli əməkdaşlıq haqqında", "MDB iştirakçıları olan dövlətlərin maliyyə sabitliyi şurasının regional məşvərət qrupunun yaradılması və maliyyə tənzimlənməsi sahəsində milli potensiallarının inkişafı haqqında" məsələlər müzakirə edilmişdir.
İclasda Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış etmişdir.
Tərəflər MDB iştirakçıları olan dövlətlərin nümayəndələrinin Birlik dövlətlərinin maliyyə-iqtisadi vəziyyəti haqqında məlumatını nəzərə almışlar.
MDB iştirakçısı olan dövlətlərin 2009-2010-cu illər üçün dünya maliyyə-iqtisadi böhranının nəticələrinin aradan qaldırılması üzrə birgə tədbirlər planının yerinə yetirilməsinin yekunlarının müzakirəsi zamanı qeyd edilmişdir ki, bu plan əsasən yerinə yetirilmişdir. Rusiya Federasiyası hökumətinin sədrinin müavini, maliyyə naziri Aleksey Kudrinə təklif edilmişdir ki, göstərilən planın yerinə yetirilməsi barədə MDB hökumət başçıları şurasına məlumat versin.
İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçıları olan dövlətlərin maliyyə nazirlikləri arasında əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Ukrayna tərəfinin təqdim etdiyi memorandum bəyənilmiş və MDB iştirakçıları olan dövlətlərin əksəriyyəti tərəfindən imzalanmışdır.
İmzalanmış sənəd çərçivəsində tərəflər dövlət maliyyə sistemində islahatlar, dövlət maliyyə-büdcə siyasətinin həyata keçirilməsinin əsas tərkib hissəsi, maliyyə sahəsində qərarlar və qanunvericilik aktlarının qəbul edilməsi prosesləri barədə informasiya mübadiləsi aparacaqlar. Tərəflərin əməkdaşlığı ekspertlərin məsləhət səfərləri, məşq proqramları, forumlar, konfranslar, "dəyirmi masa"lar, seminarlar, mühazirələr keçirilməsi, sənədlər mübadiləsi formasında, eləcə də tərəflərin razılığı əsasında müəyyən ediləcək əməkdaşlığın hər hansı başqa formalarında həyata keçiriləcəkdir.
İclas iştirakçıları RF maliyyə nazirinin müavini S.Storçakın Şuranın üzvləri olmayan başqa dövlətlərlə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə maliyyə sabitliyi şurasının qlobal maliyyə sabitliyi naminə maliyyə tənzimləməsi və nəzarəti sahəsində regional məsləhət qrupları yaradılması haqqında məlumatını nəzərə almış və MDB maliyyə sabitliyi şurasının regional məsləhət qrupuna tapşırmışlar ki, MDB iştirakçıları olan dövlətlərin maliyyə nazirlərinin daimi fəaliyyətdə olan müşavirəsinin növbəti iclasına qədər birlik dövlətlərində bank nəzarəti sahəsində mövcud tənzimləmə rejimlərindəki fərqlər və müvafiq tənzimləmə təcrübələrinin bir-birinə yaxınlaşdırılmasına dair tədbirlər haqqında məruzə hazırlasın.
İclasda MDB iştirakçısı olan dövlətlərin maliyyə nazirlərinin daimi fəaliyyətdə olan müşavirəsinin növbəti, altıncı iclasını Qazaxıstan Respublikasında 2012-ci il Astana iqtisadi forumunun işi dövründə keçirmək qərara alınmışdır.
* * *
Elə həmin gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Ukraynanın paytaxtı Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçəklər qoymuşdur.
Sonra nazir S.Şərifov və onu müşayiət edən şəxslər, o cümlədən Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülvi Seyidzadə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları ilə görüşmüşlər.
{nl}
Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.