İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası yalnız xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır.
Hakimiyyətin mütəmadi olaraq gördüyü işlər barədə xalqa hesabat verməsini idarəçilikdə müsbət ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz praqmatik liderlik keyfiyyətləri sayəsində qısa müddətdə respublikamızı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası deməyə əsas verir ki, "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" devizini rəhbər tutan Prezident İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti davamlı inkişaf üçün etibarlı zəmindir. Bu dövrdə ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 10421,1 milyon manata, adambaşına düşən ümumi daxil məhsul 0,3 faiz artaraq 1157,4 manata çatmışdır. I rübdə orta aylıq əməkhaqqı 117 faiz artaraq 339,6 manat, əhalinin adambaşına düşən gəlirləri 15,3 faiz artaraq 721,5 manat təşkil etmişdir. Əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2 dəfə üstələmiş, onların banklara qoyduğu əmanətlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq 3,3 milyard manata çatmışdır. Rübün yekunlarına görə, ölkədə orta əməkhaqqı 340 manat və ya 430 dollar olmuşdur.
Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı hazırkı şəraitdə Azərbaycanın valyuta ehtiyatlarının 34,4 milyard dollara yüksəlməsini, ümumilikdə son üç ildə 27 milyarddan çox artmasını mühüm uğurlar sırasında xüsusi qeyd etmək lazımdır. Dövlət başçısı İlham Əliyev bununla bağlı bildirmişdir: "Ölkəmizdə yığılan valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir".
Bu artımın real nəticələri özünü həm də onda göstərir ki, hesabat dövründə dövlət büdcəsinin mədaxil proqnozu 2345,7 milyon manata qarşı 2768,4 milyon manat və ya 118 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox yerinə yetirilmişdir. 2011-ci ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş iqtisadi göstəricilər, artan real vergi bazası, dövlət və icmal büdcələrin gəlir proqnozunun yenidən hesablanması ilin sonunadək dövlət və icmal büdcələrinə təsdiq edilmiş həcmdən artıq vəsaitin daxil olmasına zəmin yaradır. Belə ki, dünya bazarlarında Azərbaycan neftinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, üstələyir. Dünya maliyyə qurumlarının ən pessimist proqnozlarında isə bu il neftin 1 barelinin orta qiymətinin 95 dollar olacağı göstərilir. Bütün bunları nəzərə alan hökumət büdcədə neftin qiymətini 80 dollar müəyyənləşdirərkən həm reallığı nəzərə almış, həm də konservativ yanaşma ilə ehtiyatlılığı qoruyub saxlamışdır. Büdcədə neftin bir barelinin 80 ABŞ dolları səviyyəsində hesablanması nəticəsində 2011-ci ilin dövlət büdcəsinə əlavə olaraq 770 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fonduna isə 3,7 milyard manat vəsaitin daxil olması gözlənilir.
Ölkənin maliyyə gəlirlərinin sürətli artımı isə ötən illərdən formalaşmış müsbət təcrübə əsasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi zərurətini gündəmə gətirmişdi. Respublikamızın hər ilin ortalarında dövlət büdcəsinə yenidən baxması, gəlir və xərcləri artırması dinamik inkişaf göstəricisi kimi təqdirəlayiqdir. Bu cür sürətli artıma və büdcə dəqiqləşdirmələrinə dünyanın çox az ölkələrində rast gəlinir. Azərbaycan hökuməti isə ilk növbədə, şəffaflıq, ədalətlilik, dürüstlük, sosial ədalət prinsipini rəhbər tutaraq, habelə vətəndaşların sosial rifah halının davamlı şəkildə yüksəldilməsi məramını qarşıya məqsəd qoyaraq bu təcrübədən məqsədyönlü şəkildə bəhrələnir. Dövlət büdcəsinə dəyişikliklərin edilməsi hökumətin fəaliyyətinin effektivlik əmsalını daha da artırır, qarşıya qoyulmuş məqsədlərin realizəsinə yaxşı imkanlar açır. Yalnız bir faktı demək kifayətdir ki, son 8 ildə büdcə gəlirləri 12 dəfədən çox artmış, 1,2 milyard manatdan 15 milyard manata yüksəlmişdir. Respublikamızın büdcə gəlirlərinin illik artım tempinin orta hesabla 20-40 faiz təşkil etməsi də diqqətəlayiq faktlardan biri kimi vurğulanmalıdır.
Ölkə Konstitusiyasının 95-ci maddəsini rəhbər tutan Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini geniş müzakirə edərək qəbul etmişdir. Layihənin müzakirəsi zamanı Milli Məclisin deputatlarının təklif və rəyləri nəzərə alınmış, bu sahədə şəffaflıq, hesabatlılıq təmin olunmuşdur. "Büdcə sistemi haqqında" qanuna, habelə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq dəqiqləşdirilmiş sənəddə qlobal böhranın milli iqtisadiyyata təsirləri, habelə 2011-ci ildə gözlənilən nəticələr də ciddiliklə nəzərə alınmışdır.
2011-ci ilin dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən 29 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4151,2 milyon manat çoxdur. Büdcə gəlirlərinin artımının 760 milyon manatı vergi və gömrük daxilolmaları, 2723,2 milyon manatı Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcəkdir. Bundan başqa, 2011-ci ilin dövlət büdcəsinin xərcləri 3193,2 milyon manat artırılaraq 15941,2 milyon manata çatdırılmışdır. Bu, 2011-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4175,3 milyon manat və ya 35,5 faiz çoxdur. Dəqiqləşdirmələrdən sonra büdcə kəsiri 300 milyon manat və yaxud 43,7 faiz azalmışdır. Nəticədə dövlət büdcəsinin kəsiri ilin sonuna gözlənilən ümumi daxili məhsulun 0,9 faizini təşkil edəcəkdir.
İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 20 milyard ABŞ dollarından artıq olması da mühüm fakt kimi vurğulanmalıdır. Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda bunu mühüm uğur kimi dəyərləndirmişdir: "Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın".
Ümumilikdə artımdan sonra xərclərin 48,4 faizini cari xərclər, 49,4 faizini əsaslı xərclər, 2,2 faizini dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edir. Dəqiqləşdirmələrdən sonra 698 milyona yüksələn cari xərclərin 462,7 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu fakt Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü olduğunu və vətəndaş mənafeyinə xidmət etdiyini bir daha təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli fərmanı ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borclarının silinməsi də bu baxımdan xüsusi vurğulanmalıdır.
Dövlət başçısı İlham Əliyev 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması ilə bağlı göstəriş vermiş, beləliklə, sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Məlumat üçün bildirək ki, hazırda əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiyası 102 manat təşkil etdiyi halda, 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 150 manatdır. Məhz buna görə də "2009-2015-ci illər üzrə sığorta pensiya sisteminin inkişafı haqqında" Dövlət Proqramında da əvvəlki sistemlə pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləğləri arasındakı fərqin aradan götürülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar mövcud pensiya qanunvericiliyi də təkmilləşdirilmişdir. Ümumilikdə pensiyaların yenidən hesablanması üçün dövlət büdcəsindən hər il əlavə 400 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Hesablamalar islahatın 800 mindən çox vətəndaşı əhatə edəcəyini göstərir. Orta aylıq pensiya isə 150 manata yüksələcəkdir.
Bununla əlaqədar büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri də dəqiqləşdirilmişdir. Qəbul edilmiş qanunda dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayırmaların məbləği 691000 manatdan 886000 manata çatdırılmışdır. Bu, ilkin məbləğlə müqayisədə 195000 manat və ya 28,2 faiz artım deməkdir. Bu artım nəticəsində fondun büdcəsində transfertin xüsusi çəkisi təqribən 5 faiz bəndi yüksələrək 40,9 faizə çatmışdır. Dəyişiklik nəticəsində fondun ümumi xərcləri ilkin müəyyən edilmiş məbləğlə müqayisədə 9,9 faiz artmışdır.
Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu artım yaxın perspektivdə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının artımına imkan verəcəkdir. Eyni zamanda, sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına, müharibə veteranlığına, məcburi köçkünlüyə görə sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcəkdir. Bütün bunlarla yanaşı, il ərzində ali, orta ixtisas, ilk peşə və ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması da nəzərdə tutulur. Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3 milyon nəfərdən çox vətəndaşa şamil ediləcəkdir.
Dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərcləri də yüksəldilmişdir. Bu məqsədlə 2484,1 milyon manat vəsait ayrılmışdır. Bu, həmin xərclər üzrə təsdiq edilmiş ilkin vəsaitə nisbətən 73,5 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış əlavə mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılması; tələbələr üçün yataqxanaların tikintisi; ölkənin şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi; elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması; su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması; Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrası; regionlarda kəndlərarası yolların tikintisi və əsaslı təmiri; Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması; Sumqayıt şəhərində gübrə istehsalı zavodunun tikintisi; "Təhlükəsiz şəhər" layihəsinin başa çatdırılması və digər zəruri investisiya layihələri üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Müasir dövrdə dövlət büdcəsi hər bir dövlətin inkişafının mühüm göstəricisi, belə demək mümkünsə, tərəqqisinin meyarı sayılır. 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər bu baxımdan Azərbaycanın qlobal böhran şəraitində dinamik inkişaf edən, məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət olduğunu bir daha təsdiqləyir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində hazırkı inkişaf tempi yüksələn xətlə davam edəcək, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində əlavə tədbirlər həyata keçiriləcəkdir.
{nl}
Rafael CƏBRAYILOV, Milli Məclisin deputatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.