Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi "Xəzər neft-qaz, neft emalı və neft kimyası sərgi və konfransı" öz işinə başlayır. Xatırladaq ki, 1994-cü ildən bəri keçirilən bu möhtəşəm tədbir dünya ictimaiyyətinin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından böyük əhəmiyyət daşıyır. Bu il sayca 18-ci dəfə keçirilən və artıq həm də biznes-forumu mahiyyəti daşıyan bu beynəlxalq tədbir dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən iri istehsalçı və təchizatçı şirkətləri bir məkana toplamaq baxımından da diqqəti cəlb edir.
Xəzər neft-qaz sərgi və konfransı bu sahədə fəaliyyət göstərən şirkətlər üçün, bir növ hesabat xarakteri daşımaqla yanaşı, əməkdaşlıq baxımından da xüsusi əhəmiyyət kəsb edir. Adıçəkilən tədbirin böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri də dünya neft hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın zəngin ənənələri, eləcə də ölkə rəhbərliyinin sərgiyə, həmçinin neft sektoruna göstərdiyi qayğı və diqqətdir. Bu və digər məsələlər barəsində "Xəzər neft-qaz, neft emalı və neft kimyası" sərgi və konfransına həsr olunmuş dünənki mətbuat konfransında ətraflı məlumat verildi.
Qeyd olundu ki, Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbiri sayılan 18-ci Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası sərgi və konfransı bu ilin 7-10 iyun tarixlərində "Bakı Ekspo" sərgi mərkəzində keçiriləcək. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir neft-qaz sənayesinin problemlərini müzakirə etmək, habelə neftin və qazın hasilatı və emalı sahəsində əldə olunmuş ən yeni nailiyyətləri nümayiş etdirmək üçün hər il dünya neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi isə bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Yeri gəlmişkən, sərgi və konfransın keçirilməsinə ənənəvi olaraq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sözügedən sərgi beynəlxalq səviyyəli "UFİ" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir.
Bildirildi ki, Xəzər neft-qaz sərgisini regionun neft və qaz sahəsinin digər tədbirlərindən fərqləndirən cəhət odur ki, bu tədbirin açılış mərasimində yüksək səviyyəli qonaqlar iştirak edirlər. Bundan əlavə, Avropa Birliyi, Böyük Britaniya, ABŞ və Norveçin yüksək vəzifəli şəxsləri bu tədbirin ünvanına təbrik məktublarını yollayırlar. Sərgi və konfransın yüksək vəzifəli "VİP" qonaqları arasında isə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nüfuzlu şəxsləri də vardır. Bu tədbirdə Azərbaycan, Macarıstan, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin nümayəndələri, habelə neft və qaz sektorunda fəaliyyət göstərən iri şirkət və strukturların nümayəndələri də iştirak edirlər. Builki tədbirdə dünyanın 27 ölkəsindən 285 şirkət iştirak edir və onların arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları da vardır. Sərginin qırx faizdən çox hissəsi bütün dünyada tanınmış iri dövlət neft və qaz şirkətləri və korporasiyaları tərəfindən tutulub. Onların əksəriyyəti Xəzər neft-qaz sərgisinin daimi iştirakçılarıdırlar. Bunlardan bp, "OMV Gaz international GmbH", ARDNŞ, "Statoil", "Total", TPAO və bir çox digər şirkətlərin adlarını çəkmək olar. Sevindirici haldır ki, yerli şirkətlərin iştirak faizi də getdikcə artır. Belə ki, bu il onlar ümumilikdə sərgi iştirakçılarının 38 faizini təşkil edəcəklər. İştirakçılar tərəfindən tutulmuş sərgi sahələrinin sayı ötən illə müqayisədə 25 faiz çoxdur. Xəzər neft-qaz sərgisinin debütant şirkətləri isə ümumi iştirakçıların ümumi sayının 12 faizini təşkil edirlər. Sərgi və konfransa informasiya dəstəyi dünyanın 11 ölkəsindən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi tərəfindən göstərilir.
Bu mötəbər beynəlxalq tədbirin işgüzar proqramının mühüm hadisəsi isə 18-ci Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası konfransı olacaq. Konfrans sərginin ikinci günü, yəni iyun ayının 8-də "Hyatt Regency" mehmanxanasının konfrans zalında keçiriləcəkdir. Konfransda iştirak edəcək 500-dən yuxarı nümayəndə artıq qeydiyyatdan keçib. Onların arasında Azərbaycanın neft və qaz sahəsinin yüksək vəzifəli şəxsləri və aparıcı iştirakçıları, həmçinin müxtəlif dövlətlərdən olan VİP səviyyəli nümayəndə heyətləri vardır.
Qeyd olundu ki, bu il keçirilən konfrans daha yüksək maraq doğurur. Bu isə Azərbaycanın Avropa və dünya bazarlarında enerji daşıyıcılarının aparıcı təchizatçılarından biri kimi artan rolu ilə bağlıdır. Konfransın birinci günü "Xəzər regionu: dünya enerji bazarında dəyişikliklər", "Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Azərbaycanın investisiya baxımından cəlbedici olması" məsələlərinə həsr olunacaq. Tədbirin ikinci günü isə konfrans iştirakçıları kəşfiyyat və hasilat sektorunun əsas layihələri, nəqletmə, yeni layihələr və s. bu kimi mövzuları müzakirə edəcəklər. Ekologiya və ekoloji təhlükəsizlik kimi aktual problemlərin müzakirəsinə də xüsusi yer ayrılmışdır. Qazma əməliyyatları, neft-qaz sektorunda hər hansı obyektin tikintisi ekoloji prioritetləri nəzərə almaqla həyata keçirilməlidir. Buna görə də konfrans iclaslarından biri qabaqcıl ekoloji layihələrin nümayiş etdirilməsinə və neft-qaz sektorunun ekologiyası ilə bağlı gündəmdə duran aktual məsələlərin həllinə yönəlmişdir.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı suallarına da ətraflı cavab verildi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.