Azərbaycan Mərkəzi Bankı idarə heyətinin iclası

Mərkəzi Bankın (MB) idarə heyətinin 2010-cu ilin I rübü üzrə fəaliyyətinin yekunları barədə növbəti iclası keçirilmişdir.
Bankın mətbuat xidmətindən bildirmişlər ki, iclasda ötən rübdə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr, struktur bölmələrinin hesabatları müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, MB pul siyasətini beynəlxalq əmtəə bazarlarında konyunkturun yaxşılaşması və ölkəmizdə iqtisadi artımın davam etməsi şəraitində həyata keçirmişdir. Pul siyasətinin əsas hədəfi olan inflyasiya I rübdə təkrəqəmli səviyyədə olmuş və əsasən xarici bazarlardakı proseslərdən, Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan və mövsümi amillərdən təsirlənmişdir.
Tədiyyə balansının profisiti şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit qalmış, MB valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək özünün valyuta ehtiyatlarını daha da artırmışdır. İlin sonuna tədiyyə balansında irihəcmli profisitin qalacağı proqnozlaşdırılır.
Hesabat dövründə yumşaq pul siyasəti davam etdirilmiş, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat sürətlə artmış, faiz dərəcələri azalmağa meyil göstərmişdir.
Bank sektorunun aktivləri və kredit portfelinin təmkinli artımı davam etmişdir. Banklar xaricə ödədiyindən daha çox vəsait cəlb etmiş, onların likvidliyi və maliyyə dayanıqlığı yüksək səviyyədə saxlanmışdır. Aparılmış stress-testlər bank sisteminin bundan sonra da mümkün xarici şoklara qarşı dayanıqlı olacağını göstərir.
Qeyd olunanları nəzərə alaraq İdarə Heyəti uçot dəcərəsi, faiz dəhlizinin parametrlərinin və məcburi ehtiyat normalarının dəyişməz saxlanılmasını, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasətin davam etdirilməsini məqsədəuyğun saymışdır.
İclasda, həmçinin rüb ərzində bank sektorunda müşahidə olunan tendensiyalar, bank nəzarətinin həyata keçirdiyi tədbirlər və layihələr müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, bu müddətdə bank sektoru sabitliyini qoruyub saxlamış, sektorun həcm göstəriciləri artmış, likvidliyi və kapital mövqeyi sabit və qənaətbəxş olmuşdur. Bank nəzarəti sektorun maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərini həyata keçirmiş, sektorun maliyyə vəziyyəti və meyilləri diqqətlə izlənmişdir.
Daha sonra bank nəzarətinin potensialının və alətlər çərçivəsinin gücləndirilməsi, nəzarət prosesinin effektivliyinin artırılması istiqamətində görülmüş ardıcıl tədbirlər və əldə olunmuş nəticələr barədə müzakirələr aparılmışdır. Bildirilmişdir ki, 2010-cu il üçün bank nəzarətinin qarşısında duran əsas vəzifələr - yaranmış yeni şəraitdə qlobal çağırışlara adaptasiya və nəzarətin texnoloji resurslarının gücləndirilməsi, banklarda risk menecment potensialının artırılması, habelə bank sektorunda institusional inkişaf və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi vacib hədəflərin reallaşmasıdır.
Rüb ərzində bank nəzarətində kontrtsiklik yanaşmanın tətbiqi, stress testinq təcrübəsinin təkmilləşdirilməsi, banklarda yeni prudensial hesabatlılığın tətbiqi, risk-menecment üzrə yeni qaydaların qəbulu və banklardakı risk mütəxəssislərinin sertifikasiya prosesinin ikinci fazasının reallaşdırılması, bank nəzarətinin Menecment İnformasiya Sisteminin və digər vacib layihələrin icrası istiqamətində nailiyyətlər müzakirə edilmişdir.
Qeyd olunanların nəticəsi olaraq, səmərəli və operativ bank nəzarəti siyasətinin, bank sektorunda maliyyə sabitliyinin qorunması istiqamətində ardıcıl tədbirlərin, institusional inkişafa hesablanmış layihələrin icrasının davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.
Ümumilikdə, Mərkəzi Bankda 2010-cu ilin I rübü ərzində qarşıya qoyulan taktiki hədəflərin və cari işlərin yerinə yetirilməsi vəziyyəti qənaətbəxş qiymətləndirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı giriş və yekun nitqlərində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə dəstək verməklə, ilin qalan dövrü üçün pul siyasəti və bank-maliyyə sabitliyi üzrə müəyyən edilmiş hədəflərin reallaşdırılmasının təmin edilməsi tapşırılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında