Ölkənin iqtisadi inkişafı ərzaq təhlükəsizliyi təminatını möhkəmləndirir

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilməsi qloballaşma prosesinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsini təmin etməkdə, onu zəngin və qüdrətli bir dövlətə çevirməkdədir. Bunun nəticəsidir ki, iqtisadi sahədə də Azərbaycan özünün inkişaf modelini yaradaraq, ümumi daxili məhsulun artım tempinə görə son illərdə dünya dövlətlərinin siyahısında lider mövqedən çıxış etməkdədir. İqtisadi inkişaf tempinə görə artıq dünya miqyasında adı daha çox nümunəvi dövlət kimi çəkilməkdə olan Azərbaycanı bu sahədə fərqləndirən əsas xüsusiyyətlərdən biri də ərzaq təhlükəsizliyi sferasında ciddi nailiyyətlərə imza atması, bununla bağlı olaraq daxili imkanlar hesabına mühüm strateji məhsullarla özünü təmin etməsidir.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın daxili imkanlar hesabına əsas ərzaq məhsulları ilə təminatına xüsusi fikir verilmiş və buna nail olunması üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son nəticədə ölkəmizin bir çox strateji ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə gətirib çıxarmışdır. Azərbaycan dövlət başçısının bu məqsədlə verdiyi fərman və sərəncamlar, təsdiq etdiyi müvafiq proqramlar ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkəmizin imkanlarını günü-gündən genişləndirməkdə, qeyd edilən sahə üzrə daha etibarlı zəmin yaratmaqdadır. O da faktdır ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. Dünya bazarlarında yenidən enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə əsasən, iqtisadçı ekspertlər qarşıdakı dövr ərzində ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin artacağını proqnozlaşdırırlar. Bu şəraitdə isə ərzaq idxalı sahəsində də müəyyən çətinliklərin yaşanacağı istisna olunmur. Lakin Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsini şərtləndirir.
Xatırladaq ki, 2001-ci ildə isə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə oldu. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı. Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasının təmin edilməsində vacib rol oynadı. Sonrakı dövr ərzində isə ərzaq təhlükəsizliyinin təminatı məsələsində atılan addımlar və görülən tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi uğurların miqyasını əhəmiyyətli dərəcədə genişləndirdi. Bununla əlaqədar bir neçə məqama diqqət yetirək. Dövlət başçısı 1 may 2008-ci il tarixdə "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında" sərəncam imzaladı. Eyni zamanda, 2008-ci ilin dövlət büdcəsində edilən dəyişikliklərə müvafiq olaraq ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, ilk növbədə, aqrar sektora dövlət dəstəyinin artırılması, meliorasiya və irriqasiya işlərinin sürətləndirilməsi, əsas ərzaq məhsulu olan taxıl ehtiyatlarının yaradılması ilə bağlı xüsusi anbarların tikilməsi, xüsusi avadanlıqların alınması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması barədə qərar qəbul olundu. Bütün bunlar Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində gördüyü işlərin miqyasının artmasından xəbər verməklə yanaşı, bu sahədə yeni və daha uzunmüddətli strategiyanın da həyata keçirilməsini zəruri edirdi. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu. Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: ölkədə ərzaq məhsulları istehsalını artırmaq; əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək; ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.
Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçirilən və keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməkdədir.
Aparılan araşdırmalar göstərir ki, artıq Azərbaycan dünyanın 90-a yaxın ölkəsinə müxtəlif həcm və çeşiddə 30-dan çox adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edir. Ümumiyyətlə, aparılan aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etməkdə və müvafiq olaraq adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmaqdadır. Həyata keçirilən tədbirlər, bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub və bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Qeyd edildiyi kimi, artıq kartofa, tərəvəz, bostan məhsullarına və meyvəyə əhalinin illik tələbatı daxili istehsal hesabına təmin olunur və onların ixrac imkanları genişlənir. O da vacib reallıqlardan biridir ki, istehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir. Bu məqam əvvəlcədən nəzərə alındığından son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilib, onlarla yeni kiçik və iri müəssisələr tikilib, yaxud bərpa olunaraq yenidən fəaliyyətə başlayıb. Bununla yanaşı, məhsulun alqı-satqısı üçün yeni iqtisadi münasibətlərə uyğun bazarın mühüm atributlarının, infrastrukturunun yaradılması prosesi bu gün də geniş vüsətlə davam etdirilir. Artıq xeyli sayda tədarük-satış bazaları yaradıldığından meyvə-tərəvəzin yerlərdə tədarükü, saxlanılması və satışı artır. Hesablamalara görə, bu sahədə görülən işlər nəticəsində hər il yetişdirilmiş meyvə və tərəvəzin 10-15 faizi həcmində əvvəllər qeydə alınan itkinin də qarşısı alınıb. Eyni zamanda, mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqlarının müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların tikilməsi prosesi geniş vüsət alıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün çeşidləmə, qablaşdırma, saxlama, reklam, nəqliyyat məsələləri də uğurla həll olunmaqda, istehsala və ixraca stimul yaradan tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyev bu məqama toxunaraq bildirmişdir: "Kənd təsərrüfatının inkişafını təmin edən başqa sahələrə də biz əlbəttə ki, diqqətimizi əsirgəməməliyik. Bu həm iqtisadi, həm də sosial baxımdan çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki, növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal edəcəyik və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac yollarımızı daha da genişləndirməliyik. Əlbəttə ki, ənənəvi bazarlar vardır və biz o bazarlarda daha da geniş təmsil olunmalıyıq. Ancaq biz yeni bazarları da axtarmalıyıq. Nəzərə alsaq ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim ətrafımızdadır. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla çıxa bilsinlər. Bunun üçün əlbəttə ki, müəssisələr müəyyən standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində yaradılan emal müəssisələri bu standartlara cavab verir".
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Dövlət ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə müvafiq işlər görülüb və bu çərçivədə Dövlət Taxıl Fondu yaradılıb. Bu sahədə həmçinin müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi vəzifələrin yerinə yetirilməsində ciddi uğurlara imza atılıb.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında