Şriftin ölçüsü:
01.06.2011 10:49 | Oxunma sayı: 791
Mayın 31-də "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Kəngərli rayon bazasının yeni inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Kəngərli rayonunda 2010-cu ilin payızında 2821 hektar sahədə taxıl əkilmişdir. Cari ildə isə 2079 hektar ərazidə yazlıq əkin aparılmışdır. Rayon ərazisində 1564 hektar çox illik əkmələr mövcuddur. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazasının yaradılması rayonda kənd təsərrüfatının inkişafına təkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazasının istifadəyə verilməsi münasibətilə kollektivi, kənd təsərrüfatı məhsulları istehsalçılarını təbrik edərək demişdir: Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2004-cü il 23 oktyabr tarixli Sərəncamı ilə aqrolizinq xidməti yaradılmışdır. Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aqrolizinq xidməti təşkil edilmiş, ardıcıllıqla onun rayon bazaları yaradılaraq fəaliyyətə başlamışdır. Bu gün "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazası istifadəyə verilir. Ordubad rayonunda da aqrolizinq xidmətinin yaradılması üçün işlərə başlanılmışdır və tezliklə orada da bu cür xidmət təşkil olunacaqdır.
Aqrolizinq xidməti muxtar respublikamız üçün vacib sahələrdən biridir. Ona görə ki, Naxçıvan Muxtar Respublikasında əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatı sahəsində texnikaların tətbiqi əl əməyinin yüngülləşdirilməsi, rentabelliyin artırılması, məhsuldarlığın yüksəldilməsi deməkdir. Bütün bunlar isə torpaqlardan səmərəli istifadə olunmasına şərait yaradır. Əl əməyi yüngülləşdikcə məhsulun rentabelliyi artır, əkin dövriyyəsinə yeni torpaqlar daxil edilir. Ona görə də aqrolizinq xidmətinin təşkili yeni yaradılmış rayonda vacib sahələrdən biridir.
Ali Məclisin sədri Kəngərli rayonundakı 6858 hektar əkinəyararlı torpaq sahəsinin 5 min hektarından istifadə olunduğunu bildirərək demişdir: Əkin dövriyyəsinə daxil edilən torpaq sahələrinə aqrotexniki xidmət göstərilməsi, məhsul istehsalçılarının kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi baxımından rayonda aqrolizinq xidmətinin yaradılması mühüm əhəmiyyət daşıyır. Texnikalarla bərabər torpaq mülkiyyətçilərinə gübrələrin verilməsi işi də aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. Əvvəllər torpaq mülkiyyətçilərinə verilən gübrələr mərkəzi anbardan gətirilirdi. Bundan sonra rayonda gübrələrin verilməsini "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazası təmin edəcəkdir. Buradakı texnikalar kənd təsərrüfatı sahəsində tətbiq olunan qiymətlərə dövlət nəzarətinin həyata keçirilməsinə şərait yaradacaqdır. Aqrolizinq xidməti digər tərəfdən isə rayonda fəaliyyət göstərən fiziki şəxslərdə olan kənd təsərrüfatı texnikalarının təmirini və onların ehtiyat hissələri ilə təmin edilməsini də həyata keçirəcəkdir. Kəngərli rayonunda əkilmiş 5 min hektara yaxın sahənin aqrotexniki qaydalara uyğun becərilməsinin vacibliyi rayonda aqrolizinq xidmətinin yaradılmasına səbəb olmuşdur. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon bazasının fəaliyyətə başlaması ilə yeni iş yerləri də açılmışdır. Bu da imkan verəcəkdir ki, aqrolizinq sahəsində çalışanlar burada mütəxəssis kimi yetişsinlər, fiziki şəxslərdə və bazada olan texnikalara vaxtında texniki xidmət göstərilsin, eyni zamanda, məhsul yığımı zamanı kənd təsərrüfatı texnikaları lazımi ehtiyat hissələri ilə təmin edilsin. Əminik ki, rayonda kənd təsərrüfatı sahəsində görüləcək işlər vaxtında həyata keçiriləcək, Kəngərli rayonunda əkilməyən sahələr də əkin dövriyyəsinə daxil ediləcək, əldə edilən məhsulların rentabelliyi yüksəldiləcəkdir.
Ali Məclisin sədri bu işdə kollektivə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra bazaya baxış olmuşdur.
Bazanın ərazisində inzibati bina, gübrə anbarları inşa edilmiş, təmir sexi və texniki park yaradılmışdır. İki mərtəbədən ibarət inzibati binanın birinci mərtəbəsində yeməkxana, təmir sexi və ehtiyat hissələri üçün anbarlar, ikinci mərtəbədə isə iş otaqları yerləşir. Təmir sexində müxtəlif kənd təsərrüfatı texnikalarının təmiri üçün avadanlıqlar quraşdırılmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rayonda aparılan tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.