Mayın 27-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Parlamentin sədri Oqtay Əsədov əvvəlcə deputatları və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik etmişdir.
Milli Məclisin sədri demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi ildən-ilə möhkəmlənəcək və xalqımızın rifahı daha da yüksələcəkdir.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi başlanmışdır.
Əvvəlcə "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılmışdır.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qanun layihəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu Sazişin təsdiqi Azərbaycan ilə Müqəddəs Taxt-tac arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.
Saziş səs çoxluğu ilə təsdiq edilmişdir.
Sonra iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki digər qanun layihələri - "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında", "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihələrini müzakirəyə təqdim etmişdir.
Z.Səmədzadə bildirmişdir ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və 2010-cu ilin dövlət büdcəsinin icrasına dair hesabat "Büdcə sistemi haqqında" Qanunun tələblərinə uyğun hazırlanmışdır. Komitə sədri demişdir ki, dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamaqla yanaşı, bir sıra uğurlara da imza atmışdır. Ötən il dövlət büdcəsi ölkəmizin milli maraqlarına uyğun olaraq uğurla icra edilmiş, əsas göstəricilər reallaşmışdır. Xüsusilə qeyd edilmişdir ki, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bütün strateji proqramlar tam həyata keçirilmişdir.
Sonra maliyyə naziri Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat vermiş, bəzi rəqəmləri diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, respublikamızın 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra edilmişdir ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olunmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat artıqdır. Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur.
2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra edilmişdir ki, bu da 2009-cu ildəki müvafiq göstəricini 1 milyard 262 milyon manat üstələmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, mənzil-kommunal təsərrüfatı, sənaye, tikinti xərclərinə 11,6 faizədək çox vəsait yönəldilmişdir. 2010-cu ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılmışdır.
ёPrezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiyaların baza hissəsinin 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır. Bununla yanaşı, aztəminatlı şəxslərə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır.
Şəhid ailələri üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri və liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına imkan yaratmış, bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.
Bütövlükdə, 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmamışdır.
Sonra "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilmişdir.
Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və s. sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.
Nazir demişdir ki, hazırda dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, 80 faizdən artıq üstələyir. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.
Bu müsbət amillər nəzərə alınmaqla qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulmuşdur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur. Qanun layihəsində 2011-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 193 milyon manat artırılaraq 15 milyard 941 milyon manata çatdırılması öz əksini tapmışdır. Bu, 2011-ci ilin təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 4 milyard 175 milyon manat və ya 35,5 faiz çoxdur. Artımlardan sonra strukturuna görə 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4 faizini və ya 7 milyard 717 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7 milyard 878 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 347 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.
2011-ci il dövlət büdcəsinin təklif olunan əlavə gəlirləri hesabına dövlət büdcəsinin kəsiri 387 milyon manatadək azaldılacaqdır.
Qanun layihəsində 2011-ci il icmal büdcənin gəlirlərinin 4 milyard 454 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 28,6 faiz artırılması nəzərdə tutulmuşdur. Artımın 3 milyard 684 milyon manatını və ya 82,7 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 770 milyon manatını və ya 17,3 faizini dövlət büdcəsinin gəlirləri təşkil edəcəkdir.
Maliyyə naziri "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" də məlumat vermişdir.
Nazir bildirmişdir ki, cari il iyulun 1-dən 2006-cı ilin yanvar ayının 1-dək, eləcə də 2006-cı ilin yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları artırılacaqdır. Bu artım 850 minə yaxın insana şamil olunacaq və onların pensiyaları orta hesabla 40 faiz artırılacaqdır. Bunun üçün də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 195 milyon manat köçürüləcəkdir.
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırmışdır. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, Milli Məclisə təqdim edilmiş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmışdır.
Hesablama Palatası 2011-ci ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə də rəy vermişdir. Hesablama Palatası da ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, mövcud maliyyə resurslarının səmərəli istifadə edilməsi, pensiya islahatlarının daha intensiv aparılması və bütövlükdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, strateji investisiya layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin artırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununa dəyişikliklər edilməsi barədə" qanun layihəsinin Milli Məclisdə təsdiq olunmasını məqsədəmüvafiq hesab etmişdir.
Müzakirələr zamanı deputatlar hər üç layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda hər üç qanun layihəsi səs çoxluğu ilə təsdiq edilmişdir.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.