Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər edəcək

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər edəcəkdir. Bununla əlaqədar qanun layihəsi Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 23-də keçirilmiş iclasında müzakirə olunmuşdur. 
Komitə sədri Ziyad Səmədzadə əvvəlcə gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə məlumat vermişdir. O demişdir ki, 2010-cu il də ölkəmizdə iqtisadi sahədə uğurlu dövr kimi yadda qalmışdır. Ötən il dövlət büdcəsi ölkəmizin milli maraqlarına uyğun olaraq uğurla icra edilmiş, əsas göstəricilər reallaşmışdır. Xüsusilə qeyd edilmişdir ki, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bütün strateji proqramlar tam həyata keçirilmişdir.
Sonra maliyyə naziri Samir Şərifov 2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı bəzi rəqəmləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, respublikamızın 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra edilmişdir ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat artıqdır.
Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur.
2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra edilmişdir ki, bu da 2009-cu ildəki müvafiq göstəricini 1 milyard 262 milyon manat üstələmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, mənzil-kommunal təsərrüfatı, sənaye, tikinti xərclərinə 11,6 faizədək çox vəsait yönəldilmişdir. 2010-cu ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiyaların baza hissəsinin 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maasları orta hesabla 10 faiz artırılmışdır. Bununla yanaşı, aztəminatlı şəxslərə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır.
Şəhid ailələri üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri və liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına imkan yaratmış, bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.
Bütövlükdə 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmamışdır.
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırmışdır. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, Milli Məclisə təqdim edilmiş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmışdır.
Müzakirələr zamanı Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Vahid Əhmədov, Əli Məsimli 2010-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini bildirmişlər.
Daha sonra "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilmişdir.
Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və s. sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.
Nazirin sözlərinə görə, hazırda dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, 80 faizdən artıq üstələyir. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.
Bu müsbət amillər nəzərə alınmaqla qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulmuşdur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur.
Qanun layihəsində 2011-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 193 milyon manat artırılaraq 15 milyard 941 milyon manata çatdırılması öz əksini tapmışdır. Bu, 2011-ci ilin təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 4 milyard 175 milyon manat və ya 35,5 faiz çoxdur. Artımlardan sonra strukturuna görə 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4 faizini və ya 7 milyard 717 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7 milyard 878 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 347 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.
2011-ci il dövlət büdcəsinin təklif olunan əlavə gəlirləri hesabına dövlət büdcəsinin kəsiri 387 milyon manatadək azaldılacaqdır.
Qanun layihəsində 2011-ci il icmal büdcənin gəlirlərinin 4 milyard 454 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 28,6 faiz artırılması nəzərdə tutulmuşdur. Artımın 3 milyard 684 milyon manatını və ya 82,7 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 770 milyon manatını və ya 17,3 faizini dövlət büdcəsinin gəlirləri təşkil edəcəkdir.
Bu məsələ ilə də əlaqədar Hesablama Palatasının rəyi dinlənilmişdir. Hesablama Palatası da ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, mövcud maliyyə resurslarının səmərəli istifadə edilməsi, pensiya islahatlarının daha intensiv aparılması və bütövlükdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, strateji investisiya layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin artırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununa dəyişikliklər edilməsi barədə" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim olunmasını məqsədəmüvafiq hesab etmişdir.
Müzakirələr zamanı Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov məsələ ilə bağlı fikirlərini bildirmişlər. Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirmişdir.
İqtisadi siyasət komitəsinin iclasında "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" məsələyə də baxılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklərdən sonra iyulun 1-dən 195 milyon manata ehtiyac vardır. Dəyişikliklərdə fondun büdcəsinə əlavə olaraq 195 milyon manatın köçürülməsi nəzərdə tutulmuşdur.
İclasın sonunda "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə də münasibət bildirilmişdir.
Sonda müzakirə olunan qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında