Ölkəmizin iqtisadi qüdrəti artdıqca regionların inkişafı daha geniş vüsət alır

Saatlı rayonunda aparılan abadlıq və yenidənqurma işləri də bunu təsdiqləyir
Azərbaycanın sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması qarşıya qoyulmuş iri infrastruktur layihələrin reallaşdırılmasına böyük zəmin yaradıb. Hətta 2009-2010-cu illərdə dünyanı qlobal maliyyə və iqtisadi böhran ağuşuna alsa da, Azərbaycan öz inkişaf yolunu davam etdirmiş, əhalinin sosial rifah halının yaxşılaşdırılması, nəzərdə tutulan proqramların həyata keçirilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində irəliləyişlər qeydə alınmışdır. Ümumilikdə, Azərbaycanın iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında da qiymətləndirilir. Son illər ölkəmizin bütün sahələr üzrə reytinqləri xeyli artıb.
Qürurla qeyd etməliyik ki, son bir neçə ildə iqtisadi artım göstəricisinə görə Azərbaycan nəinki regionda, hətta dünyada birinci yerdədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması nəticəsində əyalətlərdə beynəlxalq standartlara cavab verən yeni iş yerləri yaradılmış, abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əhalinin həyat tərzi yüksəlir, yoxsulluğun səviyyəsi azalır, insanları ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atılır.
Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər öz həllini tapdıqca əsas infrastruktur layihələrinin reallaşdırılması da müvəffəqiyyətlə həyata keçirilir. Dövlətimizin başçısı tez-tez regionlarda olur. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin icrası ilə yerində tanış olur, yeni yaradılmış müəssisələrin açılış mərasimlərində iştirak edir, digərlərinin təməlini qoyur. Bu günlərdə möhtərəm Prezidentimiz Saatlı rayonunda olmuş, sakinlərlə görüşmüş, onları diqqətlə dinləmiş, qaldırılan məsələlərlə əlaqədar müvafiq təşkişlatlara tapşırıqlar vermişdir. Onu da qeyd edək ki, dövlət başçımızın hər dəfə Saatlı rayonuna gəlişi sanki toy-bayramı xatırladır.
Ötən il Saatlı rayonu da təbii fəlakətdən ciddi ziyan çəkən rayonlardan olmuşdur. Sarı su gölünün daşması, Araz və Kür çaylarının məcraya salınması rayonun bir neçə kəndlərini su altına almış, yaşayış evlərinə ciddi ziyan dəymiş, çoxlu sayda mal-qara tələf olmuş, əkin sahələri su altında qalmışdır. O zaman möhtərəm Prezidentimiz sel su daşqınlarından əziyyət çəkən sakinlərlə görüşərkən, onları əmin etmişdir ki, təbii fəlakətin vurduğu ziyanlar dövlətin vəsaiti hesabına aradan qaldırılacaq, sel-su daşqınları altında qalmış evlərin yerində hər cür şəraiti olan evlər tikiləcək. Təmir-bərpa işləri aparılacaq, yollar asfaltlaşdırılacaq. İlk baxışdan buna inanmaq olmurdu. Axı tarixində asfalt görməyən kənd yollarının asfaltlaşdırılması, bu qədər evlərin yerinə yenilərini tikmək, təbii fəlakətdən zərər çəkən insanlara kompensasiyaların verilməsi xeyli vəsait tələb edirdi. Dövlətimizin başçısı əhali ilə görüşdən sonra təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması məqsədilə dövlət büdcəsindən 300 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzaladı və bundan dərhal sonra yenidənqurma və bərpa işlərinə başlanılması əhalinin bütün narahatçılığına son qoydu. Bunun ardınca dövlət başçısının sel-suları nəticəsində dağılmış Saatlı - Musalı - Məzrəli avtomobil yolunun yenidən çəkilməsi ilə əlaqədar sərəncam imzalaması və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayırması əhalinin inamını daha da artırdı. Bu yol subasmadan sonra sıradan çıxmışdı. Saatlı və İmişli rayonlarını birləşdirən yolun yenidən qurulması sürətlə başa çatdırıldı.
Möhtərəm Prezidentimizin 2010-cu ildə imzaladığı sərəncama əsasən yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan hazırda 20 mindən artıq sakin istifadə edir. Bu yolun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometr qısalmışdır. Qeyd etdiyim kimi, rayonumuzun tarixi ərzində Saatlı - Musalı - Məzrəli yolu bu cür abad və rahat olmamışdır. Yol kənarında piyadalar üçün səkilər düzəldilmiş, ağaclar əkilmiş, ərazi abadlaşdırılmışdır. Avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bütün bunlar dövlətimizin diqqət və qayğısı sayəsində rayonda aparılan quruculuq işlərinin davamlı xarakter aldığını göstərir.
Azərbaycan Prezidenti rayon sakinləri ilə görüşü zamanı Saatlıda görülən abadlıq və yenidənqurma işlərindən məmnunluğunu bildirdi. Sakinlərin diqqətinə çatdırıldı ki, rayonun gələcək inkişafı ilə bağlı müvafiq göstərişlər verilib. Dövlət başçısı təbii fəlakətin vurduğu bütün ziyanların aradan qaldırılacağını bir daha vurğuladı. Bu sahədə görülən işlərin hamının ürəyincə olduğu sakinlərin üz-gözlərindən hiss olunurdu. Axı niyə də olmasın? Təbii fəlakətdən sonra Yeni Novruzlu kənd sakinləri üçün 178 evdən ibarət böyük bir qəsəbə salınmışdır. Bu qəsəbədə bütün infrastrukturlar yüksək səviyyədə qurulmuşdur. Artıq bu qəsəbə sakinlərin ixtiyarına verilmişdir. Bundan əlavə, daha 350 yeni ev tikilmiş, qəzalı vəziyyətdə olan evlərdə təmir-bərpa işləri aparılmış və bu işlər hazırda davam etdirilir. Bunlarla yanaşı məktəblər, yollar, sosial obyektlər və digər sahələr yenidən qurulur.
Son illər rayonda aparılan yenidənqurma işlərindən və yeni iş yerlərinin yaradılmasından razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyətinin nümayəndələri ilə görüşü zamanı dedi: " Sağ olun. Saatlı rayonunda iqtisadi məsələlər də öz həllini tapmaqdadır. Yeni müəssisələr tikilir, zavodlar, bazalar. Bu gün "Aqroservis" bazası tikilibdir. Buna da çox böyük ehtiyac vardır. Çünki indi bütün rayonlarda soyuducu anbarlar tikilir ki, fermerlər məhsullarını saxlaya bilsinlər".
Möhtərəm Prezidentimiz rayon icra hakimiyyətinin nümayəndələri ilə görüşü zamanı onları əmin etdi ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında bütün məsələlər nəzərdə tutulub. Əhalini ən çox narahat edən problemlərdən birinin rayonun qazlaşdırılmasının olduğu dövlət başçısının diqqətindən yayınmadı. Bu problemin bu il və gələn ilin sonuna qədər aradan qaldırılacağı qeyd edildi. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələrinin diqqətinə çatdırdı ki, onun göstərişi əsasında Dövlət Neft Şirkəti 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələrində - harada ki, mümkündür qazlaşdırma işləri başa çatdırılacaq. Bununla yanaşı, əhalinin içməli suyu olan tələbatı da tam ödəniləcək. Rayonda müasir tələblərə cavab verən kanalizasiya sisteminin inşa olunması da həlli vacib məsələlərdəndir. Bu problemin də aradan qaldırılması istiqamətində ciddi işlər görülür.
Əhalinin sağlamlığının qorunması dövlət başçımızın daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Son illər regionlarda ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bu vaxta qədər 31 Olimpiya İdman Kompleksinin tikilməsi gənc nəslin fiziki cəhətdən qüvvətli və sağlam böyümələri üçün böyük zəmin yaradır. Dövlətimizin başçısı Saatlıda da gözəl, müasir xəstəxana tikiləcəyini bildirdi. Bundan başqa, rayonda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzinin tikilməsinin vacibliyini qeyd etdi. Artıq möhtərəm Prezidentimiz bu məqsədlə sərəncam da imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" 12 may 2011-ci il tarixli sərəncamının birinci bəndində deyilir: "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılsın".
Bundan bir gün əvvəl - 11 may 2011-ci il tarixdə isə möhtərəm Prezidentimiz digər rayonlarla yanaşı Saatlı rayonunun da sosial-iqtisadi inkişafında daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamda "Azərbaycan Respubilkası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Saatlıda da uğurla yerinə yetirilməsi qeyd edilir. Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat vəsait ayrılmışdır. Dövlət başçımızın hər iki sərəncamı rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır, hamı bunu möhtərəm Prezidentimizin insanlara daimi qayğısı kimi qiymətləndirirlər.
Ümumiyyətlə, son illərdə Saatlı rayonunda aparılan yenidənqurma, abadlıq işləri, yeni müəssisələrin yaradılması istiqamətində həyata keçirilən tədbirlər hamının ürəyincədir. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun təşkilatçılığı və yorulmaz fəaliyyəti nəticəsində rayonda salınmış Heydər Əliyev Parkı, digər istirahət mərkəzləri rayon ictimaiyyətinin sevimli yerlərinə çevrilib. Rayonda açılmış Biyan məhsulları istehsalı müəssisəsində 500 nəfər işlə təmin olunub. Bu günlərdə istifadəyə verilmiş 10 ton meyvə-tərəvəz tutumu olan soyuducu anbarda, dövlət başçımızın da açılışında iştirak etdiyi "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialında çoxlu sayda rayon sakini işlə təmin olunacaq.
Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri böyük sevinclə qarşılandı. Artıq rayonumuz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçımızın diqqət və qayğısı nəticəsində rayonda abadlıq və yenidənqurma işləri daha geniş vüsət alacaq və beynəlxalq standartlara uyğun yeni müəssisələr yaradılacaq.

{nl}

Əliağa QURBANOV, Saatlı Rayon Veteranlar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında