"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur

"Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur.
Layihə parlamentə Konstitusiyanın və "Büdcə sistemi haqqında" Qanunun müvafiq maddələrinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən təqdim edilmişdir.
Qanun layihəsi mayın 23-də parlamentin komitələrinin birgə iclasında müzakirə olunacaqdır.
Milli Məclisdən bildirmişlər ki, 2011-ci il dövlət büdcəsinə təklif olunan dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Bu tədbirlərin və layihələrin maliyyələşdirilməsi üçün əlavə olaraq dövlət büdcəsinə 3 milyard manatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulmuşdur.
Dünya neft bazarlarındakı müsbət konyunkturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.
Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barrelinin qiyməti 80 ABŞ dolları səviyyəsinədək çatdırılmışdır. (2011-ci il təsdiq edilmiş dövlət büdcəsində bu göstərici 60 ABŞ dollarıdır).
Müvafiq olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 3493,2 milyon manat məbləğində artırılmışdır. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15554,2 milyon manat olacaqdır ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29,0 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin artımının 770 milyon manatı vergi və gömrük daxilolmaları, 2,7 milyard manatı isə Dövlət Neft Fondunun transferti hesabına təmin edilməsi nəzərdə tutulur.
2011-ci il dövlət büdcəsi xərcləri isə 15941,2 milyon manat təşkil etməklə təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 3193,2 milyon manat və ya 25,0 faiz artırılmışdır.
Xərclərin 48,4 faizini və ya 7716,5 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7878,0 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir.
2011-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687,0 milyon manat vəsaitin əlavə gəlirlər hesabına 300,0 milyon manat azaldılması nəzərdə tutulur.
Yenidən baxılma nəticəsində icmal büdcənin xərclərinin yuxarı həddi 18634,3 milyon manat, profisiti 1368,5 milyon manat təşkil edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında