"Naxçıvan Meyvə-Tərəvəz Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilmişdir

Mayın 20-də "Naxçıvan Meyvə Tərəvəz Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov demişdir ki, yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq 2010-cu ildə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 78 layihə, bu ilin ötən dövründə isə 3 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilmişdi, 38 layihə üzrə istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Dövlətin maliyyə dəstəyi ilə yaradılan istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov soyuducu anbarın, cipsi istehsalı və inkubator sexlərinin istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Natiq demişdir: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi muxtar respublikada da yeni müəssisələr qurulur. Soyuducu anbarın qurulmasına 2 milyon 292 min manat dövlət vəsaiti sərf edilmişdir. Muxtar respublika əhalisinin 70 faizinin kənd təsərrüfatı ilə məşğul olması nəzərə alınaraq kənd təsərrüfatı təyinatlı müəssisələrin qurulmasına diqqət artırılıb. Bu gün istifadəyə verilən soyuducu anbar, cipsi və inkubator sexləri də əsasən kənd təsərrüfatı təyinatlıdır. Üç min ton tutumu olan soyuducu anbarda muxtar respublikada yetişdirilmiş keyfiyyətli meyvə və tərəvəz məhsulları saxlanılacaqdır.
Ali Məclisin sədri muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan illik tələbatının ödənilməsində soyuducu anbarların mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir ki, inkubator sexi də muxtar respublika üçün vacib sahələrdəndir. Naxçıvan Muxtar Respublikasında quşçuluq sənayesi inkişaf etməkdədir. Quşçuluq fabriklərini yerli cücələrlə təmin etmək üçün belə bir sexin qurulmasına böyük ehtiyac var idi. Artıq inkubator sexi fəaliyyətə başlayıb. Bu, son hədd deyil. Əminik ki, muxtar respublikanın əlaqədar təşkilatları quşçuluq fabriklərində də inkubator sexlərinin yaradılmasını təşkil edəcəklər. Quşçuluğun, heyvandarlığın inkişafı üçün qüvvəli yem istehsalı vacib sahələrdən biridir. Muxtar respublikamızda artıq bu sahə də qurulur və qısa müddət ərzində istifadəyə veriləcəkdir.
Ali Məclisin sədri diqqəti yerli xammalla işləyən müəssisələrin qurulmasına cəlb etmişdir: Cipsi kartofdan istehsal olunur. Xammalı muxtar respublikamızda mövcud olan cipsiyə əhalinin tələbatı yüz faiz xarici məhsul hesabına ödənilirdi. Yeni müəssisənin istifadəyə verilməsi muxtar respublika əhalisinin cipsiyə olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaqdır. Kənd təsərrüfatı təmayüllü müəssisələrin qurulması muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. Ayrılmış kreditlərin əsas hissəsi belə müəssisələrin yaradılmasına sərf olunur. Belə tədbirlərin həyata keçirilməsi yerli istehsalın inkişafına təkan verir, muxtar respublika əhalisinin tələbatı yerli istehsal hesabına ödənilir, yeni iş yerləri açılır. Bu işlər bundan sonra da davam etdiriləcəkdir. Muxtar respublikanın əlaqədar təşkilatları istehsal olunan məhsulların keyfiyyətinə diqqəti artırmalı, istehsal müəssisələrində çalışanların peşə ixtisaslarına yiyələnmələri üçün lazımi tədbirlər həyata keçirməli, qurulanlardan səmərəli istifadə olunmalıdır.
Ali Məclisin sədri qurulanların öz bəhrəsini verəcəyinə, muxtar respublikamızda yaradılan yeni müəssisələrdə keyfiyyətli məhsullar istehsal ediləcəyinə əmin olduğunu bildirmiş, kollektivlərə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra soyuducu anbara baxış olmuşdur.
Məlumat verilmişdir ki, ümumi tutumu 3000 ton olan 2 modul tipli soyuducu anbar 9 kameradan ibarətdir. Kameralarda temperatur mənfi 25 dərəcədən müsbət 15 dərəcəyədək tənzimlənmişdir ki, bu da kartof, tərəvəz, bostan, ət və süd məhsullarının saxlanılmasına imkan verir. On altı min kvadratmetr ərazini əhatə edən soyuducu anbarın avadanlıqları İtaliya, Almaniya və Türkiyə istehsalıdır.
Həmin gün "Araz-3" Məhdud Məsuliyyətli Cəmiyyətində cipsi istehsalı və inkubator sexlərinin açılışı olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında