Dəyişən dünyanın Çin mənzərəsi

Dünya təsərrüfat sistemi fasiləsiz dəyişikliklərə məruz qalır. Qlobal güc mərkəzləri arasında formalaşmış qüvvələr  nisbəti dəyişir, yeni regional inteqrasiya qruplaşmaları yaranır, təsərrüfat əməliyyatlarının getdikcə daha çox hissəsi qlobal istehsal kompleksləri və informasiya şəbəkələri çərçivəsində həyata keçirilir. 2008-2009-cu illərin qlobal maliyyə böhranı zamanı həmin proseslər daha da sürətlənmişdir. Beynəlxalq iqtisadi sistemin konfiqurasiyası yeni əlamətlərlə zənginləşir, dünya bazarında aparıcı oyunçuların vəziyyətləri modifikasiyaya uğrayır.

{nl}

İnformasiyaya əsaslanan istehsal və rəqabətin beynəlxalq əmək bölgüsü sistemində formalaşan qloballaşma ölkələrarası asılılıq, regionallaşma və hər bir regionda diversifikiasiyanın durmadan artması ilə xarakterizə edilir, tarixən formalaşmış iqtisadi coğrafiyanın dəyişdirilməsinə doğru aparır.

{nl}

Hər bir ölkədə geniş təkrar istehsal prosesinin mühüm amillərindən biri olan beynəlxalq əmək bölgüsü (BƏB) milli iqtisadiyyatla qlobal iqtisadiyyatın qarşılıqlı əlaqəsini şərtləndirir, zəruri beynəlxalq iqtisadi proporsiyaları formalaşdırır və inkişaf etdirir.

{nl}

Qloballaşma dövründə baş verən informasiya və texnologiya inqilabları təbii şəraitin və təbii sərvətlərin həlledici rolunu ikinci plana keçirir. Müasir dövrdə hər bir ölkədə sosial-iqtisadi tərəqqi informasiya və texnologiya sahəsində durmadan baş verən dəyişikliklərdən necə və nə dərəcədə istifadə olunmasından asılıdır.

{nl}

Sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma proseslərinin ən böyük kəşflərindən birinin “Çin möcüzə”si olduğunu desək, yəqin ki, mübaliğəyə yol vermərik. Heç təsadüfi deyildir ki, Azərbaycanın görkəmli alimi və ictimai xadimi akademik Ziyad Səmədzadə “Çin qlobal dünya iqtisadiyyatında” adlı əsərini məhz “Çin möcüzəsi”nin hərtərəfli elmi təhlilinə, Çinin dəyişən dünyada mövqeyi və rolunun transformasiyası problemlərinin tədqiqinə həsr etmişdir.

{nl}

Azərbaycan iqtisad elminin ağsaqqalı özünün dərin və hərtərəfli təfəkkür tərzi ilə əsərin birinci fəslində dünya ölkələrinin inkişaf səviyyəsinin dəyişilməsi meyillərini tədqiq edir, dünyanın mənzərəsinin necə tansformasiya etməsi  ilə oxucuların biliklərini zənginləşdirir.

{nl}

Məlum olduğu kimi, qloballaşma prosesləri sənaye ölkələrində irimaşınlı  sənayenin inkişafının daha da sürətlənməsi ilə nəticələnir. Bu isə istehsalın miqyasını əvvəllər görünməmiş dərəcədə artırmaqla, onların satışı və xammal mənbələri uğrunda dünya bazarında gedən mübarizəni olduqca kəskinləşdirir. ABŞ iqtisadçısı Phillip G.Cernynin göstərdiyi kimi, bu gün bizim son bir əsr yarımda tanıdığımız dövlətlər onların funksiyalarını, rollarını və fəaliyyətlərini ciddi şəkildə dəyişdirən və məhdudlaşdıran güc sistemlərinin yenidən qurulmasına nail olurlar.

{nl}

Həmin güc sistemlərinin yenidən qurulması prosesləri Azərbaycanın iqtisad elmində ilk dəfə olaraq əhatəli şəkildə, məhz hörmətli akademikin əsərində öz əksini tapmışdır. Bu güc mərkəzləri içərisində Çin fenomeni istər elmi, istərsə də praktiki baxımdan böyük əhəmiyyət kəsb edir. Dünya mütəxəssisləri tərəfindən sosial-iqtisadi inkişafın Çin modeli birmənalı olaraq unikal bir yol kimi qəbul olunur. Bu, Çin sivilizasiyasının qədimliyi və nəhəngliyi ilə əlaqədardır. Kitab müəllifinin qeyd etdiyi kimi: “Çin qədim dünyanın dörd nəhəng sivilizasiyasından birinin vətənidir. Bütün qədim sivilizasiyalardan yalnız Çin sivilizasiyası inkişafın sonu və tənəzzüllə nəticələnən ağır kataklizmlərdən xilas ola bilmişdir”. Həqiqətən, çinlilər elə bir mentalitetə, elə bir psixoloji bazaya malikdirlər ki, onları istənilən digər xalqların insanları ilə müqayisə etmək çətindir. Məhz Çin əhalisinin Konfusi ruhu və zəngin təbii sərvətləri ölkənin uğurlu inkişafında həlledici rol oynamışdır.

{nl}

Çin modelinin hərəkətverici qüvvəsi olan iqtisadi islahatların atası Den Syaopin sayılır. Həmin şəxsiyyəti fenomen adlandıran  akademik Z.Səmədzadə hesab edir ki, Den Syaopin Çin xalqının taleyində silinməz iz buraxmışdır. Çünki Den Syaopin islahatlar konsepsiyasını irəli sürəndə ölkədə iqtisadi tənəzzül və siyasi ziddiyyətlər getdikcə dərinləşirdi. Amma o, dünyasını dəyişəndə Çin qüdrətli bir dövlətə çevrilmişdir. Kitabda  Den Syaopin islahatlarının dərin qatları ətraflı şəkildə təhlil edilir.

{nl}

Müəllifin haqlı fikrinə görə, “Çin möcüzəsi”nin mühüm sirlərindən biri də odur ki, ölkədə aparılan iqtisadi islahatlarda radikallığa yol verilmədi, mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı, struktur islahatları sənayedə mərhələ-mərhələ aparıldı.

{nl}

Məlum olduğu kimi, müasir iqtisadi proseslər diqqətlə nəzərdən keçirildikdə aydın olur ki, yeni informasiya iqtisadiyyatı qlobal miqyasda fəaliyyət göstərir. Ona görə də  Çin inkişaf modelinin dünya təsərrüfatı sisteminə inteqrasiya təcrübəsi çox əhəmiyyətlidir. Çünki qloballaşmanın əsas problem sahəsi onun mürəkkəb proseslərinin necə dəyişməsi və paylaşdırılmasından asılıdır.

{nl}

Den Syaopin islahatlarının təməl daşını belə bir fikir təşkil edirdi ki, qloballaşma dövründə Çinin iqtisadi dirçəlişini təmin etmək üçün ölkə beynəlxalq aləmə yeni prinsiplərlə çıxmalı və dünya tərəfindən açıq iqtisadiyyat quran dövlət kimi tanınmalıdır. Ona görə də Çin hökuməti islahatların ilk günündən bəyan etdi ki, beynəlxalq bazarın üstünlüklərindən daha dolğun istifadə iqtisadiyyatın tarazlı inkişafını müəyyən edən vacib şərtlərdəndir. Müəllif haqlı olaraq göstərir ki, düşünülmüş “açıq qapı” siyasəti Çinin dirçəlişində mühüm rol oynamış və gənc dövlətlər üçün olduqca əhəmiyyətlidir.

{nl}

Qloballaşma proseslərinin həm ölkələr, həm də fəaliyyət sahələri baxımından qeyri-bərabər nəticələri təsirli milli dövlət modelinin formalaşdırılmasını və inkişaf etdirilməsini tələb edir. Çində milli dövlət modeli və sosial-iqtisadi inkişafda dövlətin rolu sahəsində Çin təcrübəsi də olduqca əhəmiyyətlidir. Müəllif göstərir ki, son 15 ildə Çin dövlətinin iqtisadiyyatda iştirakında xeyli keyfiyyət dəyişiklikləri baş vermişdir. Bilavasitə dövlət nəzarətində olan müəssisələrin azalmasına baxmayaraq, maliyyə-bank sistemi, elektrik enerjisinin istehsalı və istehlakı, su və qaz təchizatı, nəqliyyat, poçt rabitəsi dövlətin inhisarında qalmaqdadır. Bununla yanaşı Çin hökuməti daxili bazarın inkişafını prioritet vəzifələrdən biri hesab edir. Çünki heç bir ideoloji məzmunu olmadığından bazar bitərəfdir. Dövlətin iqtisadiyyata müdaxiləsində perspektiv planlardan iqtisadi mexanizm kimi istifadə edilməsi, Çinin investisiya struktur siyasətinin formalaşmasında dövlətin aktiv iştirakı, elm və təhsilin dövlət siyasətində prioritet istiqamətə çevrilməsi  və xüsusən korrupsiyaya qarşı sistemli mübarizə sahəsində Çinin təcrübəsi gənc dövlətlər üçün  müstəsna əhəmiyyət kəsb edir.

{nl}

Müəllif xüsusi vurğulayır ki, biz bu prosesləri daim izləməli, onları təhlil etməli, milli dövlət mənafeləri baxımından istifadə etməliyik.

{nl}

Akademik Z. Səmədzadənin əsərində Çində ərzaq təhlükəsizliyinin həll edilməsi yolları, islahatların sosial yönümü diqqətlə nəzərdən keçirilir. Əsərdə sürətli sosial-iqtisadi inkişafda pul-kredit siyasətinin mühüm rolu və dövlət siyasətinin prioritet istiqaməti kimi regionların tarazlı inkişafı ətraflı araşdırılır.

{nl}

Keçid iqtisadiyyatı ölkələri, o cümlədən Azərbaycan üçün azad iqtisadi zonaların inkişaf etdirilməsi təcrübəsi və ÇXR-in Ümumdünya Ticarət Təşkilatına daxil olması konsepsiyası olduqca əhəmiyyətlidir. Bu problemlərin hər birinə müəllif haqlı olaraq ayrıca  fəsil ayırır. Çünki dünya təcrübəsindən yaxşı məlumdur ki, bazar münasibətlərinin müvəffəqiyyətlə formalaşmasına, ölkə iqtisadiyyatının inkişafına təkan verən güclü amillərdən biri azad iqtisadi zonaların yaradılması və fəaliyyətidir. Ona görə də ötən əsrin 80-ci illərindən başlayaraq Çin Xalq Respublikası “açıq qapı” siyasəti həyata keçirməyə başlamışdır. Qapalı yaşamağın mümkünsüzlüyünü başa düşən ölkə rəhbərliyi qısa müddətdə xüsusi iqtisadi zonalar sahəsində dünya təcrübəsini öyrənmiş və uğurla tətbiq edilməyə başlamışdır. Çində 50-dən çox xüsusi iqtisadi zona qeydə alınmışdır. Həmin zonaların əldə etdikləri nəticələr bütün dünyanı heyran edir.

{nl}

Ziyad müəllim özünün fundamental əsərində Çin–ÜTT münasibətlərini böyük uzaqgörənliklə təhlil edir. Onun göstərdiyi kimi, Çin hökuməti yaxşı başa düşür ki, ölkəsinin Ümumdünya Ticarət Təşkilatına daxil olmasının həm müsbət, həm də mənfi cəhətləri vardır. Bu hadisənin müsbət cəhəti, ilk növbədə onunla müəyyən olunur ki, Çin çoxlu güzəştlər və üstünlükləri olan böyük ticarət mühitinə daxil olur, beynəlxalq iqtisadi əməkdaşlıq qaydalarına uyğun olaraq ölkələrarası danışıqlarda öz ölkəsinin mənafelərini daha əsaslı müdafiə etmək hüququ əldə edir. Çünki nəhəng ölkə eyni zamanda yeni informasiya mühitinə daxil olur.  Çin hökuməti həm də  yaxşı başa düşür ki, Ümumdünya Ticarət Təşkilatı bu nəhəng ölkə olmadan qlobal bir qurum kimi tanına bilməz. Ona görə də bu prosesdə Çin öz milli mənafelərini qorumaq prinsiplərini açıq-aşkar elan etdi və bu siyasəti bu gün də davam etdirir. Təsadüfi deyildir ki, Çinin ÜTT ilə danışıqları həmişə gərgin keçmişdir. Hətta bəzi hallarda elə məqamlar olmuşdur ki, bu danışıqların dayandırılması gündəlikdə durmuşdur. Çin ÜTT-yə üzv olmağa hazırlaşdığı dövrdən öz milli iqtisadiyyatını qorumaq, inkişaf etdirmək üçün vaxtilə Qərb ölkələrinin uğurla istifadə etdikləri proteksionizm mexanizmlərindən istifadə etməyi vacib hesab edirdi və bu məqsədə də nail oldu.

{nl}

ÇXR-in  ÜTT-yə qəbul edilməsi haqqında protokolda qeyd edilmişdir ki, protokoldakı şərtlər Çinin  ÜTT ilə müqaviləsinə uyğun olaraq, ticarət fəaliyyətini tənzimləmək hüququna toxunmur. İndiyə qədər öz mallarını Çində satmaq arzusunda olan xarici şirkətlər bunu ya Çin agentləri vasitəsilə, ya da Çində bu məhsulların öz istehsalını təşkil etməklə həyata keçirə bilirdilər. Hazırda vəziyyət dəyişir və xarici şirkətlər yerli vasitəçilər olmadan birbaşa Çin istehlakçıları ilə təmasa girə bilirlər. Çin daxili bazarın qorunması üçün texniki standartlardan və digər şərtlərdən geniş istifadə edir. Daxili bazarın müdafiəsində baytarlıq və fitosanitar qaydaları, çoxsaylı təhlükəsizlik standartları, uyğunluq qiyməti prosedurları və s. böyük rol oynayır. Çin bu sahədə bir çox beynəlxalq müqavilələrin iştirakçısıdır.

{nl}

Müəllif Çin təcrübəsinə əsaslanaraq tövsiyə edir ki, Azərbaycanın ÜTT-yə üzvlük məsələsində tələskənliyə yol vermək olmaz. Çalışıb ölkə üçün daha çox əlverişli şərtlər əldə etmək lazımdır. Keçid iqtisadiyyatı ölkələrinin  qarşılaşdığı problemlərin eyniliyini və ÜTT-yə üzv olmaq sahəsində maraqlarının uyğunluğunu nəzərə alaraq onların da Kern qrupu kimi bir qrupda birləşməsi məqsədəuyğun olardı.

{nl}

Beləliklə, akademik Z. Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad elmində böyük hadisədir.

{nl}

Unikal iqtisadi inkişaf modeli haqqında yazılan kitabın özü də nadirdir və Azərbaycanla Çin arasında dostluq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

{nl}

Ümid edirik ki, zəngin bilik xəzinəsi olan kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq və onlar üçün iqtisadi təfəkkürün genişləndirilməsi baxımından olduqca faydalı olacaqdır.

{nl}

{nl}

Akif MUSAYEV,                                                                                       Azərbaycan Universitetinin rektoru,                                                                     AMEA-nın müxbir üzvü, professor

{nl}

Dünyamalı VƏLİYEV,

{nl}

Azərbaycan Universitetinin kafedra müdiri, iqtisad elmləri namizədi, dosent

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında