Şriftin ölçüsü:
20.05.2011 10:17 | Oxunma sayı: 629
"Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumu çərçivəsində Həştərxanda hər iki ölkənin özəl və dövlət şirkətlərinin məhsullarından ibarət sərgi açılmışdır.
Sərgidə Azərbaycanın və Rusiya regionlarının sənaye, energetika, maşınqayırma, turizm, innovasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrinin 200-dək stendi və onlarca pavilyonu təqdim olunmuşdur.
Azərbaycan sərgidə kənd təsərrüfatı və ərzaq sənayesi sahələrini əhatə edən 9 şirkətin məhsulları ilə təmsil olunmuşdur. Üstəlik, sərgiyə tamaşa edənlər müxtəlif stend və videotəqdimatlar vasitəsilə Azərbaycan iqtisadiyyatının nailiyyətləri, sosial, sənaye, aqrar-sənaye, turizm, kənd təsərrüfatı, habelə infrastruktur sahələrində həyata keçirilmiş layihələrlə tanış ola bilərlər. Sərgidə Rusiyanın regionları, o cümlədən Çeçenistan və Dağıstan respublikaları, Həştərxan, Volqoqrad, Saratov vilayətləri və s. inşaat, turizm, kənd təsərrüfatı sahələri ilə bağlı layihələrini və nailiyyətlərini nümayiş etdirirlər.
Rusiya Prezidentinin Xarici Ölkələrlə Mədəni və Regionlararası Əlaqələr üzrə İdarəsinin rəisi Sergey Vinokurov sərginin açılışında çıxış edərək demişdir: "Bu irimiqyaslı sərgi Rusiya-Azərbaycan əməkdaşlığının müasir potensialını əks etdirir. Çoxşaxəli, hərtərəfli əməkdaşlığımız isə strateji tərəfdaşlıq xarakteri daşıyır, konkret nəticələrlə və xalqlarımızın rifahının yaxşılaşmasına yönəldilmiş birgə fəaliyyətdə təzahür olunur". Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin son vaxtlar genişləndiyindən söz açan Vinokurov vurğulamışdır ki, bu sərgi Azərbaycan və Rusiya arasında səmərəli dialoqa, regionlararası əməkdaşlığa yeni təkan verəcəkdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında demişdir: "Bu səviyyədə tədbirlərin keçirilməsi Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin siyasi iradəsi sayəsində mümkün olmuşdur". O bildirmişdir ki, hər iki dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində, siyasi, eləcə də iqtisadi sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdır. Ə.Həsənov bildirmişdir: "Bu forum ikitərəfli əlaqələrin inkişafına, heç şübhəsiz, layiqli töhfə verəcəkdir".
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan Ə.Həsənov demişdir ki, son vaxtlar yüksək keyfiyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin açılması həmin inkişafın nəticəsi olmuşdur. Ə.Həsənov son 7 ildə Azərbaycan iqtisadiyyatının inkişafının yüksək səviyyədə olduğunu təsdiq edən statistika məlumatlarını sərgi iştirakçılarına açıqlamışdır.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri çıxışını yekunlaşdıraraq demişdir: "2004-cü ildən regionların sosial-iqtisadi inkişafına 16 milyard dollar vəsait yatırılmışdır. Respublikanın, demək olar, bütün regionlarında müxtəlif sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarını emal edən zavod və fabriklər yaradılmışdır. Ümidvarıq ki, Azərbaycanda istehsal edilən məhsullar Rusiya istehlakçılarını maraqlandıracaqdır. İkinci Rusiya-Azərbaycan forumu regionlararası əlaqələrin yeni istiqamətlərinin inkişafı üçün yaxşı imkandır. Forum çərçivəsində işgüzar danışıqlar qarşılıqlı münasibətlərimizə şübhəsiz ki, yeni təkan verəcəkdir".
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Rusiya-Azərbaycan forumunun əhəmiyyətini belə səciyyələndirmişdir: "Həştərxanda forumun keçirilməsi həm Rusiya və Azərbaycan dövlətlərinin əlaqələrinin, həm də Həştərxan vilayəti və Azərbaycan münasibətlərinin inkişafı üçün əhəmiyyətlidir". Onun sözlərinə görə, Həştərxan vilayəti və Azərbaycan arasında yaranmış sıx əlaqələr hazırda 49-dək layihənin həyata keçirilməsində əksini tapmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.