Şriftin ölçüsü:
19.05.2011 02:03 | Oxunma sayı: 596
Mayın 18-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam icrasına, eləcə də bu işlərin əlaqələndirilməsinə həsr olunmuş müşavirə keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə müvafiq dövlət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak etmişlər.
Müşavirədə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş məqsədyönlü dövlət proqramlarının ölkəmizin, onun regionlarının sürətli inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin bütün regionlarında olduğu kimi, Bakı şəhərində də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına təkan vermiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Bu sahədə işlərin kompleks şəkildə davam etdirilməsi məqsədi ilə dövlət başçısının Sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılacaq, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması layihələri həyata keçiriləcək, ekoloji vəziyyət daha da yaxşılaşdırılacaq, ən müasir sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikiləcək və ya beynəlxalq standartlara uyğun yenidən qurulacaq, yeni iş yerləri və müəssisələr açılacaq, əhalinin məşğulluq səviyyəsi daha da artacaqdır.
Dövlət Proqramına uyğun olaraq, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daha da gücləndiriləcək, ənənəvi sahələrin - zeytunçuluq təsərrüfatlarının, müasir zeytun emalı fabrikinin, istixana komplekslərinin, zəfəran təsərrüfatlarının yaradılması, üzümçülüyün inkişafına xüsusi diqqət yetiriləcəkdir. Sənayenin inkişafı məqsədi ilə təkrar emal müəssisələri, eləcə də sənaye parkı yaradılacaqdır.
Prezidentin sərəncamına uyğun olaraq, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Dövlət Proqramı çərçivəsində görülən işlərin keyfiyyətinə və ən müasir standartlara cavab verəcək şəkildə icrasına xüsusi diqqət yetiriləcəyini vurğulamışdır.
Bu məqsədlə müşavirədə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə, vaxtında və tam icrası işlərinin təşkili üçün İqtisadi İnkişaf Nazirliyində və Bakı Şəhər İcra Hakimiyyətində işçi qrupu və monitorinq qruplarının yaradılması qərara alınmışdır. İşçi qrupu aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə işlərini həyata keçirəcək, proqramda müəyyən olunmuş vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatların mütəmadi olaraq toplanması üçün təşkilati işlər görəcək, bu məlumatları təhlil edəcək, həmçinin proqramın icra vəziyyətinin öyrənilməsi məqsədi ilə yaradılan monitorinq qruplarının işini əlaqələndirəcəkdir. Bundan başqa, Dövlət Proqramı üzrə görülən işlərə nəzarət etmək məqsədi ilə interaktiv xəritə hazırlanacaqdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov son illər paytaxtda və Bakıətrafı qəsəbələrdə aparılan abadlıq və quruculuq işlərindən danışaraq dövlətimizin başçısının bu sahəyə diqqətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan layihələrin həyata keçirilməsi Bakı şəhərinin və onun qəsəbələrinin mənzərəsini daha da gözəlləşdirəcək, əhalinin həyat səviyyəsini daha da yüksəldəcəkdir.
Müşavirədə dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün görüləcək işlər barədə məlumat vermiş, bu istiqamətdə təkliflərini bildirmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.