Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev əhaliyə satılan istehlak mallarının keyfiyyətinə nəzarətin gücləndirilməsi üçün aidiyyəti qurumlara bir sıra zəruri tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının proqram xarakterli tövsiyə və tapşırıqları bir sıra dövlət qurumları kimi gigiyena və epidemiologiya mərkəzlərinin də məsuliyyətini xeyli artırmışdır.
Rayonumuzun ərazisində Avropa standartlarına uyğun müasir üslubda, sanitariya norma və qaydalarına cavab verən istehsal müəssisələri, ictimai-iaşə obyektləri çoxdur. Belə müəssisə və obyektlərin işçiləri vaxtı-vaxtında dövri tibbi müayinədən keçməklə yanaşı, istehsal etdikləri məhsullar da sanitar-gigiyenik normalara uyğun və keyfiyyətli olur. Bununla yanaşı, sanitariya-gigiyenik normalara cavab verməyən, istehsal yönümünü tez-tez dəyişən müəssisələrə də rast gəlmək mümkündür. Əfsuslar olsun ki, istehsal prosesində texnoloji ardıcıllığa əməl olunmur, istehsal edilən məhsulun saxlanma və daşınmasında gigiyenik normalar pozulur.
Belə müəssisələrdə istehlak malları əksər hallarda gizli yolla, kustar üsulla istehsal olunur, məhsulun istehsal tarixi və istifadə müddəti göstərilmir. Buna misal olaraq deyə bilərəm ki, kremli məhsulun istifadə müddətinin 48-72 saat, kolbasa və süd məhsullarının istifadə müddətinin isə 10 gün olmasına baxmayaraq, təəssüflər olsun ki, vaxtı ötmüş bu cür mallar əksər hallarda mağazalara ötürülür və əhaliyə satılır. Onu da qeyd etmək lazımdır ki, belə müəssisələrdə işləyənlər tez-tez dəyişdiyindən onları tibbi müayinəyə cəlb etmək də çətin olur. Tibbi müayinənin pulsuz olmasına baxmayaraq, bəzən işçiləri bu prosesə cəlb etməkdə çətinlik çəkirik.
Keyfiyyətsiz məhsul istehsal edən, işçiləri tibbi müayinədən yayınmağa cəhd edən müəssisələri aşkara çıxarmaq üçün tərəfimizdən müntəzəm yoxlamalar keçirilir, müayinələr aparılır. Müəssisələrdə istehsalın normalara uyğun aparılması üçün tələb və təkidlər verilir, vaxtı ötmüş məhsullar satışdan çıxarılır. Əksər hallarda isə sanitar normalara cavab verməyən müəssisələr cərimə olunur və ya bağlanılır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı narahatlığını bildirərək demişdir: "Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunu araşdırın. Bəlkə, biz cəza tədbirlərini daha da sərtləşdirək. Çünki bu, insanların birbaşa sağlamlığına mənfi təsir göstərir. Zəhərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər. Ona görə də idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni primitiv üsullarla hazırlanan qida məhsullarına çox ciddi nəzarət olmalıdır".
Dövlət başçısının bu tövsiyə və tapşırıqları məsuliyyətimizi qat-qat artırır. Məhz buna görə də gündəlik fəaliyyətimizdə belə halların qarşısını vaxtında almağa və zəruri tədbirlər görməyə xüsusi səy göstəririk.
Son zamanlar ucuz və keyfiyyətsiz ətdən istifadə edilməklə insan sağlamlığı üçün zərərli olan propan qazı vasitəsilə fəaliyyət göstərən dönərxanalar ciddi narahatlıq doğurur. Məlumat üçün bildirmək istəyirəm ki, cari ilin əvvəlinə rayonumuzun ərazisində dönər kababı satışı ilə məşğul olan 58 obyekt fəaliyyət göstərirdi ki, onların da 90-95 faizi təbii qazla işləyirdi. Həyata keçirdiyimiz tədbirlər nəticəsində 19 dönərxananın fəaliyyəti tamamilə dayandırılmış, 84 obyekt cərimə olunmuş, daha 4-ü barədə məlumatlar hüquq-mühafizə orqanlarına verilmişdir. Hazırda rayon ərazisindəki 30 dönərxana elektrik, 10 dönərxana kömürlə işləyir. Qazla işləyən dönərxanaların fəaliyyəti isə, qeyd etdiyim kimi, tam dayandırılmışdır.
Cari ilin ötən dövrü ərzində rayon ərazisində qanunsuz küçə ticarəti, ət kəsimi və satışının qarşısını almaq məqsədilə polis idarəsinin əməkdaşları ilə mütəmadi olaraq reydlər keçirmiş, aşkara çıxarılmış bu cür neqativ halların qarşısı dərhal alınmışdır. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, hazırda Nərimanov rayonunun ərazisində sanitariya normalarına cavab verən iki ət kəsimi yeri mövcuddur ki, istənilən şəxs, sahibkar özünəməxsus heyvanı həmin sallaqxanalarda kəsdirib öz mağazasında sata bilər.
Xəstələnmələrin və zəhərlənmələrin qarşısını almağın ən yaxşı üsulu profilaktika və sağlamlaşdırıcı tədbirlərdir. Bu məqsədlə cari ilin üç ayı ərzində 17737 nəfər yeniyetmə profilaktik peyvəndə cəlb olunmuşdur. İçməli suyun keyfiyyətinə nəzarət də fəaliyyətimizin əsas istiqamətlərindəndir. Birinci rüb ərzində bu məqsədlə 410 kimyəvi və 433 bakterioloji müayinə aparmışıq. Bundan əlavə, mərkəzimizin işçilərinin iştirakı ilə məhəllədaxili su anbarlarının qrafik əsasında yuyulması təmin olunur. Cari ilin yanvar-mart aylarında ərzaq mallarının keyfiyyətinə nəzarət məqsədilə 201 adda məhsul yoxlanılmış, bakterioloji müayinə üçün 88 nümunə götürülmüşdür.
2010-cu ilin ilk rübü ərzində 17 qidalanma obyektindən 24 adda yeyinti məhsuluna gigiyenik sertifikatın alınması təmin edilmişdir. Hesabat dövründə sanitariya norma və qaydalarını pozduqlarına görə 120 hüquqi və fiziki şəxsə protokol tərtib olunmuş, qaydalara uyğun fəaliyyət göstərməyən 23 obyektin bağlanması haqqında qərar qəbul edilmişdir.
Sonda onu da qeyd etmək istəyirəm ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış istehlak mallarının keyfiyyətinə ictimai nəzarət komissiyası artıq fəaliyyətə başlamışdır. Rayonumuzn epidemioloji durumunun sağlamlaşdırılması, əhaliyə satılan istehlak mallarının keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində fəaliyyətimizi daha da genişləndirərək Prezident İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasındakı yekun nitqindən irəli gələn məsələlərin həlli üçün var gücümüzlə çalışacağıq.
{nl}
Nurulla MƏMMƏDOV, Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.