Riqada Azərbaycan-Latviya hökumətlərarası komissiyasının işinin yekunlarına həsr edilmiş mətbuat konfransı

Mayın 12-də Riqada, ölkənin Nəqliyyat Nazirliyində iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının 4-cü iclasının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilmişdir. 
Mətbuat konfransında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Latviyanın nəqliyyat naziri Uldis Auqulis, Azərbaycan nümayəndə heyətinin nümayəndələri, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviya və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak etmişdir.
Latviyanın nəqliyyat naziri Uldis Auqulis demişdir ki, Latviya ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurla həyata keçirilir. Bu əməkdaşlıq təkcə nəqliyyat məsələləri ilə deyil, başqa sahələrlə də bağlıdır. Nazir Azərbaycanın Latviya üçün ən sabit tərəfdaşlardan biri olduğunu qeyd edərək bildirmişdir ki, iki ölkə arasında ticarətin həcmi 15 milyon lat (21,4 milyon avro) olmuşdur. Bu, keçən ilin göstəricisindən xeyli artıqdır. U.Auqulis demişdir ki, danışıqlar zamanı Azərbaycan tərəfi investisiyaların cəlb edilməsi, biznes, sahibkarlıq fəaliyyəti baxımından Latviya ilə maraqlanır. Nazir demişdir: "Latviyanın Şengen qrupunun üzvü olması da mühüm rol oynayır. Bu, geniş imkanlar açır. Biz Azərbaycan tərəfinə öz mallarını Latviya limanları vasitəsilə nəql etmək üçün burada öz logistika şəbəkələrini yaratmağı təklif etmişik. Bu, hər iki tərəf üçün faydalı olardı". Latviya tərəfi də öz növbəsində şərq-qərb nəqliyyat dəhlizi ilə də maraqlanır, çünki bu halda o, Azərbaycan vasitəsilə şərq bazarlarına çıxış əldə edə bilər.
Nazir dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi sahəsində əməkdaşlığın da maraqlı olmasını qeyd edərək demişdir ki, Azərbaycan informasiya texnologiyaları, elektron xidmətlərin inkişafı, o cümlədən "elektron imza", texniki nəzarət maşınlarının qeydiyyat sisteminin modernləşdirilməsi sahəsində Latviyanın təcrübəsindən istifadə edə bilərdi. Nazir demişdir: "Nəqliyyat, sərnişin daşımaları sahəsində əməkdaşlıq vacibdir, bizim Air Baltic dövlət aviaşirkətinin fəaliyyəti maraq doğurur. Bu şirkət Bakıya birbaşa reyslər açmaqla turizmin inkişafına kömək edəcəkdir".
U.Auqulis danışıqlarda əməkdaşlığın əsas istiqamətlərinin nəzərdə tutulmasını qeyd edərək demişdir ki, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Bu, hər iki ölkənin işgüzar adamları arasında gələcək əməkdaşlıq və müqavilələr bağlanması üçün təməl yaradacaqdır.
Vurğulanmışdır ki, Azərbaycanla əməkdaşlıq ölkələr arasında ikitərəfli əməkdaşlığın ən uğurlu nümunələrindən biridir.
Ziya Məmmədov latviyalı nazirə səmimi qəbul üçün təşəkkür etmişdir. O demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına yeni təkan vermişdir. Bu səfərlər nəticəsində bütün istiqamətlərdə əməkdaşlıq imkanları yaradan 30-dan çox sənəd imzalanmışdır. Z.Məmmədov qeyd etmişdir ki, sayca 4-cü olan bu görüşdə iqtisadiyyatın bütün istiqamətləri müzakirə edilmişdir və bu, ikitərəfli münasibətlərin inkişafına kömək edir, biznes üçün özəl sektorun inkişafı və hər iki ölkənin vətəndaşlarının firavanlığı üçün əlverişli şərait yaradır. Nazir demişdir: "İmzalanacaq protokol nəqliyyat sahəsini, kənd təsərrüfatı sektorunu, elm, təhsil, informasiya texnologiyaları, rabitə sahələrini, maliyyə məsələlərini, bank sektorunu əhatə edir". O qeyd etmişdir ki, qəbul edilmiş qərarlar sayəsində iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi iki dəfədən çox artmışdır.
Azərbaycanın nəqliyyat naziri ölkəmizin uğurlu iqtisadi inkişafı, onun dünya iqtisadi məkanına inteqrasiyası, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni layihəsi barədə də məlumat vermişdir.
Z.Məmmədov bildirmişdir ki, özəl sektorun nümayəndələri ilə görüş olmuş, həmin görüşdə nəqliyyat, logistika sahələri, Azərbaycan ərazisindən keçməklə malların şərq bazarlarına nəql edilməsi məsələləri müzakirə edilmişdir. Latviyalı sahibkarlar Azərbaycandan dünyada analoqu olmayan nar şirəsi almaqda və onun logistikasını həyata keçirməkdə maraqlıdırlar.
Z.Məmmədov onu da demişdir ki, Azərbaycan Riqa vaqon təmiri zavodu ilə əməkdaşlıq etməkdə maraqlıdır, Riqa zavodunun vaqonlarından Azərbaycanda istifadə edilir.
Mətbuat konfransının sonunda hər iki ölkənin nəqliyyat nazirləri qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiklərini bildirmişlər.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri
Riqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında