Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın bölgələri sürətlə inkişaf edir, insanların həyat səviyyəsi yaxşılaşır, xidmət sektoru və infrastruktur Avropa standartlarına uyğun qurulur.
Regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən regional proqramda hər bənd, hər müddəa xüsusi diqqətdə saxlanılır. Dövlət başçımızın aprelin 29-da Salyan rayonuna səfəri çərçivəsində bunun bir daha şahidi olduq.
Xatırladaq ki, son illər Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun inkişafı ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur və həmin işlər indi uğurla icra edilir.
Ötən il rayonda bir çox yeni layihələr həyata keçirilmiş, ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata çatmışdır. Bu dövrdə sənaye məhsulunun həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 4,1 dəfə artmışdır. Rayonda sosial və istehsal təyinatlı obyektlərin inşası aparılmış, təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq məktəb tikintisi davam etdirilmişdir. Son illərdə 2220 şagird yeri olan 13 yeni məktəb binası, 540 şagird yerlik 27 əlavə sinif otağı tikilmiş, 14 məktəbdə əsaslı təmir işləri aparılmışdır. 2003-2009-cu illərdə 9896-sı daimi olmaqla 12312 yeni iş yeri açılmışdır. Cari ilin birinci rübündə Salyanda sosial məsələlərin həlli istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmiş, tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısına məlumat verilmişdir ki, tikintisinə 2006-cı ilin dekabrında başlanmış yolun yenidən qurulan hissəsinin uzunluğu 22 kilometrdir. 1b texniki dərəcəli yolun eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4, hər bir zolağın eni isə 3,75 metrdir. Yolun 2 hərəkət hissəsi vardır. Ayırıcı zolağın eni isə 5 metrə çatır. Magistralın üzərində iki yolötürücü, Şirvan kanalı üzərində isə 54 metr uzunluğunda bir körpü inşa olunmuşdur. Yol boyu 4 düzbucaqlı boru, 36 dairəvi boru, 4 mal-qara keçidləri tikilmişdir.
Prezident İlham Əliyev yolun tikintisində çalışan inşaatçılarla söhbət zamanı demişdir ki, yol həm iqtisadi inkişaf, həm nəqliyyatın daha da yaxşı səviyyədə tənzimlənməsi, qonşu İranla aramızda iqtisadi əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu yol cənub istiqamətində yerləşən bütün rayonlarımızı Bakı ilə daha da yüksək keyfiyyətlə birləşdirir. Beləliklə, cənub bölgəsində yaşayan bütün insanlar paytaxtla və Azərbaycanın digər şəhərləri ilə daha da rahat əlaqə saxlaya biləcəklər. Yəni, görülən bütün işlər bu məqsədləri güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, yaşamaq üçün də əla, yaxşı şərait yaradılsın. Yol insanları narahat edən əsas məsələlərdən biridir. Son illər Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülübdür. Bütün istiqamətlərdə magistral yollar, şəhərlərarası yollar çəkilir. İndi kənd yollarına böyük diqqət göstəriləcəkdir ki, bütövlükdə Azərbaycanın bütün yol infrastrukturunun yaranması və müasirləşməsi prosesi ən yüksək standartlar səviyyəsində təşkil edilsin.
Azərbaycan Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir. Xatırladaq ki, tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuşdur. Kənd təsərrüfatı məhsullarının uzunmüddətli istifadə üçün keyfiyyətinin saxlanılması məqsədi ilə yaradılan kompleksin anbar hissəsinin sahəsi 9 min kvadratmetrdir. Ərazidə inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalar inşa olunmuşdur. Kompleksdə çeşidləmə bölməsi, iki gözləmə kamerası, o cümlədən ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera vardır. Ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur.10 min tona qədər digər kənd təsərrüfatı məhsullarının saxlanmasına da imkan vardır. Burada 150 nəfərin daimi, 300 nəfərin isə mövsümi işlə təmin olunması üçün bütün şərait yaradılmışdır.
Soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlara da xidmət göstərəcəkdir.10 min tonluq müsbət və 500 tonluq mənfi temperaturlu rejimdə işləyən saxlanma sistemi fəaliyyət göstərir. Müsbət temperatur rejimli kameralarda meyvə və tərəvəz, mənfi temperatur rejimli kameralarda isə ət, toyuq və balıq məhsulları saxlanılacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev Salyanda elektrik yarımstansiyanın və yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir. Mərasimdə dövlətimizin başçısına həyata keçirilən inşaat işləri və bu energetika qurğularının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 220 və 330 kilovoltluq yüksəkgərginlikli hava xətlərinin inşasına 2006-cı ildə başlanmışdır. Beş hektar ərazidə yerləşən bu obyektin bünövrəsi Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. "Salyan" yarımstansiyası və yüksəkgərginlikli hava xətləri Azərbaycan Prezidentinin təsdiq etdiyi 2005-2015-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində inşa olunmuşdur. Başlıca məqsəd respublikamızın cənub bölgəsinin elektrik enerjisi təchizatını həm kəmiyyət, həm də keyfiyyətcə yaxşılaşdırmaq, həmçinin Azərbaycan ilə İran arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarını artırmaqdır.
Prezident İlham Əliyevin aprelin 29-da Biləsuvar rayonuna səfəri çərçivəsində də bir sıra obyektlərin açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur. Təməli 2009-cu ildə qoyulan Biləsuvar regional ana və uşaq mərkəzinin tikintisi bir il ərzində davam etdirilmişdir. Müasir üslubda tikilən mərkəzin yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək inşa edilmişdir. Müəssisənin tikintisi müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarların və verdiyi tapşırıqların icrası ilə əlaqədar regionlarda avtomobil yollarının tikintisi, yenidən qurulması layihələri uğurla icra olunur. Belə layihələrdən biri də cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayan və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi Biləsuvar şəhərinin dairəvi avtomobil yolunun tikintisidir. Prezident rayonda olarkən həmin yolun açılışında iştirak etmişdir.
Dövlət başçısı İlham Əliyev Biləsuvara səfəri çərçivəsində yeni istifadəyə verilən "Azərsun" Holdinqin "Natural Green Land" kənd təssərrüfatı müəssisəsi və konserv zavodu ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, son illərdə Biləsuvarda da yeni müəssisə, zavod və fabriklərin istifadəyə verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətə davamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. "Azərsun" Holdinqin "Natural Green Land" kənd təsərrüfatı müəssisəsi və konserv zavodu da bu qəbildəndir.
Zavod İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və "Azərsun" Holdinqin vəsaiti hesabına inşa edilmişdir. Müəssisənin 3450 hektar əkin sahəsi vardır ki, onun da 2839 hektarı suvarılan sahələrdir. Müəssisədə 250 nəfər işlə təmin olunmuşdur. Lakin mövsümlə əlaqədər 2500-ə yaxın işçi qəbul edilir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilmiş, müasir suvarma sistemi yaradılmış və əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Suvarma avadanlığı xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyev səfər çərçivəsində Cəlilabad rayonunda şahmat məktəbinin, Tarix-Diyarşünaslıq Muzeyinin, əlillər və şəhid ailələri üçün yeni binanın, Müalicə-Diaqnostika Mərkəzinin, "Cəlilabad Şərab-2" ASC-nin və Göytəpə su anbarının açılış mərasimlərində iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin Göytəpə qarnizonunda olmuşdur.
Prezident İlham Əliyevin səfəri göstərmişdir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Cəlilabad rayonunun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almış, əhalinin sosial şəraiti yaxşılaşmışdır. Hazırda yaşayış məntəqələrinin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə artmışdır...
Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşmüşdür. Dövlət başçımız demişdir: "Hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə, sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir. Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xəttilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xəttilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır..."
Dövlət başçımızın yuxarıda adları sadalanan rayonlara səfəri bir daha göstərdi ki, bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Regional Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə ötən dövrdə görülən işlərin həcmi və məqsədəuyğunluğu sübut edir ki, ölkəmizdə iqtisadi inkişafa güclü təkan verilmiş, əhalinin sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam etmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.