"Vergilər" mövzusunda V olimpiada keçirilmişdir

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Bakıda və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 6-sı dövlət və 5-i özəl olmaqla 11 ali məktəbin 250-dək tələbə və magistrantı arasında "Vergilər" mövzusunda V olimpiada keçirilmişdir. 
Tədbirdə ADİU-nun prorektoru, professor Əvəz Bayramov son illər ərzində Azərbaycanda vergi sistemindəki dinamik inkişafdan, o cümlədən vergilərin tədrisində müşahidə olunan uğurlardan danışmışdır.
Tədbirdə həmçinin vergilər nazirinin müavini S.Ələkbərov dövlət başçısı İlham Əliyevin vergi orqanlarının qarşısına ciddi vəzifələr qoyduğunu diqqətə çatdırmışdır.Onun sözlərinə görə, bu vəzifələrdən biri də cəmiyyətdə, o cümlədən gənclər arasında vergi mədəniyyətinin yüksəldilməsidir. Nazir müavini göstərmişdir ki, son illər ərzində Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə xeyli iş görülmüş, vergilərin orta və ali məktəblərdə tədrisinə diqqət artırılmışdır. Orta məktəblər üçün hazırlanmış dərsliklər yenidən çap edilmiş, orta təhsil ocaqlarında yaradılan tədris-metodiki kabinetlərin sayı 54-ə çatdırılmış, həmçinin ali məktəblərdə vergilərin tədrisinə hərtərəfli kömək göstərilmişdir.
2001-ci ildə Vergilər Nazirliyi ilə ADİU arasında imzalanmış əməkdaşlıq sazişlərindən bəhs edən S.Ələkbərovun sözlərinə görə, nazirliyin dəstəyi ilə yaradılmış "Vergi və vergiqoyma" kafedrası fəaliyyətini uğurla davam etdirməkdədir.
Nazir müavini olimpiadada yüksək nəticə qazanan tələbələrin vergi xidmətinə işə qəbul zamanı müəyyən üstünlüklər əldə etdiyini diqqətə çatdıraraq göstərmişdir ki, müvafiq test imtahanından uğurla keçmiş və müsahibəyə buraxılmış namizədlərin bu olimpiadada iştirakı və göstərdikləri nəticələr nəzərə alınacaq.
S.Ələkbərovun sözlərinə görə, əvvəlki olimpiadaların qaliblərindən bəziləri işə qəbul imtahanlarını uğurla verərək Vergilər Nazirliyinin müxtəlif strukturlarında çalışırlar.
Tədbirin sonunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, iqtisad elmləri doktoru Yaşar Kəlbiyev cavabların tamamilə şəffaf şəraitdə - iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə xüsusi kompyuter proqramları vasitəsilə yoxlanılacağını bildirmişdir.
Tədbir yekunlaşdıqdan sonra olimpiada iştirakçıları müvafiq auditoriyalarda 2 saat ərzində vergi ilə bağlı sualları cavablandırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında