Heydər Əliyev Azərbaycanın neft strategiyasının memarıdır

Müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyev nəsillərə örnək bir ömür yaşamış, bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, xalqımızın işıqlı gələcəyinin təminatına həsr etmişdir. Ulu öndərimiz özündən sonra elə bir zəngin irs qoyub getmişdir ki, bu gün müstəqil Azərbaycan Respublikası bu irsdən bəhrələnərək özünün firavan və işıqlı gələcəyini qurur, ölkəmiz dünyanın ən qüdrətli və nüfuzlu bir dövlətinə çevrilir.
Zəngin həyat təcrübəsinə, fitri istedada, möhkəm iradəyə və yüksək insani keyfiyyətlərə malik olan Heydər Əliyevin ideyaları getdikcə özünə əbədiyaşarlılıq qazandırır, bu ideyalardan milyonlar bəhrələnir. Bir sözlə, uğurlu fəaliyyəti, ağıllı, düşünülmüş diplomatiyası ilə Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ümummilli liderimiz Heydər Əliyev istər Vətənində, istərsə də beynəlxalq arenada həmişə xatırlanır, əziz xatirəsi ehtiramla yad olunur. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi rəhbər, dünya şöhrətli siyasətçi bəxş etmişdir.
Hazırda anadan olmasının 88-ci ildönümünü böyük sevinc və iftixar hissi isə qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə, eləcə də 1982-1987-ci illərdə keçmiş SSRİ-nin liderlərindən biri olduğu dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün möhkəm zəmin və bünövrə yaradılmış, sosial-iqtisadi sahədə son dərəcə ciddi nailiyyətlər əldə olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev fəaliyyətə başladığı ilk günlərdən etibarən respublikamızın böhrandan çıxarılması üçün məqsədyönlü tədbirlər həyata keçirmiş, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. Bunun da nəticəsində Azərbaycan geridə qalmış aqrar respublikadan yüksək sənaye potensialına malik, sürətlə inkişaf edən bir məmləkətə çevrilmişdir. Həmin illərdə ulu öndərimizin böyük cəsarəti və düşünülmüş siyasəti nəticəsində Azərbaycanda İttifaq əhəmiyyətli bir sıra nəhəng sənaye obyektlərinin yaradılması mümkün olmuşdur. Bir sözlə, Heydər Əliyevin işləyib hazırladığı bitkin iqtisadi inkişaf konsepsiyası respublikamızda kənd təsərrüfatı ilə yanaşı, böyük sənaye kompleksinin də yaradılmasını təmin etmişdir.
Ümummilli liderimiz Azərbaycanın hərtərəfli inkişafına nail olunmasını fəaliyyətinin əsas istiqaməti hesab edirdi. Bu isə yalnız və yalnız güclü iqtisadiyyatın təmin olunmasından, yüksək kadr potensialından asılı idi. Ulu öndərimizin ağıllı, düşünülmüş siyasəti nəticəsində bu məsələlər öz həllini sürətlə tapırdı. Təkcə onu demək kifayətdir ki, 1969-82-ci illərdə respublikamızda milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı iki dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı.
XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri, görkəmli siyasətçi, xalqımızın müstəqillik arzusunu reallığa çevirməyi bacaran ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın yeni neft strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan Azərbaycan məhz Heydər Əliyev dühası sayəsində özünün neft-qaz ehtiyatlarına sahiblik hüququ qazana bilmişdir. Hələ ötən əsrin 70-80-ci illərində respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində də həmin uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyev çox-çox sonralar həmin illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır... Bu gün mən bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyi düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".
Qədim və zəngin ənənələrə malik Azərbaycanın şanlı neft salnaməsinin düz 40 ili ulu öndərimizin adı ilə bağlıdır. Azərbaycanın neft sənayesi tarixinin Heydər Əliyev dövrünün ilk parlaq səhifələri ötən əsrin 70-ci illərində yazılmışdır. 1969-cu ildə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alaraq bu sahənin sürətli inkişafına nail olmuş, neft-kimya kompleksinin modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə Azərbaycan neft sənayesinin tarixində tamamilə yeni mərhələ başlanmış, bu milli sərvətin xalqımızın rifahına və respublikamızın tərəqqisinə xidmət edən mühüm bir vasitəyə çevrilməsinin əsası qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində Xəzər dənizinin Azərbaycan sektorunda yeni yataqların kəşfiyyatı, işlənməsi, neft sənayesində mütərəqqi texnologiyaların tətbiqi və s. işlər də ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Respublikamızda neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələrin yaradılması da ulu öndərin gərgin əməyinin nəticəsidir. Göründüyü kimi, ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində respublikamızda nəhəng neft-qaz sənayesi kompleksinin, neftayırma müəssisələrinin, müasir səviyyəli neft donanmasının yaradılmasına, keçmiş SSRİ-də analoqu olmayan Dərin Özüllər Zavodunun Bakıda tikilməsinə nail olmaqla Azərbaycanın neft sənayesi tarixində yeni bir mərhələnin əsasını qoymuşdur. İndi qətiyyətlə söyləmək olar ki, əgər Heydər Əliyevin rəhbərliyi ilə həmin işlər ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilməsəydi, bu gün ölkəmizin yeni neft strategiyasını belə müvəffəqiyyətlə reallaşdırmaq mümkün olmazdı.
Ötən əsrin sonlarında SSRİ-nin süqutu ilə başlanmış yeni tarixi şəraitin yaratdığı fürsətdən bacarıqla istifadə edən Azərbaycan xalqı yenidən müstəqillik qazandı. Lakin müstəqilliyin ilk illərində respublika rəhbərliyinə gələn şəxslərin səriştəsiz, yarıtmaz fəaliyyəti nəticəsində xalqımız çətin sınaqlarla üz-üzə qaldı. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşdi, müstəqilliyimizin yenidən itirilməsi qorxusu yarandı. Bununla belə, xalqımız o çətin tarixi anda düzgün qərar qəbul edərək ən böyük vətənpərvər oğlunu, dünya şöhrətli siyasətçi Heydər Əliyevi paytaxta dəvət etdi. "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən ümummilli lider üzərinə böyük bir xilaskarlıq missiyası götürərək yenidən Bakıya - respublika rəhbərliyinə qayıtdı.
Heydər Əliyev müstəqil Azərbaycanın faktiki rəhbəri kimi fəaliyyətə başladığı andan ölkədə mövcud qeyri-siyasi sabitliyi, xaos və anarxiyanı aradan qaldırmağa nail oldu. Artıq Azərbaycanın qarşısında duran ən başlıca vəzifə əldə olunmuş tarixi müstəqilliyi iqtisadi əsaslarla gücləndirmək, xalqın maddi rifah halını yüksəltmək, ölkənin bütün sahələrində inkişafı təmin etmək idi. Bunun üçün isə Azərbaycanın hər cür imkanı, xüsusən də zəngin enerji potensialı və digər təbii sərvətləri var idi. Ulu öndərimiz bu sərvətləri ölkəmizin sürətli inkişafına, xalqımızın firavan gələcəyinin təminatına yönəltməyi bacardı. Heydər Əliyevin xalqımızın ən böyük təbii sərvəti olan neft sahəsində həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın sürətli inkişaf yoluna çıxması ilə nəticələndi.
Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasına əmin olan transmilli neft şirkətləri çoxdan arzuladıqları bir ideyanın - ölkəmizin neft sənayesinə sərmayə qoyuluşunun vaxtının gəlib çatdığını dərk etdilər. Yeri gəlmişkən, 1993-cü il avqustun 17-də Bakıda dünyanın aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə keçirilən görüşdə ümummilli liderimiz Heydər Əliyev bəyan etdi ki, Azərbaycanın neft yataqlarının istismarında iqtisadi marağı olan xarici ölkə şirkətlərinin mənafeyi təmin edilməlidir. İlk növbədə isə dövlətimizin, xalqımızın mənafeyinə üstünlük verilməlidir, eyni zamanda, xarici şirkətlərin iqtisadi mənafeyi ödənilməli və bu işlər qarşılıqlı fayda, qarşılıqlı anlaşma zəminində təşkil olunmalıdır. Ulu öndərimiz bu fikri səsləndirməklə bir daha bəyan etdi ki, Azərbaycan dövləti, xalqı təbii sərvətlərinin əsl sahibidir və bu sərvətlərdən qarşılıqlı fayda əsasında istifadə etmək istəyən hər bir xarici şirkət üçün qapılar açıqdır. Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsi istiqamətində ciddi danışıqlara başlandı, bununla bağlı imzalanacaq müqavilənin əsas şərtləri müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyevin 1994-cü il fevralın 4-də imzaladığı "Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənməsinin sürətlənməsi haqqında" sərəncam bu istiqamətdə mühüm rol oynadı. Dünyanın aparıcı neft şirkətləri ilə həyata keçirilən danışıqların da əsasını məhz bu mühüm sənəd təşkil edirdi. Buna baxmayaraq, bir sıra daxili və xarici qüvvələr Azərbaycanın öz iqtisadi imkanlarından istifadə edərək müstəqilliyini möhkəmləndirmək istəyi ilə heç cür barışa bilmir, neft sazişinin imzalanmasına mane olmağa çalışırdılar. Hətta onlar sazişin imzalanmasına az qaldığı bir vaxtda terrora əl ataraq, Azərbaycanın tanınmış iki siyasətçi və dövlət xadimini öldürməkdən belə çəkinmədilər. Bununla belə, Heydər Əliyevin prinsipiallığı və qətiyyəti qarşısında aciz qalan həmin qara qüvvələr geri çəkilməyə məcbur oldular.
Nəhayət, 1994-cı il sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin transmilli neft şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı. Dünyanın 6 ölkəsini təmsil edən 10 aparıcı neft şirkətinin iştirakı ilə həyata keçirilən imzalanma mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk... Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk".
Sonradan "Əsrin müqaviləsi" adını almış həmin tarixi saziş təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Yaxın Şərq regionu üçün də strateji əhəmiyyət daşımağa başladı. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının həcminə, həm də qoyulan sərmayələrin məbləğinə görə dünyada bağlanmış ən böyük neft sazişlərinin siyahısına daxil edilmişdir.
Artıq "Əsrin müqaviləsi"nin imzalanmasından 17 ilə yaxın bir vaxt ötür. Bu illər ərzində müqavilə çərçivəsində ölkəmizdə nəhəng tikinti-quraşdırma işləri görülmüş, bir sıra iri layihələr həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən illər ərzində Azərbaycanın neft sənayesinə 40 milyard dollardan artıq sərmayə qoyulmuşdur. Saziş çərçivəsində 220 milyon tondan çox neft və 50 milyard kubmetrədək qaz hasil edilmişdir.
Yeri gəlmişkən, Azərbaycanın yeni neft erasının təməlini qoymuş həmin tarixi sazişin 15-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın uzunmüddətli uğurlu inkişaf imkanlarını gücləndirdi. Azərbaycan özünü dünyaya təqdim etdi... Azərbaycan bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz böyük dərəcədə 15 il bundan əvvəl imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər işləyən və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə qoyuluşu üçün gözəl bir ölkədir, Azərbaycanla işləmək xeyir gətirir. Bu gün də əminəm ki, əməkdaşlıqdan həm biz, həm də ki, bizim xarici tərəfdaşlar razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın çox gözəl nümunəsidir".
Dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq xam neftin alternativ ixrac marşrutları vasitəsilə dünya bazarına çıxarılmasını və bu zaman hansı əsas ixrac boru kəmərinə üstünlük verilməsi məsələsini gündəmə gətirmişdi. Uzaqgörən siyasətçi, Azərbaycanın yeni neft strategiyasının müəllifi ulu öndərimiz Heydər Əliyev xam neftin dünya bazarına çıxarılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa marşrutları ilə yanaşı, gələcəkdə əsas ixrac boru kəmərinin də çəkilişinə ehtiyacın yaranacağını böyük uzaqgörənliklə söyləmiş və bu barədə konkret təkliflə çıxış etmişdi. Bakı-Tbilisi-Ceyhan variantına üstünlük verən ulu öndərin bu ideyası gərgin danışıqlar, çətin mərhələlərdən sonra reallığa çevrildi. Əsas ixrac boru kəməri ideyasının reallığa çevrilməsi üçün hüquqi bazanın yaradılmasından sonra 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Tikinti işləri uğurla başa çatdırıldıqdan sonra 2005-ci il may ayının 25-də Səngəçal terminalından xam neft kəmərə vuruldu. 2006-cı ilin iyul ayının 13-də isə Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə Bakı -Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istismara verilməsi ilə bağlı təntənəli mərasim keçirildi. Beləliklə, ulu öndər Heydər Əliyevin memarı olduğu "Üç dənizin əfsanəsi" adlandırılan Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilərək Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına və xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasına xidmət göstərməyə başladı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənmiş yeni neft strategiyasının başlanğıcı olan "Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi ilə xarici şirkətlərin Azərbaycana inamı daha da artdı və sonrakı illərdə digər yataqların birgə işlənməsinə dair hasilatın pay bölgüsü tipli çoxsaylı sazişlər imzalandı. Bu sazişlərin sırasında "Şahdəniz" yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" sazişi xüsusi əhəmiyyət daşıyır. Təkcə onu qeyd etmək kifayətdir ki, adı çəkilən yatağın istismarına başlanılması ilə Azərbaycan, həm də dünyanın potensial qaz ixrac edən bir ölkəsinə çevrildi. İndi Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Bundan əlavə, yaxın illərdə reallaşdırılması nəzərdə tutulan "Cənub dəhlizi" layihəsinin də əsas tədarükçü dövlətlərindən birinin məhz Azərbaycanın göstərilməsi sübut edir ki, hazırda dünyanın əsas enerji istehlakçıları ölkəmizə böyük inam və ümidlə yanaşırlar.
Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları ölkə neftçilərini də yeni-yeni nailiyyətlərə ruhlandırır. Təsadüfi deyil ki, son illər neftçilərimiz hasilat tapşırıqlarını, bir qayda olaraq, vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirirlər. Bununla yanaşı, son illər Azərbaycanın neft sənayesi böyük inkişaf yolu keçmiş, Dövlət Neft Şirkəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində modern bir quruma çevrilmişdir. Artıq şirkətin dünyanın bir çox ölkələrindəki nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər. İndi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xarici ölkələrdə bir sıra iri neft layihələrinin icrasına sərmayə yönəldir, nəhəng neftayırma və neft-kimya kompleksləri yaradır. Bütün bunlar isə, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir...

{nl}

Daşqın İSKƏNDƏROV, "Azneft" İstehsalat Birliyinin baş direktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında