"Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Sədərək rayon bazasının inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir

Mayın 6-da "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti Sədərək rayon bazasının yeni inzibati binası, anbarları və texniki parkı istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Abbasqulu Abbasov rayonda aparılan tikinti-quruculuq işlərindən, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, son illər ərzaq məhsullarının istehsalının artırılması, əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsi sahəsində Sədərək rayonunda da mühüm işlər görülmüşdür. Kənd təsərrüfatının müxtəlif sahələrində çalışan 423 nəfərə 438 min manat kredit verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2004-cü il 23 oktyabr tarixli Sərəncamı ilə lizinq xidmətinin yaradıldığını bildirərək demişdir ki, belə tədbirlər Azərbaycan dövlətinin kənd təsərrüfatı məhsulları sahəsində idxaldan asılılığını aradan qaldırmaq üçün həyata keçirilir. Kənd təsərrüfatının inkişafı yeni iş yerlərinin açılması, ölkəmizin münbit torpaqlarından səmərəli istifadə edərək Azərbaycan Respublikası vətəndaşlarının keyfiyyətli və sağlam məhsullarla təminatının həyata keçirilməsi deməkdir. Ona görə də aqrar sahədə çalışanlara güzəştli şərtlərlə kreditlər, gübrələr, taxıl istehsalçılarına əlavə yardımlar verilir, onlara aqrolizinq xidməti göstərilir. Bunlar da öz bəhrəsini verməkdədir. Artıq Naxçıvan Muxtar Respublikasında əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Sədərək rayonunda 15 min hektara yaxın torpaq sahəsi vardır. Onun 3522 hektarı əkinəyararlı torpaqlardır. Əkinəyararlı torpaqların 3253 hektarı xüsusi mülkiyyətə verilmişdir. Rayonda 2432 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasının istifadəyə verilməsi rayonun istifadə olunmayan digər bərəkətli torpaqlarının da əkin dövriyyəsinə daxil edilməsinə şərait yaradacaqdır. Sədərəkdə görülən işlər muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin bir rayonda nümunəsidir. Kənd təsərrüfatı sahəsində çalışanlara kreditlər, lizinq yolu ilə texnika verilir, cins mal-qara alınıb gətirilir, əkinin rayonlaşdırılması tədbirləri həyata keçirilir ki, torpaq mülkiyyətçiləri daha çox məhsul əldə etsin, məhsuldar torpaqlarımızdan səmərəli istifadə olunsun. Bunlar imkan verəcəkdir ki, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılsın, eyni zamanda, insanlar bu torpaq sahələrini əkib-becərməklə müstəqil dövlətimizi daha da möhkəmləndirsinlər. Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı, zəhmətkeş insanlarımızın sərf etdiyi əmək bəhrəsiz qalmır. Muxtar respublikada bir sıra məhsullar üzrə nəinki öz tələbatımızı ödəyə bilirik, hətta artıq ixrac potensialına da malikik.
Ali Məclisin sədri açılış tədbirlərinin ulu öndərimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirildiyini bildirərək demişdir: Həyatının mənasını insanlara xidmətdə, qayğıda görən ümummilli liderimizin doğum günü ərəfəsində belə tədbirlərin həyata keçirilməsi ulu öndərimizin doğum gününə ən böyük hədiyyədir, xatirəsinə ehtiramın ifadəsidir.
Ali Məclisin sədri yeni obyektlərin istifadəyə verilməsi münasibətilə Sədərək rayon sakinlərini, kollektivləri təbrik etmiş, bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Açılışı bildirən rəmzi lent kəsilmiş, bazanın inzibati binasına, anbarlarına və texniki parkına baxış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında