Bütövlükdə, iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən çoxşaxəli islahatlar ölkənin yeni sosial-iqtisadi təmayüllərini təkmil şəkildə müəyyənləşdirməklə yanaşı, həm də böyük uğurlara zəmin yaratmış və ölkə vətəndaşlarının hər birinin həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. 2003-cü ilin oktyabrında Vətənə, dövlətə, xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan hörmətli Prezidentimiz qısa zaman kəsiyində xalqın dərin hörmətini qazanmış, eyni zamanda, əsası ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirmişdir. Cənab İlham Əliyevin Azərbaycanda hökumətin sosial məsuliyyət prinsipinə ciddiliklə riayət edərək vaxtaşırı xalq qarşısında hesabat verməsi, regionlara mütəmadi səfərlər etməsi, xalqla birlikdə olması artıq ənənəyə çevrilmişdir. Bu ənənənin faydalı cəhəti cəmiyyətimizdə illərdən bəri daşlaşmış zərərli düşüncələrin getdikcə daha böyük sürətlə aradan qalxması vətəndaş-hökumət, vətəndaş-məmur münasibətlərində müşahidə olunan müsbət çalarlarla özünü doğrultmaqdadır.
Hamımıza məlumdur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır.
Ardıcıl və davamlı surətdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində artıq Azərbaycan nəinki keçmiş sovet respublikaları arasında birincidir, həm də bir çox göstəriciləri ilə əksər dünya dövlətlərini geridə qoymuşdur. Hazırda milli iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar və elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində əksər sahələrdə dinamik inkişaf təmin edilmiş və qısa müddət ərzində çox böyük nailiyyətlər əldə olunmuşdur. İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regional inkişaf haqqında Dövlət Proqramının uğurlu icrası və yeni proqramın hazırlanması və s. kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir. Bütün bunlar isə sübut edir ki, Azərbaycan hökuməti regionların inkişafına nail olmaq üçün qarşıya qoyulmuş kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının, müəssisələrin tikilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, bu sahəyə maliyyə yardımlarının artırılması, regionlarda təhsil və səhiyyənin inkişafının təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.
Ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafı istiqamətində aparılan mütəmadi işlərin nəticələri belə deməyə əsas verir ki, Azərbaycanın iqtisadi uğurları qarşıdakı illərdə də davam edəcəkdir. Əlbəttə, bütün bunlar keçən illərdə bünövrəsi qoyulmuş iqtisadi inkişaf təməlinin nəticələridir. Belə ki, təkcə son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə milli iqtisadiyyatda 14 faiz artım müşahidə edilmişdir. Təbii ki, belə yüksək təməl, yüksək baza üzərində qurulan iqtisadiyyat qarşıdakı dövrlərdə də öz uğurları ilə bizləri sevindirəcəkdir.
Cari ilin birinci rübünə aid statistik göstəricilər də qeyd olunanları bir daha təsdiq edir. Belə ki, 2011-ci ilin birinci rübü ərzində bütövlükdə 1,6 faiz iqtisadi artım qeydə alınmışdır. Sevindirici hal ondan ibarətdir ki, artımın əsas hissəsi qeyri-neft sektorunun payına düşür və I rübdə bu sektorda 5,6 faiz artım təmin olunmuşdur. Nəzərə alsaq ki, qarşıda duran başlıca vəzifələrdən biri də məhz qeyri-neft sektorunu inkişaf etdirmək, milli iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır, onda bu artımı qənaətbəxş hesab etmək olar. Bu artımın daha da gücləndirilməsi üçün qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə, bu məqsədə nail olmaq üçün həyata keçirilir. 2011-ci ilin birinci rübündə bütövlükdə sənaye istehsalı 0,3 faiz artsa da, sənayenin inkişafında sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait öz nəticələrini verməkdədir. Birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bununla bərabər əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Eyni zamanda, bu meyillərin il ərzində özünü daha da böyük həcmdə ifadə edəcəyi proqnozlaşdırılır. Bütün bunlara isə birinci rübün nəticələri tam əsas verir. Artıq ölkəmizdə valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir ki, bu da qarşıdakı dövrlərdə daha ciddi uğurlar qazanmağa imkan verəcəkdir.
Qeyd etmək lazımdır ki, iqtisadi sahədə əldə edilən uğurların davamlılığı həm də onların bütün sahələri əhatə etməsindədir. Belə ki, ümumi iqtisadi artım, neft və qeyri-neft sektorlarında əldə edilən nailiyyətlərlə yanaşı, demək olar ki, bütün sahələrdə 2011-ci ilin I rübü uğurla başa çatmışdır. Statistik məlumatlar göstərir ki, cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118 faiz yerinə yetirilmişdir, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Bu müddətdə büdcəyə vergi daxilolmaları 1 milyard 161 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 151 milyon manat və ya 15 faiz çoxdur. Vəsaitlərin 58,7 faizi və ya 681 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132 milyon manat və yaxud 24 faiz çoxdur.
Azərbaycan hökumətinin ölkədə sahibkarlığın, özəl təsərrüfat subyektlərinin inkişafı istiqamətində davamlı olaraq uğurla reallaşdırdığı tədbirlər nəticəsində qeyri-dövlət sektorunda iqtisadi fəallıq yüksəlmiş və iqtisadiyyatın şaxələndirilməsi davam etdirilmişdir. Tədbirlərin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin birinci rübü ilə müqayisədə 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır. Eyni zamanda, cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən də proqnoza 100,2 faiz əməl olunmuş, büdcəyə 241 milyon manat vəsaitin daxil olması təmin edilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Hesabat dövründə sair daxilolmalar üzrə büdcəyə 1 milyard 366 milyon manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 32 milyon manat çox vəsait daxil olmuşdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,3 faiz və ya 2 milyard 87 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 108 milyon manat və ya 5,5 faiz çox icra olunmuşdur. Əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətin sosial funksiyaları uğurla icra edilmişdir. Bütün dövrlərdə olduğu kimi, sosial sfera birinci rübdə də dövlətin əsas diqqət mərkəzində olmuşdur. Bunun nəticəsi kimi, iqtisadi təsnifata uyğun olaraq birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129 milyon manat və ya 14,9 faiz çox olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 1-ci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin ödənişinə 17,2 faiz və ya 57 milyon manat çox, əməyin ödənişi fonduna 14,2 faiz və ya 70 milyon manat çox, ərzaq və dərman xərclərinə 3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf edilmişdir.
Məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin 1-ci rübündə sosial müdafiə və sosial təminat xərclərinə 408 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılmışdır. Büdcə xərclərinin digər istiqamətləri də məqsədəuyğun şəkildə və əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq təmin edilmişdir və hər bir istiqamətdə ayrılan vəsaitlər ötən ilin müvafiq dövrnə nisbətən artmışdır. Belə ki, funksional təsnifata uyğun olaraq 2011-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3 faiz, təhsil xərclərinə 12,4 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9 faiz çox vəsait yönəldilmişdir.
Təbii ki, istənilən sahədə əldə edilən uğurların saxlanılması və inkişaf etdirilməsi lazımi investisiya qoyuluşları tələb edir. Ona görə də, bunu dəqiqliklə qiymətləndirən Azərbaycan hökuməti dövlətin investisiya xərclərini də daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir. Həmin vəsaitdən 78 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə isə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir. Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulması üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144 milyon manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 24 milyon manat, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına 17 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpasına 10 milyon manat, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə 20 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 143 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdırilməsinə 5 milyon manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən 206 milyon manat məbləğində vəsait cəlb olunmuşdur. Cari ilin birinci rübündə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 63 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə nəzərdə tutulmuş 181 milyon manat dotasiya tam ayrılmışdır. 2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrin həyata keçirilməsi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 31 milyon manat vəsaitin ayrılmasına dair ölkə başçısı tərəfindən müvafiq sərəncamlar imzalanmışdır. Hesabat dövründə dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə əvvəlcədən nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 14,3 milyon manat vəsait ayrılmış, ondan 7 milyon manat vəsait artıq istifadə olunmuşdur. Bütün bunlarla yanaşı, dövlətin xarici və daxili borclarının idarə olunması məsələsi də diqqətdə saxlanılmış, cari ilin birinci rübündə həmin məqsədə büdcədən 154 milyon manat vəsait yönəldilmişdir.
Neft-qaz hasilatının artması və siyasi-iqtisadi stabilliyin təmin edilməsi ilə ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsi, ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC-nin və Cənubi Qafqaz qaz kəmərinin fəaliyyətə başlaması, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi istiqamətində ardıcıl və uğurlu tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının davamlı inkişafına əlverişli zəmin yaradan əsas amillərdəndir. Məqsədyönlü və elmi əsaslara söykənmiş iqtisadi islahatların nəticəsidir ki, 2011-ci ilin ilk üç ayı ərzində əhalini gündəlik tələbat malları ilə təmin edən, eləcə də ərzaq təhlükəsizliyinin təmin ediməsi baxımından ən mühüm sahə olan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi davam etdirilmiş, hesabat dövründə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 25 milyon manat vəsait yönəldilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün cari ilin 1-ci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə 322 sahibkara 27,5 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 10 milyon manatını dövlət büdcəsindən sahibkarlığın inkişafı ilə bağlı ayrılmış vəsait təşkil etmişdir. İnvestisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır. Güzəştli kreditlər hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi fabrikinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir. Bunlar ölkədə aqrar sektorun inkişafı, insanların gündəlik tələbat məhsulları ilə təminatının daha dolğun ödənilməsi, eləcə də ümumilikdə ölkəmizdə ərzaq təhlükəsizliyinin aradan qaldırılması istiqamətində ciddi uğurlara şərait yaradır. Bu müddət ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakıətrafı qəsəbələrdə 24 sahibkara üst-üstə 2,2 milyon manat kredit verilmişdir ki, bu güzəştli kreditlər hesabına da qəsəbələrdə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Ölkəmizdə sahibkarlığın inkişafı və yeni sahibkarlıq subyektlərinin formalaşması üçün yaradılmış münbit şərait, o cümlədən sahibkarlıq fəaliyyətinə başlama üçün sərf edilən müddətin, prosedurların və sənəd sayının azaldılması nəticəsində "bir pəncərə" sistemi üzrə cari ilin birinci rübü ərzində 14 mindən çox sahibkar dövlət qeydiyyatına alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin sayının 46,1 faiz artması deməkdir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin 1-ci rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına düşmüşdür. Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait yönəldilmişdir.
Məlum olduğu kimi, 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin hesablamalarında bir barrel xam neftin ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür. Dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiyməti xeyli müddətdir 80 faizdən artıq üstələyir ki, bu da icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə və Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olacağını şərtləndirir. Gəlirlərin artması isə, öz növbəsində, dövlətə sosial-iqtisadi planlarını daha tez və uğurla reallaşdırmağa imkan verir. Bu, eyni zamanda, dünya bazarlarında xam neftin qiymətinin yüksək olması, habelə, 2008-2009-cu illərdə dünyada yaşanan maliyyə-iqtisadi böhran zamanı bir çox iri dövlətlər tərəfindən həyata keçirilmiş liberal pul-kredit və faiz dərəcəsi siyasəti dünya miqyasında inflyasiya meyillərini kəskin artırmışdır. Nəticədə ölkəyə idxal olunan qeyri-neft məhsullarının qiymətinin artımına səbəb olur. Yaranmış meyillər nəzərə alınmaqla əhalinin real gəlirlərinin qorunması və rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılaraq əlavə maliyyə təminatının yaradılması istiqamətində müvafiq qərarlar qəbul ediləcəkdir.
Eyni zamanda, sosial proqramların həlli bütün dövrlərdə olduğu kimi, bu il də diqqət mərkəzində olacaqdır. Təbii ki, sosial məsələlər daha çox ölkənin iqtisadi imkanları ilə bağlıdır. İlbəil tədricən maaşların, pensiyaların artımı, müxtəlif təyinatlı sosial proqramların həyata keçirilməsi və s. xalqın gün-güzəranının iqtisadi inkişafa mütənasib olaraq daim yaxşılaşdığını göstərir. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə stimul olaraq cənab Prezident tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinmişdir. Bu, dövlətin sosial siyasətinin bariz nümunəsi, eləcə də vətəndaşlara münasibətin bir göstəricisi kimi qəbul edilməlidir. Bu həm insanlara qayğı baxımından, həm də müvafiq qurumlarda şəffaf fəaliyyətin təmini baxımından çox mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, müxtəlif səbəblərdən uzun müddət ərzində yığılıb qalmış borclar əksər hallarda müvafiq qurumlarla əhali arasında xoşagəlməz münasibətlərin formalaşmasına gətirib çıxarırdı.
Nazirlər Kabinetinin iclasında da səslənən fikirlərdən aydın olduğu kimi, dövlət və icmal büdcələrinin, eləcə də Dövlət Neft Fondunun vəsaitlərinin artımı qarşıdakı aylarda və illərdə bütün sahələrdə, o cümlədən hər zaman hökumətin iqtisadi siyasətinin prioritetləri olan sosial sahə, infrastruktur təminatı, abadlıq işləri və s. istiqamətlərdə daha ciddi addımlar atmağa imkan verəcəkdir. Belə ki, vəsaitlərin artımı, NK-nın iclasında da vurğulandığı kimi, ilk növbədə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcəkdir.
Eyni zamanda, zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcəkdir. Bundan əlavə, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur. Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3 milyon nəfərdən çox şəxsə şamil ediləcəkdir. O cümlədən, əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrin maliyyə təminatı üçün də dövlət büdcəsinin dəqiqləşməsi nəticəsində formalaşacaq əlavə gəlirlərdən vəsait ayrılacaqdır. İclasda qeyd edilən fikirlərdən aydın olduğu kimi, respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına vəsaitin ayrılması da diqqətdən kənarda qalmayacaqdır.
Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaqdır. Hazırda həyata keçirilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat sisteminin, o cümlədən quru və dəniz nəqliyyatı sisteminin tranzit potensialının artırılmasını şərtləndiriləcəkdir. Bütövlükdə 2011-ci il dövlət və icmal büdcələrinə daxil olmaların artımı ilə bağlı aparılan dəqiqləşdirmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadiyyatın stimullaşdırılması, 2012-ci il və sonrakı illərdə dövlət və icmal büdcələri üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaqdır. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin NK-nın iclasında səsləndirdiyi fikirlərdən də aydın göründü: "2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir...Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq".
Beləliklə, NK-nın iclasında səslənən fikirlərə, eləcə də statistik məlumatlara uyğun olaraq belə nəticəyə gəlmək olar ki, istər birinci rübün göstəriciləri, bu rübdə əldə edilən iqtisadi uğurlar, istərsə də il ərzində həyata keçirilməsi planlaşdırılan işlərin strukturu və icrası Azərbaycan Respublikasının daha sürətli inkişafını, beynəlxalq aləmdə nüfuzunun daha da artmasını, dünyaya inteqrasiyasının güclənməsini təmin edəcəkdir.
{nl}
İsa ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Aqil ƏSƏDOV, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.