Vilayət Vəliyev: "Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təqribən 71 faizini təşkil edir"

Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının təqribən 71 faizini təşkil edir. SİA-nın xəbərinə görə, bunu İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib. O qeyd edib ki, Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amillərdən biri onun investisiyalar üçün cəlbedici olmasıdır. Belə ki, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına təxminən 100 milyard dollar sərmayə yatırılıb ki, onun da yarısı xarici sərmayələrin payına düşür. 
Xarici sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan keçmiş sovetlər birliyi məkanında aparıcı mövqelərə malikdir: "Yeri gəlmişkən qeyd etmək istərdim ki, hazırda 1000-dən çox türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və 2002-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına bu şirkətlər tərəfindən 2 milyard dollara yaxın sərmayə yatırılıb və Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş sərmayələrin həcminə görə Türkiyə birinci yerdədir".
İİN-nin rəsmisinin sözlərinə görə, 2010-cu ildə 147 ölkə ilə ticarət aparılıb, xarici ticarət dövriyyəsi 34,1 faiz artaraq 27,9 milyard dollar təşkil edib, 14,7 milyard dollar müsbət saldo yaranıb: "Əsas ticarət tərəfdaşlarımızdan olan Türkiyə ilə ötən il ticarət dövriyyəmiz təxminən 1 milyard ABŞ dolları təşkil etsə də etiraf etməliyik ki, bizim siyasi əlaqələrimizin səviyyəsi və iqtisadi imkanlarımız ticarət əlaqələrimizin daha yüksək səviyyələrə çatdırılmasını tələb edir və bunun üçün səylərimizi gücləndirməliyik. Buna görə, Azərbaycan regional əməkdaşlığa böyük önəm verir, bütün ölkələrlə hərtərəfli əlaqələrin davamlı olaraq genişləndirilməsinə çalışır".
Vilayət Vəliyev həmçinin son iqtisadi göstəricilərə də nəzər salıb: "2004-2010 illərdə Ümumi Daxili Məhsul 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, neft sektoru 4,8 dəfə, sərmayə qoyuluşu 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri, xərcləri isə 9,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, xarici ticarət dövriyyəsi dəfə, ixrac 8,2 dəfə, strateji valyuta ehtiyatları 18,2 dəfə artıb, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalıb".
O, eyni zamanda bildirib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, torpaqlarımızın 20 faizini zəbt etməsi, 1 milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması, beynəlxalq hüquq normalarına zidd və qeyri-konstruktiv mövqeyi bu ölkənin özünü regional layihələrdən kənarda qoymaqla yanaşı, regional əməkdaşlığın inkişafına da mane olur: "Bu problemə baxmayaraq, Azərbaycan böyük transmilli layihələrin fəal iştirakçısıdır və mən ilk növbədə qardaş Türkiyə ilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında