Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın daxili imkanlar hesabına əsas ərzaq məhsulları ilə təminatına xüsusi fikir verilmiş və buna nail olunması üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son nəticədə ölkəmizin bir çox strateji ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə gətirib çıxarmışdır.
{nl}
"İnkişafın Azərbaycan modeli" kitabından
{nl}
Azərbaycana rəhbərliyinin bütün dövrlərində ulu öndər Heydər Əliyev ölkənin aqrar potensialından səmərəli istifadə edilməsinə, kənd rayonlarının inkişafına, kənd təsərrüfatının səmərəliliyinin yüksəlməsinə xüsusi diqqət yetirmişdir. Xüsusilə, XX əsrin 70-ci illərindən 80-cı illərin ortalarına qədərki dövrdə ölkədə bu sahədə müasir tələblərə cavab verən infrastruktur yaradılmış, kəndin sosial- iqtisadi inkişafında yeni keyfiyyət səviyyəsi əldə edilmiş, yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. Həmin illər Azərbaycanın təkcə misilsiz sosial-iqtisadi inkişafı mərhələsi deyil, həm də yüksək ixtisaslı milli kadrların yetişdirilməsi üçün bütün imkanlardan, o cümlədən elmi-intellektual sahədə inteqrasiyadan istifadə edilməsi, hər sahədə yaradıcı mühitin təşviq olunması dövrü idi.
Məhz o illərdə Azərbaycanda aqrar sahənin maddi-texniki bazasının modernləşdirilməsi üçün keçmiş ittifaqın mərkəzləşdirilmiş vəsaitlərindən sanballı maliyyə resursları ayrılmasına nail olunmuş, onlardan istifadə səmərəliliyi yüksəldilmişdi. Sadalananların milli sərvətə çevrilməsi, Azərbaycan xalqının ondan bəhrələnməsi imkanlarının da əsası elə Sovetlər dövrünün 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi və 13 illik gərgin əməyi, uzaqgörən siyasi fəaliyyəti dövründə qoyulmuşdur. Yaxşı xatırlayırıq ki, 70-ci illərin sonlarından etibarən Azərbaycan İttifaq daxilində iqtisadi cəhətdən ən qüdrətli bir respublikaya çevrilmiş, məmləkətin və millətin dünyaya tanıdılmasında böyük uğurlar qazanılmışdır.
Azərbaycanda ictimai-siyasi mühitin gedişatını hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən nəzarətə alan ulu öndər sanki gələcək müstəqillik illərinin keşməkeşlərini görür və xalqın mənafeyi naminə titanik əməyi ilə hərtərəfli iqtisadi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat yaradırdı. O dövrdə əsası qoyulan maddi-texniki baza, qazanılmış iş təcrübəsi müstəqillik illərində Azərbaycanın karına gəlmişdir.
Ümummilli liderin müstəqilliyin ilk illərində yenidən respublika rəhbərliyinə qayıtması Azərbaycanı vətəndaş müharibəsindən, iqtisadiyyatı iflic vəziyyətindən və gənc suveren ölkəni dağılmaqdan qurtardı. Prezidentliyinin ilk dövrlərindən mərkəzləşdirilmiş təsərrüfatçılıq sisteminin perspektivsizliyinə xalqı inandıra bilən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış iqtisadi islahatlar çox keçmədi ki, öz bəhrəsini verdi. Ulu öndərin uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, özünü aqrar sahədə əldə olunan uğurlu nəticələrlə təsdiqləyir.
Ölkə Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin təsdiq etdiyi birinci regional inkişaf proqramı gələcək tərəqqiyə hesablanmış dövlət sənədi kimi qiymətləndirilir. Regional Dövlət proqramlarının icrası son illər aqrar sahənin inkişafına, kənd rayonlarında həyat səviyyəsinin yüksəlməsinə böyük təkan vermiş, daxili istehsal hesabına əhalinin bir sıra əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsini yüksəltmişdir. Təbiətdən daha çox asılı olan kənd təsərrüfatının inkişaf tempində daima böyük amplitudalı tərəddüdlərin mövcudluğuna baxmayaraq, son 3 ildə aqrar sahədə ümumi məhsulun artımı orta hesabla ildə 2,5 faiz təşkil etmişdir. 2010-cu ildə ölkəmizdə baş vermiş təbii fəlakətlə əlaqədar taxıl və kartof istehsalının azalması istisna olmaqla bu sahədə ümumi artım 5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 6,1 faiz olmuşdur.
Son illərdə ölkə iqtisadiyyatında əldə olunan misilsiz tərəqqi, iqtisadi inkişaf aqrar sahədə daha da qabarıq nəzərə çarpır. Bununla belə, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində qarşıda duran vəzifələr, görüləsi işlər az deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dediyi kimi: "Hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Bundan əvvəlki iclaslarda bu barədə tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları, infrastruktur yaradılsın və bu işlərə böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri öz həllini tapsın. Şübhə etmirəm ki, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək".
Burada, yeri gəlmişkən, bir məqamı qeyd etməyi zəruri sayıram. Ərzaq təhlükəsizliyi baxımından taxılçılıq aparıcı mövqeyə malikdir. Ona görə də möhtərəm dövlət başçımızın bu məsələyə xüsusi önəm verməsi günün reallıqlarından irəli gəlir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda ərzaq təhlükəsizliyinin ən mühüm seqmenti kimi məhz taxılçılığın inkişafı məqsədilə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Adı çəkilən Dövlət Proqramında taxılçılıqda məhsuldarlığın 32 sentnerə, istehsalı həcminin isə 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə hər hektar taxıl əkini sahəsinə görə 40 manat kompensasiya verilməsi, buğda istehsalçılarına əlavə 40 manatın ödənilməsi, gübrə xərclərinin 70 faizinin dövlət hesabına kompensasiya olunması, kənd təsərrüfatının torpaq vergiləri istisna olmaqla bütün digər vergilərdən bir daha azad edilməsi, elit və yüksək reproduksiyalı toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması da məhz həmin məqsəddən irəli gəlir.
Ölkə Prezidenti həmin iclasda ərzaq təhlükəsizliyinin təminatında daxili imkanlardan səmərəli istifadənin diqqət mərkəzində saxlanıldığını xüsusilə vurğulamışdır:"Son illər ərzində müəyyən hava şəraiti ilə, təbii fəlakətlərlə bağlı xüsusilə taxılçılıqda bəzi ölkələr tərəfindən ixraca qoyulan məhdudiyyətlər göstərir ki, biz aqrar siyasətimizi ancaq daxili resurslar üzərində aparmalıyıq. Azərbaycanda 90-cı illərdən başlamış və uğurla davam etdirilən çox cəsarətli aqrar islahatlar, fermerlərə göstərilən dəstək, vergilərin ləğvi, bugünkü reallıqlar imkan verir ki, biz öz gücümüzə arxalanaraq ərzaq təhlükəsizliyimizi təmin edə bilək. Bu məsələ ilə bağlı sahibkarlarla görüşdə geniş fikir mübadiləsi aparılmışdır. Təkrara ehtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, bu məsələ də daim gündəlikdə olmalıdır".
Möhtərəm dövlət başçımız ikinci regional Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məsələnin vacibliyinə bir daha diqqət çəkməklə görüləsi işlərlə əlaqədar fikirlərini bildirmiş, müvafiq qurumlara konkret tapşırıqlarını vermişdir. Sözügedən məsələlərin həlli məqsədilə cənab Prezident həmçinin kənd təsərrüfatının intensiv şəkildə inkişafının vacibliyini gündəmə gətirməklə yanaşı, yeni əkin sahələrinin də dövriyyəyə çıxarılmasını vacib saymışdır.
Torpaq amortizasiya olunmayan əsas investisiya aktivi olduğundan ondan daima səmərəli istifadə olunmalıdır. Bu gün respublikada kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə səviyyəsi getdikcə artırılmaqdadır. Xatırlatmaq yerinə düşər ki, 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1017,8 min hektarda şum qaldırılmış, dən və yaşıl yem üçün 925,9 min hektar, o cümlədən, 915,2 min hektarda dən üçün payızlıq taxıl əkilmişdir ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil etmişdir. Kənd təsərrüfatının prioritet sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam etmiş, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmışdır. 2010-cu ildə kənd təsərrüfatının inkişafı məqsədi ilə 13,405 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Görülmüş tədbirlər məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət etmişdir. Belə ki, güzəştli kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yeri açılmışdır. Kreditlərin orta həcmi 29,9 milyon manat təşkil etmişdir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə aqrar sahə üzrə 13 min 495 iş yeri açılmışdır ki, ondan 7 min 483-ü daimidir.
Həyata keçirilmiş tədbirlər cari ildə taxıl istehsalını 3 milyon tona çatdırmağa əsas verir, bu isə özlüyündə heyvandarlıq və digər sahələrin inkişafına etibarlı şəraitin yaradılmasını şərtləndirəcəkdir. Ölkə Prezidenti adı çəkilən konfransda məsələyə kompleks şəkildə yanaşılmasını tövsiyə etmişdir: "Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamışıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sair. Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min hektar , bəlkə də 200 min hektar yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq.
Ərzaq təhlükəsizliyi insanların qida rasionunun optimalaşdırılması və keyfiyyət amili ilə əlaqələndirilməlidir. Bu baxımdan son illər Azərbaycanda əhalinin qida rasionunda çörək və un məmulatlarının payının azalması və heyvandarlıq məhsullarının xüsusi çəkisinin artması faktı mühüm müsbət irəliləyiş kimi qeyd olunmalıdır. Əhalinin qida rasionunda yaranmış belə pozitiv dəyişikliklər onu optimal fizioloji normalara yaxınlaşdırılmasının (2500-3000 k.kal/gün) və əhalinin həyat səviyyəsinin yüksəlməsinin göstəricisidir. Qeyd olunanlar dövlət başçısının ölkənin iqtisadi suverenliyinin daha da gücləndirilməsi qayğılarının ciddiliyindən xəbər verir.
Qlobal miqyasda ərzaq təhlükəsizliyi XXI əsrin əsas problemlərindən biri kimi daim gündəmdə olacaqdır. Ona görə də ölkə başçısının bu sahədə qarşıya qoyduğu və icrasını özünün ciddi nəzarətinə götürdüyü bu məsələlərə milli mənafelərin gələcək illərdə də qorunması prizmasından qiymət verilməlidir. Yeri gəlmişkən, qeyd edək ki, aqrar-ərzaq təsərrüfatının inkişafına dövlət himayəsi tədbirləri ərzaq məhsullarına çəkilən xərclərin ailə büdcəsindəki xüsusi çəkisinin azalmasına imkan vermişdir. Ailə büdcəsində ərzaq xərclərinin payı həyat səviyyəsinin mühüm göstəricisidir və onun azalması həyat səviyyəsinin yüksəlməsinin mühüm sosial göstəricisidir. 90-cı illərin ortalarında respublikada ərzaq xərcləri ailə büdcəsinin 80 faizindən çox idisə, hazırda bu göstərici 50 faizdir və bu azalma meylinin davamlı olacağı şübhə doğurmur.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi bu il də davam etdirilir. Belə ki, yanvar-mart aylarında "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində görüləcək işlərə 25 milyon manat vəsait yönəldilmişdir. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə ciddi diqqət yetirilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Məhz elə bunun nəticəsidir ki, investisiya layihələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır. Artıq müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi müəssisəsinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında göstərilmişdir ki, aqrar sahəyə dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına iri həcmli, uzun müddətli kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması və genişləndirilməsi, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi preparatların alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 4,5 milyon manat vəsait yönəldilmişdir. Beləliklə, görülmüş tədbirlər sayəsində dövlət həm istehlakçının, həm də istehsalçının mənafeyini nəzərə alan iqtisadi fəaliyyət rejimi yaratmış, əhalinin alıcılıq qabiliyyəti və istehsal fəallığının yüksəldilməsi üçün əlverişli mühit formalaşdırmışdır.
Prezident İlham Əliyev dövlət tədbirlərində dəfələrlə vurğulamışdır ki, Azərbaycanda sənayeləşmə prosesi daha da sürətlə getməlidir, sənayemiz çoxşaxəli olmalı, çox güclü sənaye potensialı yaradılmalı, müasir infrastruktur qurulmalı, bir neçə ildən sonra neft amilindən asılılıq tamamilə aradan qaldırılmalıdır. Dövlət başçısının qarşıya qoyduğu bu taleyüklü vəzifələrin yerinə yetirilməsində müasir aqroemal sənaye müəssisələrinin yaradılması ön plana çəkilir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, aqrar sahənin iqtisadi səmərəliliyinin yüksəldilməsində, rəqabət qabiliyyətinin artırılmasında məhz bu inkişaf istiqaməti əsas götürülür. Aqroemal sənayesinin az kapital tutumlu olması və daha çox əlavə dəyər gətirməsi imkanları, bu sənayeyə yönəldilən investisiyaların iqtisadi və sosial səmərəliyi hasilat sənaye sektoruna istiqamətləndirilmiş investisiya qoyuluşunu bir neçə dəfə üstələyir. Ümumiyyətlə, aqroemal sənayesinin inkişaf səviyyəsi ölkənin bütünlükdə inkişaf səviyyəsini xarakterizə edən göstəricilərdən biridir və sənayecə inkişaf etmiş ölkələr inteqrasiya əlaqələrinin davamlılığını, dünya bazarlarına məhz son məhsulları çıxarışları ilə reallaşdırırlar.
Aqrar sahənin inkişafı eyni zamanda ümumi iqtisadi inkişafa həlledici təsir göstərir, ölkə miqyasında böyük multiplikativ effekt yaradır. Təhlillər göstərir ki, kənd təsərrüfatında bir iş yerinin açılması son məhsula hesablanmış iqtisadi mühitdə digər əlaqədar sahələrdə 15 iş yerinin yaranmasına səbəb olur. Bu baxımdan, məsələn, pambıqçılıq kompleksinin təhlili göstərir ki, əgər istehsal-emal sferasında 3-5 faiz əlavə və dəyər yaranırsa, toxuculuqda və tikiş sənayesində bu rəqəm müvafiq olaraq 80 və 10 faiz arasında dəyişir. Bu kontekstdə tarixən ölkə ixracatında mühüm yer tutmuş pambıqçılığın və sənaye üçün xammal istehsal edən digər kənd təsərrüfatı sahələrində son məhsula yönəlik istehsalın qurulması zəruridir. Bununla da ölkədə məşğulluğun məqbul səviyyəsinin az vaxtda təmin olunması, regionların sənayeləşməsi nəticəsində büdcə və əhali gəlirlərinin artması mümkündür. Ona görə də ötən ildən başlayaraq respublikamızda bu istiqamətdə mühüm işlər görülür. Yəni aqroemal müəssisələri və digər aralıq strukturların yaradılması üçün güzəştli kreditlərin ayrılmasına xüsusi diqqət yetirilir. Burada əsas məqsədlərdən biri həm də odur ki, kənd təsərrüfatı məhsullarının emalı genişləndirilməklə yanaşı, kənd yerlərindən işçi qüvvəsi axını azalsın və ümumən urbanizasiya prosesləri tənzimlənsin.
Qeyd olunduğu kimi, ölkə başçısının göstərişi ilə aqrar sahənin inkişafını təmin etmək üçün təsərrüfat subyektlərinin iriləşdirilməsi prosesi də reallaşdırılmalıdır. Bu, təsadüfi deyil. Çünki kiçik ailə və fermer təsərrüfatları üçün ayrı-ayrılıqda qarşıya qoyulan məqsədə, yüksək rentabelli fəaliyyətə nail olmaq çətindir. Başqa sözlə, kiçik təsərrüfat subyektləri bazasında intensiv və innovativ istehsalı qurmaq ciddi problemlərlə qarşılaşır. Ona görə də xarici təcrübəyə istinadən istehsalın bu əsasda qurulması, orta və iri təsərrüfatçılığın, sahibkarlığın dəstəklənməsi müqayisəli regional üstünlüklərin gerçəkləşdirilməsinə, səmərəli sahə quruluşunun təşviq edilməsinə, məhsuldarlığın artırılmasına, xərclərin azaldılmasına və ən nəhayət, səhənin rəqabət qabiliyyətinin yüksəldilməsinə zəmin yaradacaqdır.
Aqrar sahənin yüksək templi inkişafına nail olmuş ölkələrdə kənd təsərrüfatı istehsalında müsbət göstəricilərin əldə edilməsinin başlıca şərtlərindən biri olan aqrotexnoloji, aqrotexniki, texniki-iqtisadi, metodoloji məsələlərin, menecmentin vahid bir sistem çərçivəsində reallaşdırılması vacib sayılır. Buna isə ilk növbədə kiçik fermer təsərrüfatlarının kooperasiya şəraitli fəaliyyət imkanlarına inandırılması, müvafiq tənzimləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə nail olmaq mümkündür. Deməli, Azərbaycanda aqrar sahə resurslarından səmərəli istifadə göstəricilərinin yüksəldilməsi üçün mövcud ailə-kəndli və fermer təsərrüfatları öz mülkiyyətlərindəki torpaqlar və digər mülkiyyət üzərində hüquqlarını saxlamaq şərtilə vahid təsərrüfat subyektində fəaliyyət göstərmələri probleminin çözülməsinin təxirəsalınmaz bir vəzifə kimi ortaya qoyulması həyati zərurtdən irəli gəlir. Yalnız bu əsasda inteqrasiya əlaqələrini inkişaf etdirmək, klasterial sistemin tətbiqini reallaşdırmaq olar.
Aqrar sahədə istehsal həcminin artırılması və bununla ərzaq bolluğunun yaradılmasının əsas vəzifələrindən biri də ərzaq məhsulları istehsalının infrastruktur təminatının daha əhatəli və müasir tələblər baxımından qurulması ilə yanaşı, əlaqədar sahələrdə müvafiq tədbirlər həyata keçirilməlidir. Başqa sözlə, daxili yolların qaydaya salınması, qazlaşdırma, elektrikləşdirmə, su ilə təminat məsələləri ön plana çəkilməlidir ki, kənddə yaşayan mütəxəssislər və istehsalla məşğul olanlar, xüsusilə gənclər üçün keyfiyyətli yaşayış imkanları da nəzərə alınmaqla əlverişli infrastrukturlar yaradılsın. Eyni zamanda, hazırda istehsal olunan məhsulun toplanması, daşınması, saxlanması və bazara çıxış imkanlarının daha da genişləndirilməsi təxirəsalınmaz vəzifələr kimi qarşıya qoyulur və onların həlli istiqamətində mühüm işlərin görülməsi qərarlaşdırılır.
Ümumilikdə götürdükdə, modern infrastruktur şəbəkəsinin yaradılması, onun istehsal və sosial təyinatlı elementlərinin üzvi vəhdətdə fəaliyyəti üçün əlverişli şəraitin təşkili, kənd təsərrüfatına himayə tədbirlərinin genişləndirilməsi, Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyasını və liberallaşan xarici aqrar bazara çıxışını asanlaşdırar. Məhz bu və digər səbəblərdən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən proqramların zamanında həyata keçirildiyini və milli inkişaf strategiyasının vacib atributu olduğunu söyləmək olar.
Aqrar sahənin inkişafı tarixən ölkə üçün həyati əhəmiyyətli məsələ olub, qlobal miqyasda ərzaq probleminin neqativ təsirlərini neytrallaşdıran mühüm amil kimi qiymətləndirilir. Dünya əhalisinin artım dinamikası ilə ərzaq istehsalı arasındakı disproporsiyanın meydana çıxdığı XX əsrin ortalarından etibarən BMT tərəfindən hər bir dövlətin öz xalqını ərzaqla təmin etmək üçün müvafiq tələbi irəli sürülmüşdür. Məsələ ondadır ki, hazırda dünya əhalisinin orta illik artımı 1,2 faiz olduğu halda, ərzaq istehsalında müvafiq göstərici 0,9 faiz təşkil edir. Qeyd olunan nisbət baxımından Azərbaycanda vəziyyətin ildən-ilə yaxşılaşması reallıqdır. Məsələn, son illərdə ölkə əhalisinin orta illik artım tempi 1,2 faizə yaxındırsa, adambaşına orta illik ərzaq məhsulları istehsalının artımı 5-7 faiz təşkil edir. Odur ki, planetar səviyyədə ərzaq problemi aktual olaraq qalır və deməli, ölkəmizdə əhalinin gələcək artım tempi də nəzərə alınmaqla, kənd təsərrüfatına xüsusi diqqət yetirilməsi obyektiv zərurətdən irəli gəlir.
Olduqca tədqirəlayiq haldır ki, ölkəmizdə aqrar sahənin inkişafı ali dövlət rəhbərliyinin daimi diqqət və qayğı obyektidir. Bunun nəticəsidir ki, dünyanı bürüyən iqtisadi böhran milli iqtisadiyyatın, o cümlədən aqrar sahənin inkişafına nəzərəçarpacaq dərəcədə təsir edə bilməmiş, fəal tənzimləyici vasitələr hesabına əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm irəliləyişlər əldə olunmuşdur. Azərbaycanın artan iqtisadi qüdrəti, onun daxili və xarici mənbələr hesabına investisiya tələbatını ödəmək imkanlarının genişlənməsi, aqrar sahəyə yönəldilən dövlət investisiyalarından proqram-məqsədli və səmərəli istifadə öz bəhrəsini verməkdədir. Bütün bunlar ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin yüksəldilməsindən xəbər verir.
Azərbaycanda aqrar siyasətin düzgün müəyyənləşdirilməsi, seçilmiş strategiyanın reallaşdırılması metodlarının uğurlu seçimi və qarşıda duran tədbirlərin ardıcıl həyata keçirilməsinə olan ciddi qayğı və nəzarət yaxın illərdə ölkənin neft sektorundan asılılığının azaldılmasına, əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına, daxili istehsal hesabına özünü təminetmə səviyyəsinin optimallaşdırılmasına və büdcə gəlirlərində aqrar sahənin payının artırmasına imkan yaradacaqdır. Yəni biz yaxın gələcəkdə ölkədaxili tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatı və ərzaq məhsulları ixracını genişləndirməli, ölkəyə bu sahədən valyuta daxilolmalarını artırmağa real imkanlar qazanacağıq. Təhlillər göstərir ki, Azərbaycan dövlətinin konseptual hədəfi də elə buna hesablanmışdır.
Nəticə etibarilə qeyd etməliyəm ki, hazırda Azərbaycanda aqrar sahənin inkişafının yeni hədəflərinin əsası qoyulur, sosial və istehsal infrastrukturun inkişafı, regional proqramların yerinə yetirilməsi, kənd ərazilərinin inkişafı, kənddə həyat tərzinin müasirləşdirilməsi, kənd iqtisadiyyatının inkişafı və alternativ iş mühitinin formalaşdırılması, kənd təsərrüfatının və kəndin çoxfunksiyalılığının gündəmə gətirilməsi ölkənin daha da qüdrətlənməsinə və əhalinin firavan həyat sürməsinə geniş imkanlar açacaqdır.
{nl}
Sadıq SALAHOV, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.