2011-ci ilin I rübündə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun çıxışı ilə başladı. Natiq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışına toxunaraq bildirdi ki, ölkə iqtisadiyyatının uğurlu inkişafının təhlilini verən möhtərəm dövlət başçısı, son 7 il ərzində ümumi daxili məhsul istehsalının təxminən 3 dəfə, hətta maliyyə böhranının tüğyan etdiyi 2009 və 2010-cu illərdə iqtisadiyyatımızın 14 faiz artdığını konkret rəqəmlərlə diqqətə çatdırmışdır.
İqtisadiyyatımızın, Prezident cənab İlham Əliyevin göstərdiyi kimi, bu ilin birinci rübündə bütövlükdə 1,6 faiz artması isə Azərbaycanda həyata keçirilən iqtisadi strategiyanın düzgün müəyyənləşdirildiyindən xəbər verir. Xüsusilə diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, qeyri-neft sektorunda inkişaf tempi daha yüksək olmuş, bu sahəyə qoyulan investisiyaların səmərəliliyi artmış və sahibkarlıq fəaliyyətinin inkişafı üçün münbit şərait yaradılmışdır.
İqtisadiyyatımızın ildən-ilə artan templə inkişafı sosial infrastrukturun əsaslı şəkildə yenidən qurulması, məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman və digər müəssisələrin tikintisinin investisiya proqramı çərçivəsində icra edilməsinə, yoxsulluğun səviyyəsinin ildən-ilə aşağı düşməsinə, yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açmış və nəticədə bu ilin ilk üç ayında regionlarda təxminən 17 min yeni iş yeri açılmışdır.
Nazirlər Kabinetinin müşavirəsində cənab Prezident son illərdə regionlarla yanaşı Bakı şəhəri və ətraf qəsəbələrdə də geniş həcmli yenidənqurma və abadlaşdırma işlərinin görüldüyünü qeyd etməklə yanaşı, ətraf kənd və qəsəbələrdə hələ də çoxsaylı problemlərin olduğunu nəzərə çatdırmış, Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə məhz mövcud problemlərin aradan qaldırılması üçün xüsusi Dövlət Proqramının hazırlanmasına ehtiyac olduğunu, hazırda təhlillər aparılaraq proqramın hazırlandığını və bununla yanaşı qəsəbələrdə bir sıra işlərin artıq icrasına başlandığını bildirmişdir. Bu qəsəbələr sırasında bizim rayonun Əhmədli qəsəbəsi də var.
İclasda qeyd olundu ki, ölkənin davamlı inkişaf prosesində bir çox rayonlar kimi, paytaxtın aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonu da mühüm rol oynamışdır.
Belə ki, 2011-ci ilin I rübündə rayonun iqtisadiyyatı dinamik inkişaf etmiş, rayon əhalisinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əmək haqqı artmışdar. Rayonda iqtisadiyyatın əsas sahələrində 404 milyon 112 min manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çox məhsul və xidmətlər istehsal olunmuşdur ki, bunun da 230 milyon manatlığı, yəni əvvəlki ildəkindən 10 faiz çoxu sənaye məhsulunun hesabına olmuşdur.
Cari ilin birinci rübündə iqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət irəliləyişlər əldə edilmişdir. Bu müddətdə rayon əhalisinə 290 milyon 287 min manatlıq və ya əvvəlki ilin eyni dövründən 35,6 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmiş, əmtəə dövriyyəsi 31,8 faiz - 208 milyon 425 min manat, pullu xidmətlərin həcmi isə 48,2 faiz artaraq, 81 milyon 862 min manat təşkil etmişdir.
Rayonda sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsidir ki, ticarət şəbəkələrindən satılmış məhsulların 19 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 3,7 faizi yarmarkalar, 77,3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuş, əmtəə dövriyyəsinin 99,8 faizi, pullu xidmətlərin 85,5 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir. Özəl bölmə tərəfindən əhaliyə 2010-cu ilin I rübü ilə müqayisədə 51 faiz çox pullu xidmətlər göstərilmişdir.
2011-ci ilin 1-ci rübündə rayonun iqtisadi və sosial sahələrində əsas kapitala bütün maliyyə mənbələrindən keçən ilin eyni dövründəkindən 2,1 faiz çox- 46 milyon 812 min manatlıq investisiya yönəldilmiş, 25 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
İstifadə olunmuş vəsaitin 41 milyon 54 min manatı (keçən ilin müvafiq dövründəkindən 2,2 faiz çox) tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, tikinti təşkilatlarının öz gücləri ilə gördükləri podrat işlərin həcmi də 1,7 faiz çox olmuşdur.
Nəqliyyat müəssisələri tərəfindən əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi yaxşılaşdırılmış, rabitəçilər isə bu xidməti 6,7 dəfə artırmışlar.
Bu ilin I rübündə rayon üzrə işçilərin orta sayı müqayisədə 3337 nəfər artaraq 56217 nəfər olmuş, əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisədə 18,8 faiz artaraq 474,5 manata çatmışdır.
Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 9 faiz artaraq 382,5 manatdan 417,1 manata, nəqliyyatda 8,2 faiz artaraq 620,3 manata, tikintidə 9,9 faiz artaraq 477,7 manata çatmış, rabitədə isə bu göstərici 2,3 dəfə çoxalmışdır.
2003-cü ildən indiyədək rayonda 20100, o cümlədən 19894 daimi iş yerləri açılmışdır. Hesabat dövründə isə yeni yaradılan iş yerlərinin sayı 792 olmuşdur.
Sürətli inkişaf mərhələsini yaşayan ölkəmizdə əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsi, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkili daim diqqətdə olduğundan rayonumuzda da pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması üçün tədbirlər görülmüş və bu nəcib məsələ rüb ərzində gündəlik nəzarətdə olmuşdur.
İcra hakimiyyətinin başçısı daha sonra qeyd etdi ki, ölkədə həyata keçirilən düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətin real nəticəsidir ki, Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək son illərdə öz simasını tam dəyişmişdir. Bu dəyişiklik bizim rayonumuzda da əhəmiyyətli dərəcədə olmuş və sevindirici haldır ki, həmən inkişaf prosesi bu gün də uğurla davam etməkdədir.
Rayonumuzun küçə və prospektlərinin, park və meydanlarının yenidən tikilməsi, yeni parklar salınması, əhalinin sosial problemlərinin həlli, onların istirahətinin təşkili və s. məqsədi ilə son illər rayonumuzda müxtəlif layihələr həyata keçirilməkdədir.
R.Məmmədov çıxışının sonunda xüsusi vurğuladı ki, 2011-ci il də, elə ilk rübdən göründüyü kimi, sosial-iqtisadi sahədə uğurlar ili olacaq.
O, həmçinin Respublika Prezidenti cənab İlham Əliyevin Bakıətrafı qəsəbələrə səfəri çərçivəsində Xətai rayonunun Əhmədli qəsəbəsində olmasını, sakinlərlə səmimi görüşünü, onların istəyi ilə qəsəbədə yeni xəstəxana binasının tikintisinə sərəncam verməsini və rayon icra hakimiyyəti qarşısında konkret vəzifə və tapşırıqlar qoyduğunu da qeyd etdi:
- Biz çalışacağıq ki, qarşımızda qoyulan bütün vəzifə və tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirək.
İclasda rayonun ayrı-ayrı idarə və müəssisə rəhbərləri də çıxış edib, I rüb ərzində görülən işlərdən danışdılar. Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Səməd Seyidov və digər qonaqlar çıxışlarında rayon icra hakimiyyətinin 2011-ci ilin birinci rübündə gördüyü işləri qənaətbəxş hesab etdilər və qarşıda duran vəzifələrin həllində onlara uğurlar arzuladılar.{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.