Şərqin ilk operasının yeni həyatı

Muğam müsabiqələrinin bir səmərəsi də "Leyli və Məcnun"a yeni səslərin gətirilməsi oldu
Azərbaycan Dövlət Opera və Balet Teatrının 102-ci mövsümü zəngin repertuar, yaddaqalan tamaşalar, uğurlu ifalar və ən başlıcası tamaşaçı-sənətsevər marağının cəlb edilməsiylə davam edir. Əslində bu teatr mövcud olduğu bütün dövrlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının daim məhəbbətlə, sevgi ilə üz tutduğu ünvan olub. Yeni əsrin ilk onilliyindən etibarən bu mədəniyyət müəssisəsinə üz tutanların dövri olaraq artması isə milli-mənəvi dəyərlərimizin təəssübünü çəkən hər kəsdə böyük məmnunluq hissi yaradır. 15, 25, 35 il əvvəl bu teatrın tamaşaçısı olmuş bir qələm sahibi kimi aprelin 8-də "Leyli və Məcnun"a yenidən baxdım və öz təəssüratlarımı hörmətli oxucularla da bölüşmək istədim.
"Leyli və Məcnun" indi tamaşaçılara əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim olunur. Həm onun, həm də tamaşanın musiqi rəhbəri və dirijoru, xalq artisti, professor Cavanşir Cəfərovun birgə ərsəyə gətirdikləri iş barədə söz açarkən fransız şairi Pol Elyarın bir ifadəsi yada düşür. Elyar yazırdı ki, yaradıcı insanın əsər ortaya qoyması silahlı adamların atışmasına bənzəyir - güllə ya birbaşa beyinə dəyəcək, ya da, ümumiyyətlə, kənardan keçəcək. Çox qəribə bənzətmədir. Amma fikrin ifadə olunması üçün kifayət qədər cəlbedicidir. Tamaşaçısı olduğumuz səhnə əsərinin birbaşa beyinə təsir edəcək şəkildə hazırlanması danılmaz bir fakt idi. Bu tamaşanın ortaya gəlməsində xidməti olan hər kəsin üç istiqamətli məhəbbəti görünürdü: Füzuli sözünə, Üzeyir musiqisinə və zalda əyləşən ən sadə tamaşaçının zövqünə olan məhəbbət, hörmət və ehtiram.
Hərdən belə ifadələr də eşidilir ki, bu operanı Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaçılara təqdim edib, vəssalam. Daha orada nə yenilik etmək olar? Qətiyyən razılaşmaq mümkün olası qənaət deyil. Çünki ilk tamaşadan sonra (Hüseynqulu Sarabskinin ifası nəzərdə tutulur) Əlövsət Sadıqov, Hüseynqulu Hacıbababəyov, Əbülfət Əliyev, Bakir Haşımov və digərləri tamamilə fərqli məcnunlar yaratmışdılar. Bilavasitə canlı tamaşalarında iştirak etdiyimiz Qulu Əsgərov, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Alim Qasımov və Mənsum İbrahimov da qətiyyən bir-birinə oxşamayan məcnunların müəllifləridir. Qulu Əsgərovun Məcnununda ürək dağlayan bir kövrəklik var idisə, Arif Babayevin səs imkanları tükənməz idi. Canəli Əkbərov Füzuli qəzəlini tamaşaçıya məhz Füzulinin istədiyi kimi çatdırmağın ustası idisə, Baba Mahmudoğlunun aktyor kimi səhnə üçün, opera üçün yaranması şəksiz idi. Alim Qasımov tamamilə orijinal aləmli, həqiqi bir Məcnun yaratmışdısa, Mənsum İbrahimov operanın 100 illiyi ərəfəsində bu möhtəşəm yubileyə layiq bir Məcnun ərsəyə gətirdi. Əlbəttə, burada aktyorun şəxsi keyfiyyətləri xüsusi əhəmiyyət kəsb edir, amma quruluşçu rejissorun xidməti də danılmazdır. Hafiz Quliyevin əməyini bir də ona görə yüksək qiymətləndirməliyik ki, bu gün o, xalq artisti Mənsum İbrahimovla yanaşı gənc və istedadlı ifaçılar olan Səbuhi İbayev və İlkin Əhmədovu da ünlü məcnunlar sırasına qaldırmışdır.
Məcnunun hər iki gənc ifaçısının səhnədəki imkanları tamamilə qaneedicidir. Səbuhinin muğamı sadəcə muğam kimi deyil, bilavasitə ariya kimi ifa etməsi (bu, Üzeyir dahiliyi idi ki, klassik operadakı ariyanı "Leyli və Məcnun"da muğam parçaları ilə əvəz etmişdir) üstün cəhətdirsə, İlkinin kadensiyaları - öz ifasına tamamlama və ya fasilə xarakteri verən səs çalarları böyük maraqla qarşılanır.
Məcnunlar haqqında deyilənləri leylilərimiz haqqında da qətiyyətlə söyləyə bilərik. Amma bir az fərqli şəkildə. Belə ki, əvvəlki leylilər haqqında konkret fikir söyləmək imkanımız çox azdır. Zeynəb Xanlarova, Rübabə Muradova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Raziyə Şirinova, Səkinə İsmayılova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova və başqa ifaçılar isə, sözün həqiqi mənasında, Şərqin ilk operasına yeni-yeni rənglər bəxş etmiş səs və ifa sahibləri, sənət xadimləridir. Yəqin ki, məcnunları sayarkən Səbuhi və İlkinin adını çəksəm də, leylilərin sırasında Vüsalə Musayevanın adını görməyən oxucu bir qədər təəccüblənəcək. Amma təəccüblənməyə heç bir əsas yoxdur. Çünki mən bilavasitə gənc opera qəhrəmanlarımız olan Vüsalə Musayeva, Səbuhi İbayev, İlkin Əhmədov və Təyyar Bayramovun (İbn-Səlam) ifasından aldığım məmnunluq hisslərindən sonra bu sətirləri yazmaq qərarına gəldim. Bu, sevindirici haldır, məmnunluq gətirən məqamdır ki, iyirminci əsrin ilk onilliyində yaranan "Leyli və Məcnun" operası yeni əsrin ilk onilliyində yeni ifalarla zənginləşir. Yeri gəlmişkən, Vüsalə Musayeva, İlkin Əhmədov və Təyyar Bayramov ölkədə keçirilən muğam müsabiqələrinin üzə çıxardığı istedadlı ifaçılardır. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən həmin müsabiqələr ümumxalq minnətdarlığı ilə qarşılanır.
Aprelin 8-də baxdığımız tamaşadan sonra qələmə almaq istədiyimiz növbəti məqamı qeyd etməzdən əvvəl opera teatrının keçmiş rəssamı, mərhum sənətkar Əyyub Fətəliyevin bir ifadəsini yada salmaq istərdim. 90-cı illərin əvvəllərində radio üçün veriliş hazırlamaq məqsədlə Əyyub müəllimlə görüşmüşdüm. O, teatr rəssamlığını "gözlər üçün musiqi" adlandırmışdı. İndi xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovun "Leyli və Məcnun" operasına verdiyi rəssam quruluşunu görəndə Əyyub müəllimin həmin ifadəsinin nə qədər uğurlu olduğunu düşündüm. Yeri gəlmişkən, əməkdar incəsənət xadimi, mayestro Sevil Hacıyevanın dirijorluğu yüksək qiymətləndirilməlidir. Onun rəhbərlik etdiyi kollektivin ifasında nəinki hansısa ahəngsizlik və ya kakofoniya qeydə alınmırdı, əksinə, ifaçılar mükəmməl bir müşayiət ilə ulu bəstəkarın ruhuna ehtiram nümayiş etdirirdilər. Leylinin həyatının son anlarında səhnənin dərinliklərində - "səmada" görünən ulduzlara üz tutması isə onun öz ulduzunun sönməsinə işarə kimi qəbul edilirdi. Üvertura, proloq, ariyalar, xorlar, duet, trio, orkestr epizodları, rəqs və başqa parçaların hər biri üçün uğurlu rəssam quruluşu verilmişdi.
Birinci pərdədə Məcnunun Leyli ilə görüşməsi səhnəsində oxunan "Mahur Hindi" muğamı Məcnunun elçilərinin rədd edilməsindən sonra səslənən Şahnazla əvəz olunur, nakam qəhrəmanın son nəfəsində isə "Şüştər"lə tamamlanır. Üzeyir Hacıbəyli dahiliyinin düzdüyü ardıcıllıqdır. Bəs bunu gənc aktyorlar tamaşaçıya necə çatdırırdılar? Yuxarıda qeyd etdiyimiz kimi yüksək səviyyədə. Xalq artisti Şahlar Quliyevin (Nofəl) oxuduğu "Heyratı", Nəzər Bəylərovun (İbn-Səlam) ürəyi riqqətə gətirən kədəri, Mütəllim Dəmirovun (Məcnunun atası) çaşqınlıq və psixoloji sarsıntılar içərisində hüznlü məqamlar yaşaması - hər şey operanın adına layiq idi. Əməkdar artist Gülyaz Məmmədovanın Leylisini görəndə isə zaldakılardan kimsə səsini gizlətmədən dedi: "Halal olsun, bu Leylini seçənə!" Halal olsun.
...Üzeyir bəy çox sonralar "Leyli və Məcnun"dan "Koroğluya" qədər adlı məqaləsində yazırdı: "Təxminən 1897-98-ci illərdə 13 yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra məndə bu operanı yazmaq ideyası yarandı". Yəni, Şuşa Azərbaycan xalq musiqisinin əsas ocaqlarından, milli-mənəvi mərkəzlərindən biridir. İndi hər bir azərbaycanlının ürəyində bu operaların tamaşasına məhz Şuşada baxmaq arzusu yaşayır. Ancaq fikrimcə, həmin günü hamıdan çox Üzeyir bəyin ruhu arzulayır. Ruhu...şad olsun!

{nl}

İttifaq MİRZƏBƏYLİ, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında