Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin, onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Məlum olduğu kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla məhz alternativ enerji mənbələrinin payına düşür.
Ötən əsrin ortalarından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, eləcə də Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində məqsədyönlü işlər aparılmışdır. Ölkəmizdə isə adı çəkilən enerji mənbələrindən hələlik istifadə edilməsə də, bu sahədə lazımi normativ-hüquqi sənədlər qəbul olunmuş, konkret istiqamətlər işlənib hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbulu isə bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir.
Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik Azərbaycan ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə gətirməklə, ölkənin təbii potensialından istifadə etməklə istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da miqdarını xeyli azaltmaq mümkündür. Elə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın əsas məqsədlərindən biri də məhz ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir.
Ölkəmizdə alternativ energetikanın inkişafına dəstək olan proqram və çoxsaylı tədbirlərə baxmayaraq, hələlik bu sahədə əsaslı dönüş yaranmamışdır. Bunun isə əsas səbəbi ondan ibarətdir ki, iqtisadiyyatın sürətli və davamlı inkişafına nail olmağı qarşısına məqsəd qoymuş Azərbaycan Respublikası bütün diqqəti, ilk növbədə, enerji təhlükəsizliyinin təminatına yönəltmişdi. Məlum olduğu kimi, bu sahədə yüksək nəticələr əldə edən Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, artıq bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verməyə başlamışdır. Bununla belə, ənənəvi enerji mənbələri sayılan neft, qaz, torf və kömür ehtiyatlarının daimi olmaması, hətta mütəxəssislərin proqnozlarına görə, bu ehtiyatların 60-100 ilə tükənməsi alternativ enerji mənbələrindən istifadə zərurətini yaradır.
Azərbaycanda yaradılan yeni generasiya gücləri hesabına elektrik enerjisi istehsalının getdikcə artmasına baxmayaraq, alternativ enerji mənbələrinin işlənməsi üzərində ciddi iş aparılması da qarşıda duran mühüm vəzifələrdəndir. Məhz buna görə də bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resusrlarından istifadənin səmərəliliyini yüksəltmək, "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"ndan irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il iyulun 16-da Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzaladı.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Sənaye və Energetika Nazirliyinə ölkənin alternativ və bərpa olunan enerji mənbələri potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış işlərinin təşkili, eləcə də sözügedən mənbələrdən səmərəli istifadə məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi həvalə olunmuşdur. Adı çəkilən sənəddə ölkənin ayrı-ayrı iqtisadi rayonlarının hər biri üzrə ümumi gücü 20 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Proqramında Naxçıvan iqtisadi rayonu ərazisindəki çayların üzərində kiçik su elektrik stansiyalarının, eləcə də Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik ərazisində külək enerji qurğularının quraşdırılması və günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyalarının inşası planlaşdırılır.
Göründüyü kimi, son zamanlar ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə edilməsi məsələsinə diqqət getdikcə artırılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə edilməsinin vacibliyini vurğulayaraq demişdir: "Hesab edirəm ki, ilin əvvəlindən bərpa olunan enerji növlərini təmin edən stansiyalar yaradılmalıdır. Su, günəş, külək. Bu məqsədlər üçün investisiya proqramında vəsait nəzərdə tutulmalıdır və yubanmadan biz bu məsələlərlə məşğul olmalıyıq. Bilirsiniz ki, bərpa olunan və alternativ enerji mənbələrinin yaradılması Azərbaycanda prioritet istiqamət kimi qiymətləndirilir. Biz əvvəlki illərdə öz enerji təhlükəsizliyimizi təmin etdik. Növbəti illərdə bərpa olunan enerji mənbələrini yaratmalıyıq, həm itkilər azalacaq, eyni zamanda, ixrac potensialımız daha da artacaqdır". Dövlətimizin başçısının da qeyd etdiyi kimi, hazırda ölkəmizdə külək və günəş enerjisinin istehsalı üçün əməli işlər görülür, artıq bu istiqamətdə ilkin təcrübə də əldə olunmuşdur. Belə ki, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bununla bağlı konkret layihələr hazırlamışdır. Yaxın vaxtlarda həmin layihələr təhlil edilərək bu sahədə konkret işlərə başlanacaqdır. Bu da onu göstərir ki, Azərbaycan regionda ən böyük karbohidrogen ehtiyatları istehsalçısı olaraq, yanacaq-energetika kompleksinin daha da inkişaf etdirilməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadəni əsas hədəflərdən biri kimi nəzərdə tutur. Belə ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə vurulan ziyan nəzərə alınaraq ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələrindən geniş istifadəni təmin etmək məqsədilə günəş və külək enerjisi istehsal edən stansiyaların, kiçik SES-lərin, eləcə də biokütlə və termal sulardan istifadəyə imkan verən qurğuların inşası önə çəkilir.
Azərbaycanın alternativ enerji potensialı olduqca yüksəkdir. Mütəxəssislərin qənaətinə görə, ölkəmizdə bərpa olunan enerji mənbələrindən sayılan külək enerjisi digər alternativ enerji mənbələrindən olan günəş, hidroenergetika, termal sular və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə daha sərfəlidir. Çoxillik müşahidələr nəticəsində məlum olmuşdur ki, Abşeron yarımadası, Xəzər dənizinin sahilyanı zolağı və dəniz akvatoriyasının şimal-qərb hissəsi, həmçinin Azərbaycanın Gəncə-Daşkəsən bölgəsi və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi külək enerjisi istehsal edən qurğuların quraşdırılması üçün son dərəcə əlverişlidir. Bütövlükdə isə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu da ildə təxminən 2,4 milyard kilovat-saat elektrik enerjisi deməkdir.
Ölkəmizin təbii iqlim şəraiti mühüm alternativ enerji mənbələrindən sayılan günəş enerjisindən istifadəyə də geniş imkanlar açır. Çoxillik müşahidələrə əsasən, Azərbaycanda illik günəşli vaxtın miqdarı 2400-3200 saat təşkil edir. Göründüyü kimi, bu potensialdan istifadə olunmaqla Azərbaycanın bir çox rayonlarında enerji təchizatını, qismən də olsa, həll etmək mümkündür.
Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyaları xüsusi çəkiyə malikdir. Belə ki, hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 12,5 faizi məhz bu stansiyaların payına düşür. Bununla belə, ölkəmizdə hidroenergetika ehtiyatları daha zəngindir. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, hazırda Azərbaycandakı çayların tam hidroenerji potensialı 40 milyard kilovat-saata yaxındır ki, bunun da 16 milyard kilovat-saatı texniki cəhətdən əlverişlidir. Mütəxəssislərin fikrincə, ölkəmizdəki çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarca kiçik su elektrik stansiyaları quraşdırmaq mümkündür ki, bu da ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan yaradır.
Bütün bunlarla yanaşı, Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə, eləcə də ölkədə mövcud termal suları mənbələrini istismara cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın müəyyən bir hissəsini ödəmək mümkündür.
Bəzi alternativ enerji mənbələrindən alınan enerjinin maya dəyərinin xeyli yüksək olması sahənin inkişaf etdirilməsinə ciddi əngəl törətsə də ölkəmizdə bu istiqamətdə artıq konkret işlərə start verilmişdir. Belə ki, beynəlxalq kurort kompleksinin tikintisi planlaşdırılan Böyük Zirə (Nargin) adasında külək enerjisi istehsal edən 16 qurğunun inşası nəzərdə tutulur. Bundan əlavə, Dövlət Neft Şirkəti özünün alternativ energetika inkişaf proqramına əsasən, Çilov adasında analoji qurğuların quraşdırılmasını planlaşdırır. Ölkənin əsas enerji istehsalçısı olan "Azərenerji" ASC-nin perspektiv planında isə dağ çayları üzərində onlarca kiçik su elektrik stansiyasının tikintisi öz əksini tapmışdır.
Göründüyü kimi, alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi, ölkəmizin gələcək enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaqla bərabər, ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji tarazlığın qorunmasına da əvəzsiz töhfələr verəcəkdir. Təsadüfi deyil ki, 2010-cu il fevralın 18-də dövlət başçısı İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə bu vacib məqama toxunaraq demişdir: "Bərpa olunan enerji növlərinin yaradılması işində ciddi addımlar atılır və bu istiqamətdə artıq ilkin layihələr müzakirə olunur. Azərbaycanda su, günəş, külək enerji növlərinin yaradılması işləri aparılmalıdır, müxtəlif xəritələr var, bütün su mənbələrimiz artıq bəllidir... Beləliklə, biz Azərbaycanda ekoloji cəhətdən təmiz enerji növlərinin yaradılmasına nail olacağıq... Çalışmalıyıq ki, bərpa olunan enerji növlərindən istifadə edərək, həm ucuz enerji əldə edək, eyni zamanda, ekologiyamızı daha da yaxşı qoruyaq".
Yeri gəlmişkən, Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki potensialı beynəlxalq qurumların da diqqət mərkəzindədir. Elə aprelin 6-da Bakıda alternativ və bərpa olunan enerji mənbələrinə dair beynəlxalq konfransın keçirilməsi də bunu təsdiqləyir. Bir çox dünya ekspertləri və mütəxəssislərin iştirak etdikləri bu tədbirdə enerji resurslarına tələbatın ildən-ilə artdığı müasir şəraitdə alternativ və bərpa olunan enerji mənbələrinin aşkara çıxarılıb istismara verilməsinin əhəmiyyəti vurğulanmış, Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi alternativ enerji mənbələri sahəsindəki potensialı yüksək dəyərləndirilmişdir. Tədbirdə həmçinin gələcəkdə ekoloji cəhətdən təmiz və son dərəcə ucuz başa gələn bu enerji mənbələrinin aşkara çıxarılıb itismara verilməsində Azərbaycanın regionun digər dövlətlərinə nümunə olacağı xüsusi vurğulanmışdır. Beynəlxalq konfrans zamanı "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji potensialı və onlardan istifadə edilməsi sahəsində görülən işlər barədə" təqdimat böyük marağa səbəb olmuşdur.
Göründüyü kimi, artıq Azərbaycanda alternativ enerji mənbələrinin istismarı istiqamətində ilk addımlar atılır. Bu isə, qeyd etdiyimiz kimi, ölkəmizin elektroenergetika sahəsinin gələcək inkişafına, dövlətin enerji siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verməklə yanaşı, ekoloji tarazlığın qorunması üçün də geniş imkanlar yaradacaqdır.
Məqalə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim olunur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.