Aprelin 15-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə cari məsələlərə baxılmışdır. Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
Sonra Hesablama Palatasının hesabatı dinlənilmişdir.
Palatanın sədri Heydər Əsədov əvvəlcə Hesablama Palatasının maddi-texniki bazasının, fəaliyyətinin gücləndirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
O demişdir ki, Palatanın 2010-cu ildəki fəaliyyəti barədə hesabat "Hesablama Palatası haqqında" Qanunun və Palatanın daxili nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır.
Hesabat dövründə Palata Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına layiqli töhfəsini vermək üçün işini daha da təkmilləşdirmişdir.
Hesablama Palatasının 2010-cu ildəki fəaliyyəti müvafiq qanunlara, Palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilmişdir. Hesabat dövründə qanunvericiliklə müəyyən olunmuş funksiyaların icrasını layiqincə təmin etmək üçün lazımi tədbirlər görülmüş, Palatanın beynəlxalq əlaqələri genişləndirilmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq haqqında yeni sənədlər imzalanmışdır.
Bildirilmişdir ki, hesabat ilində dünyanın əksər ölkələrində qlobal maliyyə-iqtisadi böhranın nəticəsi olan iqtisadi gərginlik davam etsə də, Azərbaycanda makroiqtisadi və sosial sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın dayanıqlığı təmin edilmiş, əlverişli investisiya mühiti yaxşılaşdırılmış, ölkənin valyuta ehtiyatlarının həcmi xeyli artmış, dövlətin maliyyə potensialı möhkəmlənmişdir. Bu sahədə qazanılan uğurların kökündə Azərbaycan Prezidentinin yürütdüyü uğurlu iqtisadi strategiya dayanır.
H.Əsədov bildirmişdir ki, Hesablama Palatası 2010-cu ildə 41 audit tədbiri və 6 analitik təhlil işi həyata keçirmişdir. Palata nəzarət tədbirlərinin keçirilməsində 2008- 2009-cu illərlə müqayisədə maliyyə-büdcə nəzarətinə daha çox üstünlük vermişdir. Hesabat ilindəki nəzarət tədbirlərinin nəticələrinə əsasən Palata tərəfindən yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər orqanlara 83 təqdimat göndərilmişdir ki, bu da 2008-ci ildə göndərilən təqdimatlardan 42, 2009-cu ildəki müvafiq göstəricidən isə 26 ədəd çoxdur.
Ötən il Hesablama Palatasının 23 kollegiya iclası keçirilmiş, bu iclaslarda funksional vəzifələrin icrası ilə bağlı 84 məsələyə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat dövründə quruma dövlət təşkilatlarından 774, xarici təşkilatlardan 329, müxtəlif yerli təşkilatlardan 99, mətbuat orqanlarından 9, dövlət hakimiyyəti orqanlarından 26, telefonoqram şəklində 2, ümumilikdə isə 1239 sənəd, o cümlədən dövlət hakimiyyəti orqanlarından 195 qanunvericilik aktı daxil olmuşdur.
İclasda Dövlət Neft Fondunda aparılmış monitorinq barədə ətraflı məlumat verilmiş, audit dövründə xarici valyutaların ümumi valyuta səbətində düzgün nisbətdə yerləşdirildiyi, investisiya portfelindəki aktivlərin idarə edilməsinin hədəf gəlirliliyinin təsdiqləndiyi konkret faktlarla diqqətə çatdırılmışdır.
H.Əsədov demişdir ki, Azərbaycanın valyuta ehtiyatları çox etibarlı yerləşdirilmiş və istifadəsinə heç bir təhlükə yoxdur. Bu gün 26,5 milyard ABŞ dolları olan Neft Fondunun ehtiyatlarının 61,11 faizi maksimal qorunma həddi olan AAA fondlarında yerləşdirilmişdir.
Hesablama Palatasının rəhbəri yoxlamalar zamanı aşkarlanmış nöqsanlardan da danışmışdır. Bildirilmişdir ki, əsasən yerli xarakter daşıyan nöqsanlar satınalma proseslərinin pozulduğuna, mənzil-kommunal təsərrüfatında norma və normativlərin tətbiqinə, tikinti sistemində ehtimal olunan qiymətlərin hesablanmasına, təhsil və səhiyyə şəbəkələrində ştat-kontingent intizamına dair məsələlərdə müşahidə olunmuşdur. Buraxılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Yol verilən nöqsanlara və maliyyə pozuntularına görə aidiyyəti məsul şəxslərə intizam tənbehi edilmişdir.
Yoxlamalar dövründə qlobal miqyaslı, mərkəzdən idarə olunan, ölkənin təhlükəsizliyinə səbəb ola biləcək, kütləvi miqyaslı heç bir yeyinti halına rast gəlinməmişdir.
Aşkarlanmış nöqsanlar çərçivəsində 2 milyon 318 min manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılmış, habelə 1 milyon 335 min manat məbləğində debitor borc uçota götürülmüşdür.
H.Əsədov vurğulamışdır ki, aparılmış maliyyə-büdcə nəzarəti tədbirləri nəticəsində ötən il Palatanın saxlanılmasına sərf olunan büdcə vəsaitindən bir neçə dəfə çox dövlət vəsaiti büdcəyə bərpa edilmiş, səmərəsiz xərcin qarşısının alınması və müvafiq qaydada uçota götürülməsi təmin olunmuşdur. Belə ki, Hesablama Palatasının səmərəli fəaliyyəti üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş 3 milyon 727 min manat vəsaitin cəmi 2 milyon 913,1 min manatı istifadə edilmişdir. Qurumun xərclər smetası üzrə nəzərdə tutulmuş proqnoz 78,2 faiz səviyyəsində icra olunmuşdur.
Hesabat dövründə Palata 17 təkliflə hökumət qarşısında çıxış etmişdir.
H.Əsədov növbəti ildə də Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə strategiyasının aparılmasına dəstək olacaqlarını vurğulamışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuş, müzakirələrin yekununda Hesablama Palatasının hesabatı nəzərə alınmışdır.
Sonra iclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunmuşdur.
Bildirilmişdir ki, 10 fəsil, 57 maddədən ibarət bu qanun ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcəkdir.
Yeni qanun layihəsinin müzakirəsi zamanı deputatlar sənədin əhəmiyyətindən danışmış, onun ölkədə aqrar sahənin inkişafına təkan verəcəyini vurğulamışlar. Sənəd səsə qoyulmuş və birinci oxunuşda qəbul edilmişdir.
İş gününün sonunda "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarına dəyişiklik və əlavə edilməsi barədə" məsələyə baxılmışdır. Deputat Qüdrət Həsənquliyev Azərbaycan-Malta parlamentlərarası işçi qrupunun, Elxan Süleymanov isə Azərbaycan-Belçika parlamentlərarası işçi qrupun rəhbəri təyin olunmuşlar.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.