Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində layihə təqdimatı keçirilmişdir

Dünən "Hyatt Bakı" otelində Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" tvinninq layihəsinin təqdimatı keçirilmişdir. Təqdimat mərasimini vergilər naziri Fazil Məmmədov açmışdır. Mərasimdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndələri, həmçinin Niderland Krallığının Azərbaycandakı səfiri iştirak etmişdir.
Tədbirdə Avropa İttifaqının respublikamızdakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlinde, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov, Niderland Krallığının Vergi və Gömrük Administrasiyası tərəfindən layihənin rəhbəri Jaap Snaterse, layihə üzrə rezident müşavir Leendert Kers, baş ekspert Joost Kuipers çıxış etmişlər.
Sözügedən tvinninq proqramı Avropa İttifaqının üzv və ya qonşuluq siyasəti həyata keçirdiyi dövlətlərlə əməkdaşlığı prosesində milli qanunvericiliklərin Avropa İttifaqının qanunvericiliyinə adaptasiyası üçün müasir dövlət idarəetməsi elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir. Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən Vergilər Nazirliyinin benefisiarı olduğu "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı Tvinninq layihəsinin reallaşdırılması ölkəmizdə vergi audit sahəsində inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğünlaşdırılmasını nəzərdə tutur.
Layihənin reallaşdırılması ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin müvafiq strukturlarının texnoloji, metodik, analitik və insan resursları baxımından təkmilləşdirilməsinə, e-bəyannamələrin tətbiqi ilə yanaşı müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və e-auditin tətbiqinə imkan verəcək.
Bu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Niderland və Litvanın vergi administrasiyalarının nümayəndələrin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlmişdir. Niderland Krallığı e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan ölkələrdən biridir.
2011-ci ilin martın 1-dən iki il ərzində həyata keçiriləcək tvinninq layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.Layihə özündə altı komponenti birləşdirir.Birinci komponent e-auditin tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanmasıdır.Bu komponent üzrə e-auditin tətbiqi üçün Vergi Məcəlləsində və əlaqəli qanunvericilikdə lazımi əlavələr və dəyişikliklərin edilməsi barədə tövsiyələr hazırlanacaq. Layihənin həyata keçirilməsi müddətində vergi məqsədləri üçün tələb olunan mühasibat məlumatlarının müəssisələrdə elektron formada saxlanması və vergi əməkdaşlarının tələbi ilə bu məlumatın əldə edilməsi üçün müvafiq qanunvericilik bazasının yaradılması da nəzərdə tutulur.
E-audit üçün müvafiq proqram təminatının seçilməsi də altı komponentdən biridir.Bu,layihənin əsas şərtlərindən biridir. Burada Avropa İttifaqına üzv olan ölkələrdə e-auditin tətbiqi ilə bağlı ən yüksək nəticələr göstərmiş proqram təminatı paketinin seçilməsi nəzərdə tutulur. Layihə çərçivəsində e-auditin həyata keçirilməsi üçün istifadə olunan ən müfəssəl proqram təminatlarından olan "ACL" proqramının praktiki tətbiqi imkanları araşdırılacaqdır.
Layihənin e-audit üzrə məlumat bazasının yaradılması komponenti isə e-auditin tətbiqi zamanı müvafiq məlumat bazasının yaradılması və həmin bazada ayrı-ayrı iqtisadi fəaliyyət növləri üzrə e-audit üçün tələb olunan analitik məlumatların toplanması nəzərdə tutulur. Bu bazada müxtəlif fəaliyyət növləri üzrə vergi fırıldaqçılığının xüsusiyyətlərinin müəyyən edilməsi üçün meyarlar, yayınma sxemləri, risk əmsalları və e-auditin proqram təminatına dəstək vermək məqsədilə risklərin və statistik göstəricilərin təhlillərinin aparılması üçün analitik məlumatlar toplanacaq. Vergilər Nazirliyinin mərkəzi məlumat bazasında olan informasiyaların və toplanması tələb olunan əlavə məlumat mənbələrinin müəyyənləşdirilməsi, inteqrasiyası və onlardan istifadə qaydalarının hazırlanması da nəzərdə tutulur.
Layihənin başlıca məqsədlərindən biri e-audit sahəsində ixtisaslaşmış auditorların hazırlanmasıdır. Layihəyə görə, e-audit üzrə metodologiyanın hazırlanması və auditorların treninqinin təşkili əsas amillərdən biridir. Bu məqsədlə müfəssəl e-audit metodologiyası, o cümlədən həmin metodologiyanın praktiki tətbiqi üzrə treninq proqramı və materiallar hazırlanacaq. Layihə çərçivəsində Vergilər Nazirliyinin 10 nəfər auditoru üçün Bakıda 1 aylıq treninqlər keçiriləcək. Sonradan layihənin 2-ci ilində bu auditorlar xarici ekspertlərlə birgə Vergilər Nazirliyi daha 50 auditoruna e-audit sahəsində lazımi biliklərin və vərdişlərin ötürülməsini təmin edəcəklər.
E-audit proqram təminatı e-mühasibatlıq sistemlərinin standartlaşmasını tələb edir ki, audit məqsədləri üçün elektron məlumatların alınma vaxtı azalsın və vahid qaydada həyata keçirilsin.
E-audit sisteminin Azərbaycanda tətbiqinə əsasən iri müəssisələr üçün e-audit üzrə pilot (sınaq) layihənin həyata keçirilməsi nəzərdə tutulur. Onun əsasında təhlillər aparılacaq və e-audit praktikası təkmilləşdirilərək layihə başa çatdıqdan sonra digər orta və iri müəssisələrdə də tətbiq ediləcək.
E-audit sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla bərabər, eyni zamanda vergi yoxlamalarına sərf olunan vaxtdan və insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradır.
Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, tvinninq layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında ən müasir e-audit sisteminin tətbiqinə nail olacaq.
Təqdimat mərasimindən sonra vergilər naziri Fazil Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmişdir. Nazir jurnalistlərin çoxsaylı suallarını cavablandırmış,eyni zamanda iqtisadiyyatın inkişafına ,həmçinin dövlət idarəetməsində beynəlxalq standartların tədbiqinin davamlılığına uyğun şəkildə vergi sisteminin də adekvat olaraq təkmilləşdiyini diqqətə çatdırmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında