Azərbaycanın neft strategiyası davamlı və sabit inkişafa təminat yaradır

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ötən müddətdə davamlı və sabit inkişafa təminat yaradıb. Hazırda Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə  möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.
 
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı ilə əbədilik həkk olunan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanmasından sonra ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoyan “Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) uğurla həyata keçirilməkdədir. 
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.  
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi məhz “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur. 
Azərbaycan dövləti ötən il neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb və AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalayıb. Prezident İlham Əliyev imzalanma mərasimində etdiyi nitqdə Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün yeni sazişin çox böyük əhəmiyyətə malik olduğunu söyləyib. Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard ABŞ dolları həcmində bonus ödənilməsi nəzərdə tutulub. 
Növbəti 32 il müddətində AÇG-yə 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulması gözlənilir. Eyni zamanda, SOCAR-ın AzAÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. 
Hasilat göstəricilərindən danışarkən, SOCAR-ın öz müəssisələrində çıxarılan məhsulun bu həcmlərin əhəmiyyətli hissəsini təşkil etdiyi qeyd olunmalıdır. Bununla bağlı cari ilin ikinci rübündə əldə edilən bəzi göstəricilərə diqqət yetirək. Belə ki, hesabat dövründə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib. Altı ay ərzində isə SOCAR üzrə 3,7 milyon ton neft hasil olunub.
Ölkə üzrə cari ilin birinci yarısında ümumilikdə 19,38 milyon ton neft hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2 faiz artım deməkdir.
SOCAR üzrə hasilatın sabitləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. Cari ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz daha çoxdur. Qazma işlərinin 39 min metrdən çoxu cari ilin ikinci rübünün (aprel-may-iyun) payına düşür.
Bu ilin ikinci rübündə SOCAR üzrə qaz hasilatı birinci rüblə müqayisədə 5,29 faiz artaraq 1,66 milyard kubmetrə çatıb. Birinci yarım ildə SOCAR üzrə 3,2 milyard kubmetr qaz hasil olunub. 
Cari ilin altı ayı ərzində ölkə üzrə isə ümumilikdə 14,36 milyard kubmetr qaz hasil edilib. Yarım ildə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.
Cari ilin ikinci rübündə SOCAR üzrə xam neft və neft məhsullarının ixracında əhəmiyyətli artım müşahidə olunub. Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18 faiz artaraq 6,1 milyon tona yüksəlib. Hesabat dövründə xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24 faiz geridə qoyaraq 2,1 milyon tona qədər artıb.
Sözügedən dövrdə “BP Azerbaijan” şirkətinin fəaliyyəti də uğurlu olub. Bu barədə söhbət açmazdan əvvəl onu qeyd edək ki, cari ilin ikinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 669 nəfər təşkil edib. Bura müddətli müqavilə əsasında çalışan işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90 faizdən çoxunu təşkil edir ki, onların da əksər hissəsi rəhbər vəzifələrdədir.
BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.
BP və tərəfdaşları Azərbaycandakı sosial layihələrin reallaşmasında da fəal iştirak edirlər. Onlar tərəfindən bu ilin birinci yarısında Azərbaycandakı sosial investisiya layihələrinə 2,3 milyon dollar xərclənib.
Xəzər dənizindəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP ardıcıl şəkildə mühüm sosial investisiya layihələri həyata keçirir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir. Yanvar-iyun aylarında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 2,3 milyon dollar xərcləyib.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini də davam etdirəcək.
Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatında  mühüm rol oynayan  Cənubi Qafqaz Boru Kəməri ilə bağlı bir göstəricini də diqqətə çatdırmaq istərdik. Hesabat dövründə bu kəmərin gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olub.
“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, hesabat dövründə həmin kəmərlə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat və 241 milyon dollar isə əsaslı xərclər sərf edilib.
2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var: BP şirkəti Cənubi Qafqaz Boru Kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə həmin kəmərin biznes icrası üzrə məsul kommersiya operatorudur.
“Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazılıb. “BP Azerbaijan” şirkətindən bu barədə verilən məlumatda bildirilir ki, cari ilin ikinci rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunda qazma işləri bitib və hazırda bu quyuda tamamlanma işləri həyata keçirilir.
İstiqlal qazma qurğusu “SDD04” quyusunu tamamlayıb və sınaqdan keçirib, daha sonra isə “SDG04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH02” quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib.
Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb. Bunlardan yatağın şimal və qərb cinahlarının hər birində 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
İlin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Bu barədə “BP Azerbaijan” şirkətindən məlumatında deyilir ki,  mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.
“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.
Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 250 milyon dollar əməliyyat və 798 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.
Cari ilin iki rübü ərzində “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bu ilin ilk 6 ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 17 milyon tondan çox (125 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 158 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətinin məlumatında vurğulanır ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2018-ci ilin birinci yarısının sonunadək BTC ilə ümumilikdə 399 milyon tondan çox (təxminən 2,99 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 916 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Birinci yarımillikdə BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar sərf edilib.
İki rüb ərzində “Azəri-Çıraq-Günəşli”də hasilat 108 milyon barrel olub. Bu ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 108 milyon barrel, yəni 15 milyon ton təşkil edib.
Hesabat dövründə AÇG-dən sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (49 min), “Mərkəzi Azəri” (158 min), “Qərbi Azəri” (127 min), “Şərqi Azəri” (96 min), “Dərinsulu Günəşli” (107 min) və “Qərbi Çıraq” (59 min) platformalarından birlikdə gündəlik orta hesabla 596 min barrel olub.
İki rübdə AÇG-də ümumilikdə 116 neft hasilat quyusu, 53 qaz və su quyusu istismarda olub. Altı ayda blokda 6 neft quyusu və 2 su injektor quyusu qazılıb.
Hesabat dövrü ərzində  AÇG layihəsinə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Bu ilin yanvar-iyun aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon barreldən çox neft və kondensat, o cümlədən 124 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 16 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 1 milyon barrel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
Ötən altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 27 milyon standart kubmetr (təqribən 963 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.
Hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetr təşkil edir.
Qaz Səngəçal terminalından əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəmərilə ixrac olunur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 
 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında