“Standard & Poor`s” Azərbaycan iqtisadiyyatının dinamik inkişafını proqnozlaşdırır

Azərbaycanın sosial - iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır  və yüksək qiymətləndirilir. “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin  hesabatı da bu baxımdan diqqət çəkir.  
 
Adıçəkilən reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
“Standard & Poor`s” Beynəlxalq Reytinq Agentliyinin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. 
Agentlik, həmçinin Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “ВВ+/В” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Beynəlxalq Reytinq Agentliyinin hesabatında, eyni zamanda, qeyd edilib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şahdəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da əvvəlcədən planlaşdırılan cədvələ uyğun olub.
Hesabatda daha sonra qeyd edilib: “Növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir. Belə ki, qeyd edilən müddətdə layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığın nəzərə çarpmasına müsbət təsir göstərəcək”.
“Standard&Poor’s”  Agentliyinin proqnozları bir daha təsdiq edir ki, dövlət başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.
Yeri gəlmişkən, “S&P” mütəxəssislərinin rəyində vurğulanan Azərbaycanda ümumi daxili məhsul istehsalının artımına təsir göstərəcək amilləri də xatırlatmaq istərdik. Burada, ilk növbədə, biznes mühitinin inkişafına nəzər salaq. Belə ki, son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, habelə  özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda reallaşıb ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, eyni zamanda,  iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.   
Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb. 
Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat dövlət  başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, Azərbaycanda uğurla aparılır. Ölkə Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib.  
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi cox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilib.   
Yuxarıda Azərbaycan iqtisadiyyatına qarşıdakı illərdə  yatırılan investisiyaların həcmində artım nəzərə çarpacağının proqnozlaşdırıldığını  da xatırlatdıq. “S&P”  mütəxəssislərinin bu rəyi təsadüfi deyil. Belə ki, son illərdə milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər sırasında  investisiya siyasəti diqqət mərkəzində saxlanılıb.  
Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. 
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırıb. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açıb. 
“Standard&Poor’s”  beynəlxalq reytinq agentliyinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq  iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev deyib: ”Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir”.
 
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında