Sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur yaradılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunun inkişafi, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
 
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ına  uyğun olaraq ölkəmizdə sənayeləşmə siyasətinə əsasən, müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqinə xüsusi önəm verilir. Reallaşdırılan tədbirlərin  nəticəsində Azərbaycanda ənənəvi sənaye sahələri getdikcə genişlənir, istehsal həcmi artır, yeni sənaye müəssisələri yaradılır, sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlir. Bütün bunlar isə, öz növbəsində, yeni iş yerlərinin açılmasına, işsizliyin səviyyəsinin aşağı düşməsinə  müsbət təsir göstərir. 
Respublikamızda son illərdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları yaradılıb.  Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları innovativ idarəetmə və qabaqcıl texnologiyalara əsaslanılaraq qurulub. Həmin müəssisələrin rezidentlərinə müəyyən güzəştlər verilib. Bütün bunların nəticəsində isə həmin obyektlərin tikintisində və istehsalatda 5500-dən çox iş yeri açılıb. Layihələr üzrə növbəti mərhələdə isə 850 milyon ABŞ dollarından çox investisiyanın qoyulması və 7500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Ötən illərdə Azərbaycanda məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət müəyyən edib. Bunun da başlıca məqsədi işçi qüvvəsinin yüksək təklifi səviyyəsinin operativ qarşılanması olub. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilən hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə sənaye zonalarının yaradılması hazırda uğurla davam etdirilir, sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında və sənaye məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur və sənaye zonalarına sahibkarların marağı artır.
Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılması da dövlətin bu sahəyə yetirdiyi diqqətin bariz ifadəsidir. 
Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yerinin açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbovun mətbuata açıqlamasında sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verərək,    rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib. N. Talıbov daha sonra vurğulayıb ki, regionun ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında bu il iyulun 18-də  Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə “SOCAR Polymer”in polipropilen istehsalı sahəsi istismara verilib. Hazırda bu sənaye parkında 8 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisənin, o cümlədən “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen istehsalı zavodunun istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. 
“SOCAR Polymer”in layihəsinin əsas məqsədi də bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. 
Artıq illik istehsal gücü 180 min ton olan polipropilen istehsal xətti istismara verilib və bu ilin sonuna kimi isə illik istehsal gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq.
Onu da xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən 5 sənaye parkında işçi sayı 11 minə yaxındır. Gələcəkdə isə burada daha 7500-ə yaxın yeni iş yerinin açılması nəzərə tutulur.
İndiyədək Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına yatırılan investisiyaların həcmi 2,6 milyard dollar təşkil edir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 2 milyard dollara yaxındır. 
Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi gündən-günə artmaqdadır. Bu ilin altı ayında parkın dövriyyəsi 100 milyon manat olub. Cari ildə bu rəqəmin 200 milyon manata çatacağı gözlənilir.
 Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında