Azərbaycanda investisiya təşviqi mexanizmi işə düşüb

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyəti onun sosialyönümlü olması, bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların uğurla icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini layiqincə təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır. 
 
Hökumət iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır. 
Məhz bunun nəticəsidir ki, cari ilin ilk yarısında investisiya qoyuluşunda müsbət nəticələr əldə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 72,8 faiz artıb. İstifadə olunan vəsaitin çox hissəsi, yəni 4 milyard 555,2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək deyib: “İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir... Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onlardan 2,6 milyard dolları artıq qoyulub”.
Ölkədə investisiya qoyuluşunun artmasına müvafiq  layihələrə təşviq sənədlərinin verilməsi də müsbət təsir göstərib. Belə ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib və həmin layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan çox investisiyanın yatırılması təmin edilib. Nəticədə 19 minədək yeni iş yeri açılıb, investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə fəaliyyətə başlayıb. Bundan əlavə, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 1,6 dəfə çoxdur. İllik müqayisədə verilən kreditlər hesabına 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yeri açılıb.
İnvestisiya qoyuluşu sahibkarlığın inkişafında da öz müsbət təsirini göstərir. Bu ilin ilk yarısında yatırılan ümumi investisiyanın 50,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarına məxsus olub. Digər tərəfdən, investisiya qoyuluşunda daxili mənbələr də üstünlük təşkil edib. Hesabat dövründə iqtisadiyyata yatırılan investisiyanın 54,3 faizi daxili mənbələr hesabına təmin olunub. Ümumiyyətlə, əsas kapitala yönəldilən investisiyada müəssisə və təşkilatların vəsaitləri 3 milyard 342,1 milyon, bank kreditləri 929,5 milyon, büdcə vəsaitləri 1 milyard 545,2 milyon, büdcədənkənar fondların vəsaitləri 80,7 milyon, əhalinin şəxsi vəsaitləri 392,9 milyon və digər vəsaitlər 41,3 milyon manat təşkil edib. 
Dövlətimizin başçısı çıxışlarının birində qeyd edib ki, hazırda investisiya qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana investisiya qoyulur və bunun böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici  məhsulların istehsal edilməsinə yetirilir. 
Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda xarici investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib. 
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən sərmayənin 2 milyard 298 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran investorlarına məxsus olub.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
 
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında