(Əvvəli qəzetin 24 iyun
2018-ci il tarixli sayında)
Texnogen təhlükələr
Hidrotexniki qurğularda mövcud təhlükələr
Hidrotexniki qurğular həm təhlükə potensiallı, həm də strateji obyektlər siyahısına daxil olduğundan onların təhlükəsiz istismarı son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ancaq araşdırmalar zamanı hidrotexniki qurğuların əksəriyyətinin vəziyyətinin qənaətbəxş olmadığı, bəzilərinin isə təhlükəli vəziyyətdə istismar olunduğu aşkar edilmişdir. Məsələn, 1983-cü ildə istifadəyə verilmiş Şəmkir hidroqovşağının qəza sutullayıcı qurğusunun beton konstruksiyalarının dağılması nəticəsində 2003-cü ildən indiyədək sutullayıcı qurğuda sızma prosesi davam edir. Bu səbəbdən Şəmkir su anbarının imkanlarından tam şəkildə istifadə olunmur. Qeyd edək ki, sızmanın qarşısının alınması məqsədi ilə “Azərenerji” ASC tərəfindən təmir-bərpa işləri aparılsa da heç bir nəticə verməmişdir. Problemin bu şəkildə davam etməsi yaxın gələcəkdə bəndin torpağının yuyulmasına, onun özülünün zəifləməsinə, nəticədə bəndin dağılmasına səbəb ola bilər.
Çoxsulu illərdə Şəmkir su anbarında daşqın sularını ötürmək üçün başqa qurğu mövcud deyildir. Hazırda istismara yararsız olan sutullayıcı qurğudan daşqın zamanı istifadə olunması həm Şəmkir su anbarının bəndi üçün, həm də Kür çayının aşağı axarında kaskad şəklində yerləşən Yenikənd, Mingəçevir və Varvara su anbarlarının torpaq bəndləri üçün böyük təhlükə yarada bilər ki, bu da ölkə səviyyəsində böyük fəlakətə səbəb ola bilər.
Yuxarı Qarabağ kanalının suqəbuledicisi və tunelin başlıq hissəsi potensial sürüşmə sahəsində yerləşir. Mingəçevir su anbarının kompleksinə daxil olan və Azərbaycan İstilik Elektrik Stansiyasını texniki su ilə təmin edən tuneldə problemlər mövcuddur. Qurğunun istismarı Mingəçevir su anbarına və bəndinə ciddi təsir edir, orada baş verə biləcək nasazlıq böyük fəsadlarla nəticələnəcək qəzaların yaranmasına səbəb ola bilər. Məlumdur ki, 1988, 2006-cı illərdə bu tunelin başlıq hissəsində sürüşmə baş vermişdir. Sürüşmələrin təkrar baş verəcəyi təqdirdə tunelin su qəbuledicinin deformasiyaya uğraması nəticəsində su anbarında qısa bir zamanda su səviyyəsinin enməsi bəndin yuxarı yamacının dağılması ilə nəticələnə bilər.
Torpaq bəndin təhlükəsizliyinə nəzarət etmək üçün bəndin nüvəsi ilə birbaşa əlaqəli olan nəzarət ölçü cihazlarının (pyezometrlərin) yararsız vəziyyətdə olması onlar vasitəsi ilə dəqiq ölçü işlərinin aparılması mümkün deyildir.
Varvara su anbarı layihədə nəzərdə tutulmuş normadan artıq lillənmə nəticəsində öz funksiyasını demək olar ki, itirmişdir. Torpaq bəndlərdə filtrasiyanın artması və su sızmasının normadan dəfələrlə yüksək olması bəndin dağılmasına, sutullayıcının çıxışında yuyulma nəticəsində sudöyən qurğuda beton konstruksiyaların dağılmasına və daşqınlar zamanı fəlakətli qəzanın baş verməsinə səbəb ola bilər.
Mingəçevir və Varvara su anbarlarında bəndin yuxarı yamacında beton üzlüklərin dağılması irihəcmli boşluqların yaranmasına səbəb olmuşdur və bu proses davam etməkdədir.
Qeyd edilən problemlərin mövcud olması, su anbarlarının kaskad şəklində yerləşməsi, eləcə də Mingəçevir su anbarının yerləşdiyi ərazinin seysmo-tektonik xüsusiyyətləri bu su obyektlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini tələb edir.
Məlum olduğu kimi keçmiş SSRİ dövründə Mingəçevir su anbarının hidrotexniki qurğularında Rusiyanın müxtəlif şirkətlərinin iştirakı ilə müvafiq qurumlar tərəfindən 5 ildən bir instrumental müayinə işləri aparılırdı. Sonuncu dəfə bu müayinə işləri Mingəçevir və Şəmkir su anbarlarının hidrotexniki qurğularında yalnız “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən 2009-cu ildə aparılmışdır.
Ceyranbatan su anbarının ətrafında 7 ədəd bəndin uzun müddət əsaslı təmir edilmədən istismar olunması nəticəsində onların dəmir-beton üzlüklərinin çox hissəsi dağılmışdır. Bu bəndlərin əksəriyyətində sızmalar müşahidə edilir. Ceyranbatan su anbarının Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və Abşeron rayonunun əhalisinin içməli su ilə təchiz etdiyini və onun dağıdıcı dalğasının təsir zonasında çoxlu sayda yaşayış binalarının, sənaye və sosial obyektlərin yerləşdiyini nəzərə alsaq, bu obyektdə baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər.
Qeyd olunan obyektlərdə bəzi hidrotexniki qurğular 50 ildən artıq istismar olunduğundan onların təhlükəsizliyinin təmin olunması üçün kompleks və çoxfaktorlu analizlərin və xüsusi tədqiqatların aparılması tələb olunur. Bu tədqiqatların tərkibinə topo-geodezik, mühəndis-hidroqrafik, mühəndis-geoloji, hidrometeoroloji, mühəndis-geofiziki, seysmoloji və müxtəlif növ laborator analiz və sınaq işləri daxildir. Bu işlərlə yanaşı, layihə çərçivəsində hər obyekt üzrə müasir avadanlıqlardan istifadə edilərək batimetriya ölçmələrinin, aerofotoşəkil tədqiqatların, digər müayinələrin aparılması, həmçinin böyük həcmdə mövcud layihə sənədlərinin toplanması və təhlili vacibdir.
Mingəçevir şəhərinin ərazisində Kür çayının məcrasında fəaliyyət göstərən qum hasil edən karxanalarda istismar norma və qaydalarına əməl edilməməsi nəticəsində yaranmış təhlükəli vəziyyət davam etməkdədir. Belə ki, 1953-cü ildən Mingəçevir Su Elektrik Stansiyası istismara verildikdən sonra çay axarları ilə gətirmələrin qarşısının tam alındığı üçün su anbarının bənddən aşağı byefində fəaliyyət göstərən karxanalarda inert materiallar çayın bilavasitə məcrasından və yanlara genişləndirməklə onun sahil zonalarında dərin qatlardan götürülür. Nəticədə çayın məcrası ciddi neqativ təsirə məruz qalmış, məcra həddən artıq genişlənmiş, sahilin dayanıqlığı, ərazinin hidrogeoloji və çayın hidroloji rejimi tam pozulmuşdur. Kür çayının bu hissəsində karxanaların fəaliyyəti prosesində qumsovuran avadanlıqlarla (zemsnaryad) qum çıxarıldıqca, boşalan yerləri su basır və göllər yaradaraq çayın məcrasının genişlənməsinə səbəb olur. Bunun nəticəsi olaraq Kür çayının bu hissəsində Mingəçevir şəhərinə bilavasitə bitişik böyük bir sahəni su basmış və torpaqlar istifadədən çıxmışdır. Təxmini hesablamalara görə, bu yolla hər il 25-30 hektar torpaq sahəsi su altında qalır.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, çay məcrasında qum karxanalarının fəaliyyəti nəticəsində müxtəlif dərinliyə malik çökəkliklərin əmələ gəlməsi sualtı yuyulma prosesinin sürətləndirilməsinə səbəb olur. Müəyyən edilmişdir ki, qum hasilatı ilə bağlı əmələ gəlmiş çalaların bir qismi əsasən Sovetlər birliyi vaxtından yaranmışdır və hazırda bu proses fəaliyyət göstərən istehsal müəssisələri tərəfindən intensiv olaraq davam etdirilir. Əmələ gəlmiş çökəkliklər və bununla bağlı su basma sahəsi ümumilikdə təqribən 12 kvadratkilometr (1200 hektar) ərazini əhatə edir. Beləliklə, Kür çayının normal dərinliyi 1,5-5 metr arasında dəyişdiyi halda istismar işləri aparılan sahələrdə dərinlik bəzi yerlərdə 35 metrə çatır.
Geoloqların hesablamalarına görə, Mingəçevir şəhərindən aşağıda yerləşən qum hasil edən müəssisələrin fəaliyyəti dövründə təxminən 70 milyon kubmetr qum kütləsi götürülmüş və nəticədə bu kütləyə müvafiq həcmdə çalalar yaranmışdır. Bu çalalar zaman keçdikdə yuxarıdan, yəni şəhər və bənd tərəfdən yeraltı su axınları vasitəsilə yuyulub gətirilən kütlə hesabına təbii şəkildə doldurula bilər. Lakin bu proses şəhər və bənd ətrafında özülləri təşkil edən qumsal çöküntülərinin yuyulmasına, yeraltı boşluqların yaranmasına və nəticədə şəhərin ərazisində çökmə və sürüşmə proseslərinin sürətlənməsinə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, qum karxanalarının uzunmüddətli fəaliyyəti nəticəsində bu ərazinin hidrogeoloji şəraiti pozulmuş, yararlı torpaqların göllərlə əvəz olunması ilə yanaşı, suffoziya prosesinin yaşayış məntəqələrinə doğru hərəkət etməsi və beləliklə Mingəçevir şəhəri ərazisinin mühəndis-geoloji şəraitinin pozulması müşahidə olunur. Güclü torpaqsoran maşın və mexanizmlərdən istifadə edilməklə geniş miqyasda qum hasilatı işlərinin davam etdirilməsi bu təhlükəni günü-gündən daha da artırır. Əgər Mingəçevir şəhəri ətrafında qum hasilatı işləri indiki sürətlə davam edərsə, yaxın gələcəkdə karxanalara yaxın sahələrdə yerləşən yaşayış və digər obyektlərin, Kür çayı üzərindən keçən avtomobil və dəmir yolu körpülərinin dayanıqlığına və texniki təhlükəsizliyinə təminat azala bilər. Eyni zamanda yaxın ərazilərdən böyük həcmdə qum kütləsinin götürülməsi nəticəsində Kür çayı öz məcrasını yaşayış məntəqələri istiqamətində də dəyişə bilər. Bundan əlavə, çayın sağ və sol sahillərində ildən-ilə genişlənən bataqlıqlar burada yoluxucu xəstəliklərin yayılması ehtimalını artırır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatlarında sahədən götürülən qum nümunələrində bağırsaq çöpləri, protogen vulqares bakteriyaları, salmonella N qrupu, CL perfinques və şərti patogen sitrobakteriyaları tapılmışdır.
Beləliklə, Kür çayı ərazisində və onun sahil zonasında qum karxanaların fəaliyyətinin əsaslı şəkildə nizamlanması, bununla əlaqədar olaraq müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi zəruridir.
Neft-qaz infrastruktur obyektlərində mövcud nöqsan və təhlükələr
Respublika ərazisində təbii qazın emalı, təchizatı və istehlakı sahəsində bir sıra nöqsan və qanun pozuntuları aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması, SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları mövcuddur.
Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir.
Məsələnin ciddiliyini və aktuallığını nəzərə alaraq, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik məsələlərinin təmin edilməsi, bu sahədə mövcud problemlərin tam həllinə nail olunması məqsədi ilə istehlakçılara müvafiq standartların tələblərinə uyğun təbii qazın verilməsi, təbii qazın tərkibinin insan həyatı üçün təhlükəli olan qarışıqlardan təmizlənməsi üçün respublikaya müasir modul qaz təmizləyici stansiyaların (qurğuların) gətirilməsi və ilkin olaraq ən vacib sahələrdə (neft-qazçıxarma idarələrində) quraşdırılması, təbii qazın hasilatı və paylanması ilə məşğul olan təsərrüfatların istismara yararlı olan və yeni texnologiyalar əsasında keyfiyyətə təminat verən, tam avtomatlaşdırılmış qurğu və avadanlıqlarla əvəz edilməsi, ölkəyə gətirilən qaz cihazlarının keyfiyyətinə və istismar qaydalarına nəzarətin gücləndirilməsi vacibdir.
Neft ehtiyatları tükəndiyi və quyuların istismarı məqsədəuyğun olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi torpaq sahələrinin burada yerləşən SOCAR-a məxsus müxtəlif kateqoriyalı quyular nəzərə alınmadan sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında sərəncam verdikdən sonra əhalinin bu sahələrdə qanunsuz tikinti işləri aparması bu sahədə vəziyyəti daha da gərginləşdirmişdir. Quyular olan sahələr şirkətin balansından çıxarıldığına görə, nəzarətdən kənarda qalmışdır. Eyni zamanda, əksər sahələrdə hüquqi və fiziki şəxslər tərəfindən ərazidə tikinti işləri aparılarkən həmin quyulara qanunsuz müdaxilə edilir, quyuların istiqamətləndirici, qoruyucu və istismar kəmərləri kəsilir və heç bir izolə işləri aparılmadan basdırılır ki, bu da nəticədə qəza və bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır.
Məlumat üçün bildirim ki, müvafiq normativ-hüquqi aktların tələbləri pozulmaqla neft yataqları ərazisində tikinti işlərinin aparılması nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 2 ədəd ləğv olunmuş neft quyusunun üzərində inşa olunmuş 311 nömrəli orta məktəbdə 2012-ci ildə qaz sızmasının baş verməsi səbəbindən məktəbin müəllim heyəti və şagirdlərinin sağlamlığına real təhlükə yaranmışdır. Bundan başqa, Tərtər rayonu ərazisində məcburi köçkünlərin yaşadığı ərazidə konservasiya edilmiş quyu partlamışdır.
Qeyd etmək lazımdır ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyası neft-qaz infrastruktur obyektlərinin miqdarına və burada neft-qaz hasilatının həcminə görə, dünyada ən böyük texnogen təhlükə zonalarından hesab olunur. Bura Qazaxıstandan və Türkmənistandan hər il təxminən 10 milyon ton neft və neft məhsullarının tranzit daşımalarını əlavə etsək, irimiqyaslı qəzaların baş verməsinin real olduğunu görərik. Buna misal olaraq 1985-ci ildə Qazaxıstanın Tenqiz neft yatağında sahildən 6 km məsafədə yerləşən 37-ci quyuda baş vermiş qlobal səviyyəli qəzanı göstərmək olar. Quyudan vuran alovlanan neft fantanını söndürmək üçün çoxsaylı üsullar tətbiq olunmasına, xaricdən mütəxəssislər dəvət olunmasına baxmayaraq, qəzanın nəticələrinin aradan qaldırılması 398 gün çəkmişdir. Müxtəlif hesablamalara görə, bu müddət ərzində 3-15 milyon tona qədər neft, 2-8 milyard kubmetr qaz yanmışdır. Bu 2010-cu ildə Meksika körfəzində Makonda yatağında baş vermiş qəzanın nəticələrindən 7-30 dəfə çoxdur. Yanğın zamanı quyuda temperatur 1500-2100 dərəcəyə çatırdı.
Müəyyən edilmişdir ki, Xəzər dənizi akvatoriyasında müxtəlif neft-qazçıxarma idarələrinə məxsus istismarı dayandırılmış və atılmış, üzərində iri qabaritli istismara yararsız avadanlıqlar quraşdırılmış 400-ə yaxın özül və estakadayanı meydança mövcuddur. Həmin hidrotexniki qurğular üzərində fəaliyyəti dayandırılmış 1285 neft quyusu qeydə alınmış, bunlardan 164-ü hidrotexniki qurğuların qəzalı olması səbəbindən ləğv edilməmişdir. Quyudaxili təzyiqin qalxması səbəbindən neft və qaz sızmalarının başvermə riski mövcuddur. Bu isə gələcəkdə Xəzər dənizi akvatoriyasında irimiqyaslı ekoloji fəlakətə səbəb ola bilər. Həmçinin, ləğv edilmiş quyuların lülələrinin dənizin dibi səviyyəsində kəsilərək götürülməsi məsələsi bu günədək tam həllini tapmamışdır.
Son vaxtlar dəniz neft və qaz infrastruktur obyektlərində insanların ölümü, iqtisadiyyata dəyən külli miqdarda ziyanla nəticələnən qəzalar (buna 2014 və 2015-ci illərin dekabr aylarında dəniz estakadalarında baş vermiş qəzaları göstərmək olar – İ.Q.) bir daha təsdiq edir ki, 60 ildən artıq bir dövr ərzində dənizdə qurulan fərdi özüllər, platformalar, estakadalar, boru kəmərləri və digər obyektlərin ciddi və kompleks şəkildə mövcud vəziyyətinin qiymətləndirilməsi və nəticədə müvafiq təhlükəsizlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə ehtiyac vardır.
Çox böyük ehtimalla demək olar ki, ötən dövr ərzində dənizdə qurulan obyektlərin böyük bir qismi gəmilərin hərəkətinə mane olan, burada canlıların fəaliyyətinə ziyan verən, vaxtaşırı qəzalarla nəticələnən istifadədən çıxmış və ya istismarı təhlükə yaradan metal yığıntısına çevrilmişdir (təxmini hesablamalara görə dənizdə bir milyon tondan artıq istifadədən çıxmış metal mövcuddur – İ.Q.).
İnsan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin yaratdığı təhlükələr
Respublikada bəzi ərazilər insan fəaliyyəti nəticəsində çirklənməyə məruz qalaraq real təhlükə mənbəyinə çevrilmişdir. Belə ki, 1986-cı ildə Hacıqabul rayonu ərazisində Padar dəmir yolu stansiyası yaxınlığında baş vermiş qəza zamanı fenolla yüklü çən-vaqonun aşması nəticəsində fenol torpağa hoparaq onu çirkləndirmiş, yaxınlıqda yaşayan insanların sağlamlığına ciddi təhlükə yaratmışdır. Çirklənmiş torpağın zərərsizləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilsə də, heç bir nəticə verməmişdir.
Eyni sözləri respublikanın müxtəlif regionlarında yığılıb qalmış istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisid qalıqları barəsində söyləmək olar. “Azərkimya” İstehsalat Birliyi ləğv olunduqdan sonra onun balansında olan “Cəngi” poliqonunda nəzarət olmadığı üçün bunkerlərdə saxlanılan bu zəhərli preparatların çox hissəsi daşınaraq yerli bazarlarda gübrə adı ilə əhaliyə satılmış, qalan hissəsi isə pərakəndə şəkildə saxlanılmışdır.
Pestisid qalıqlarının müəyyən hissəsi bölgələrdən yığılaraq Kənd Təsərrüfatı Nazirliyinin balansında olan “Cəngi” poliqonunda basdırılmasına baxmayaraq, problem bu gün də öz həllini tapmamışdır. Təxmini hesablamalara görə, respublika ərazisində 50 min tondan çox pestisid qalığı insanlara və ətraf mühitə təhlükəli şəraitdə saxlanılmaqdadır.
Bundan başqa, keçmiş pestisid anbarlarının yerində yaşayış evlərinin tikilməsi, fərdi təsərrüfatların yaradılması faktları aşkar edilmişdir. Pestisid qalıqlarının toplandığı bəzi ərazilər su mənbələrinin yaxınlığında yerləşdiyindən, son zamanlar qrunt sularının səviyyəsinin qalxması, bu maddələrin su mənbələrinə qarışması təhlükəsini yaratmışdır.
Beləliklə, pestisid qalıqlarının insan sağlamlığına və ətraf mühitə təhlükə yaratdığını nəzərə alaraq, onların miqdarının və çirklənmiş ərazilərin sahəsinin dəqiqləşdirilərək bu zəhərli preparatların kənarlaşdırılması vacibdir.
Öz fəaliyyəti ilə ətraf mühiti çirkləndirən və insanların sağlamlığına zərərli təsir göstərən müəssisələrdən biri də “Azəralüminium” ASC-nin Gəncə “Gil-torpaq” İstehsal Sahəsidir. Müəssisə öz fəaliyyətinə 1966-cı ildə Daşkəsən rayonunun Zəylik mədənindən gətirilmiş alunit filizinin emalından başlamışdır. Lakin ötən müddət ərzində ətraf mühitin şiddətli dərəcədə çirklənməsi səbəbindən alunit filizinin emalı 1976-cı ildən azaldılmış, 1997-ci ildən tam dayandırılmışdır. 1976-cı ildə Qvineya və Hindistandan gətirilən xammalın hesabına boksit filizinin emalına başlanılsa da, dünyada maliyyə böhranı ucbatından alüminium oksidinin qiymətinin ucuzlaşması 2009-cu ildə “Gil-torpaq” İS-nin fəaliyyətinin tam dayandırılmasına səbəb oldu. Hazırda müəssisənin emal hovuzlarında ümumilikdə 21,5 milyon ton alunit və boksit şlamları yığılıb qalmışdır.
Müəssisənin fəaliyyəti tam dayandıqdan sonra maliyyə çətinlikləri ilə əlaqədar nəmlənmə aparılmadığından hovuzların səthinin quruması səbəbindən güclü küləklər nəticəsində şlam tozları ətraf ərazilərə yayılaraq regionda çox geniş sahəni çirklənməyə məruz qoymuşdur (ətraf ərazi qırmızı rəngə boyanmışdır – İ.Q.). Bununla əlaqədar burada istehsalat tullantılarının yığılması və onların ətraf mühitə təsirinin azaldılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, fövqəladə hallar atlasını hazırlayaraq real təhlükələr barədə məlumat bazası formalaşdırılmalıdır. Onun müfəssəl təhlili, ölkə ərazisində yarana biləcək təbii və texnogen dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, ortaya çıxacaq təhlükə və risklərin kompleks qiymətləndirilməsi məqsədi ilə AMEA-nın tərkibində Ekologiya və Fövqəladə Hallar üzrə Elmi Şuranın və onun müvafiq struktur bölməsinin yaradılması məqsədə uyğun olardı. Bu struktur bölmə sənayedə, infrastruktur obyektlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı analitik materialların və hesabatların hazırlanmasını icra edə bilər. Eyni zamanda bu qurumun təklifləri əsasında maliyyə mənbələri müəyyənləşdirilməklə, ərazilərə və insanların sağlamlığına zərər vuracaq təhlükələrin qarşısının alınması üzrə digər layihələr bilavasitə AMEA tərəfindən həyata keçirilə bilər.
İbrahim QULİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.