Son 15 ildə ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilib. Aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri tərəfindən Azərbaycan dövlətinin reallaşdırdığı islahatlar yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək, 35-ci yeri tutub. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də ölkəmizin mövqeləri xeyli yaxşılaşıb.
Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP kimi strateji əhəmiyyətli tarixi layihələr reallaşdırılıb.
Sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca rol oynayıb.
Ardıcıl və sistemli surətdə reallaşdırılan şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və s. sahələr yaradılıb.
Bütün bunlarla bərabər, qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi və digər bu tipli qurumlar məhz belə müəssisələrdəndir.
Bu illərdə Bakı gəmiqayırma, Gədəbəy və Daşkəsən qızıl-filiz, Gəncə avtomobil, Gəncə alüminium, iri qabaritli transformatorlar, yüksək gərginlikli avadanlıqlar zavodları və digər müasir tipli müəssisələr işə salınıb.
Ümumilikdə, son 15 ildə müasir tələblərə uyğun yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilən digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.
Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb. Həmin proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər gerçəkləşdirilib.
2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.
Bütün bu uğurların əldə edilməsində şübhəsiz ki, sözügedən dövrdə ayrı-ayrı illər üçün tərtib olunan dövlət büdcəsi də mühüm rol oynayıb. Bunu cari ilin dövlət büdcəsindən də aydın görə bilərik.
Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin islahatların dərinləşməsinə, qeyri-neft sektorunun tərəqqisinə yönələn fərman və sərəncamları, habelə inkişaf proqnozları əsas götürülərək hazırlanıb. Əlbəttə, bu zaman respublikada maliyyə sabitliyinin mövcudluğu, maliyyə resurslarının getdikcə artması, irimiqyaslı layihələrin uğurla reallaşdırılması kimi məsələlər də diqqətdə saxlanılıb.
Xatırlatmaq yerinə düşər ki, son illərdə qəbul edilən dövlət büdcəsi layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda valyuta ehtiyatları artıb, tədiyə balansında müsbət saldoya nail olunub, davamlı inkişaf, sosial tərəqqi meyilləri daha da güclənib.
Onu da qeyd edək ki, Azərbaycanda büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulur. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır.
Burada bir məqamı da vurğulamaq istərdik. Beynəlxalq maliyyə böhranını nəzərə alan Azərbaycan hökuməti son illərdə dövlət büdcəsində neftin qiyməti, Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı məsələlərə önəm verib, bununla da milli iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafını, qlobal risklərdən qorunmasını təmin edib.
Bu ilin dövlət büdcəsinin uğurlu icrası indidən əminliklə deməyə əsas verir ki, dövlət büdcəsinin nəzərdə tutulan xərcləri iqtisadi islahatları davam etdirməkdə, dövlətin müdafiə qabiliyyətini gücləndirməkdə, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etməkdə, regional inkişaf proqramlarının reallaşdırılmasında, qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılmasında mühüm maliyyə təminatı rolu oynayacaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” layihə və müvafiq sənədlər Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdi.
Hökumət tərəfindən məqbul hesab edilən həmin qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə Milli Məclisin müzakirəsinə göndərilmişdi. Bununla bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında sözügedən Qanuna dəyişikliklər edilməsi barədə danışılıb. Bildirilib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.
Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan hökuməti sürətlə artan neft gəlirlərindən ölkə iqtisadiyyatının möhkəmlənməsi, vacib strateji vəzifələrin həyata keçirilməsi üçün səmərəli istifadə edir. Məhz buna görə də yaradılan maliyyə-iqtisadi baza imkan verir ki, xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 55 ABŞ dolları olduğu şəraitdə Azərbaycan dövləti büdcə gəlirlərini artırsın. Aparılan hesablamalar sübut edir ki, neftin qiymətinin 50-65 dollar civarında artım meylinin orta müddətdə də davam etməsi büdcə gəlir və xərclərinin əsas parametrlərinin səviyyəsinin digər ölkələrlə müqayisədə ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsinə, 2015-ci il devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması prosesinin sürətləndirilməsinə müsbət təsir göstərəcək.
Ekspertlərin fikrincə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin dövlət büdcəsində neftin qiyməti, Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafı, qlobal risklərdən qorunmaq, gələcək keyfiyyətli tərəqqi üçün möhkəm iqtisadi baza yaratmaq baxımından tamamilə düzgündür. Neft Fondundan daha az vəsait götürülməlidir – fikirləri təbii ki, başa düşülən bir niyyətdir. Onun əsas hissəsini gələcək nəsillərə saxlamaq lazımdır. Amma gələcək nəsillər naminə, ilk növbədə, iqtisadiyyatımızın, iqtisadi müstəqilliyimizin fundamental əsaslarının daha güclü olması üçün, qlobal risklərin, digər risklərin hələ də mövcud olduğu şəraitdə konkret işlər görülməlidir. Bir sözlə, gələcək naminə görülən işlər çoxdur. Onların icrasını yubatmaq bir müddətdən sonra ölkəyə daha baha başa gələ bilər. Dollar ifadəsində Dövlət Neft Fondundan transferlər 2012-2016-cı illərlə müqayisədə o qədər də artmayıb.
İclasda xatırladılıb ki, Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Həmin gəlirin azaldılması zərurəti ortaya çıxıb ki, bu da adı çəkilən nazirliyin xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Bu vergilərin əvəzləşdirilməsi hesabına nazirlik xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 milyon manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 milyon manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək”) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq adı çəkilən şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərdə tutulub.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən, bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur.
Dəyişiklikdən biri də odur ki, icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5 faiz artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır.
İclasda “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə də danışılıb. Bildirilib ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyənləşdirir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının reallaşdırılması üçün çərçivə formalaşdırır.
Ekspertlərin fikrincə, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.