Prezident İlham ƏLİYEV: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür

Azərbaycan xalqı 1993-cü ildə ulu öndər Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və bundan sonra respublikamızın uğurlu inkişaf dövrü başlandı. Məhz həmin vaxtdan indiyə qədər ölkəmiz qarşısında duran bütün vəzifələr uğurla reallaşdırılır və Azərbaycan iqtisadiyyatında mühüm önəm daşıyan neft-qaz sektoru da dinamik  inkişaf edir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və böyük səyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsinə müsbət  təsir göstərib. 
Məhz həmin müqavilə ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün əlverişli imkan əldə edib.
 
TANAP – bölgənin taleyini dəyişdirəcək önəmli layihə 
 
Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Trans-Anadolu qaz boru kəmərinin (TANAP) də istifadəyə verilməsi bölgənin siyasi, sosial-iqtisadi şəraitini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır.
Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.
Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi “Şahdəniz” qazıdır, Azərbaycan qazıdır”.
Qeyd edək ki, ilkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik (TAP) qaz boru kəmərinə birləşəcək. 
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
 
Ölkələri və xalqları bir-birinə daha sıx bağlayan möhtəşəm polad kəmər
 
Azərbaycan təbii qazının Türkiyəyə, oradan da Avropaya nəql olunacağı TANAP-ın bu il iyunun 12-də qardaş ölkənin  Əskişəhər şəhərində  reallaşan açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının həm ölkələrimiz, xalqlarımız, bölgəmiz, həm də Avrasiya üçün önəmli amil olduğunu diqqətə çatdıraraq, bildirib ki, bu əlamətdar hadisə iki ölkə qardaşlığının növbəti təzahürüdür. ­TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub.  
Azərbaycan Prezidenti daha sonra deyib: “Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.
Dövlətimizin başçısı çıxışında diqqətə çatdırıb ki, TANAP-ın icrası texniki və maliyyə cəhətdən çox mürəkkəb olmasına baxmayaraq, bu iş uğurla yekunlaşıb. Bununla da  layihənin gerçəkləşdirilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradıb: “­TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
 
TANAP  Avropaya qədər marşrut üzərindəki ölkələrin sosial şəraitini daha da yaxşılaşdıracaq 
 
TANAP-ın istifadəyə verilməsi mərasimində iştirak edən ayrı-ayrı ölkə nümayəndələrinin çıxışlarında bu məsələyə xüsusi diqqət yetirilib. Şimali Kipr xalqının lideri Mustafa Akıncı TANAP-ın əhəmiyyətindən danışaraq bildirib ki, sözügedən layihə zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək.
Serbiya Prezidenti Aleksandr Vuçiç TANAP-ın Cənub-Şərqi Avropanın tərəqqisində mühüm rol oynayacağına, bu regiona yeni investorların gəlişinə müsbət təsir göstərəcəyinə, eyni zamanda, Serbiyanın da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 
Ukrayna Prezidenti Petro Poroşenko çıxışında vurğulayıb  ki, TANAP Avropanın enerji təhlükəsizliyi, qaz təchizatının şaxələndirilməsi və rəqabətliliyi deməkdir. 
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, bu layihənin reallaşması hər şeydən əvvəl Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olub. Bundan başqa, istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uzlaşma və qarşılıqlı anlaşma birliyi prosesin sürətləndirilməsinə töhfə verib. Bu baxımdan TANAP, eyni zamanda, çoxtərəfli əməkdaşlığın nümunəsidir. 
Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra deyib: “TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. Bunun bəhrələrini hələ sərmayə mərhələsində almağa başladıq. Sərmayə dövründə boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaratdıq. Eyni zamanda, bu vilayətlərdə başda kiçik və orta sahibkarlıq subyektləri olmaqla çoxlu sayda müəssisəyə yeni iş imkanı təmin etdik. Bundan başqa, Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib. Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı”.
 
Regionda və tərəfdaş ölkələrin həyatında yeni bir mərhələ başlanır
 
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. TANAP-dan sonrakı növbəti mərhələdə Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP)  reallaşacaq. Ümumiyyətlə, bütövlükdə 3500 kilometr uzunluğunda olacaq boru kəməri vasitəsilə Azərbaycanın təbii qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. 
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi,  TAP-ın inşası üzrə işlərin isə 73 faizi icra edilib.
İndiyədək Cənub Qaz Dəhlizinin tərkibi olan layihələrdə bu dəhlizin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında