Mərkəzi Bank uçot dərəcəsini 11 faizdən 10 faizə endirib

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması haqqında qərarı şərh edib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti iyunun 14-dən uçot dərəcəsinin 11 faizdən 10 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2 faiz səviyyəsində müəyyənləşdirilib. 
Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.
Mərkəzi Bankın sədri qeyd edib ki, faiz dəhlizinin parametrləri haqqında qərar son makroiqtisadi proseslərin təhlili və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilib. 2018-ci ilin ötən dövründə inflyasiya elan edilmiş hədəf diapazonundan aşağı səviyyədə qərarlaşıb, dünya enerji daşıyıcıları bazarında əlverişli qiymət trayektoriyası fonunda tədiyə balansı profisitli olaraq qalır və iqtisadi aktivlik üzrə müsbət dinamika davam edir. Son makroiqtisadi proqnozlar göstərir ki, qarşıdakı dövrdə monetar şəraitin normallaşma dinamikası xarici və fiskal sektorda gedən proseslərdən asılı olacaq.
Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə alıb:
  İnflyasiya prosesləri
 
 İnflyasiyanın azalması prosesi davam edir. 2018-ci ilin 5 ayında orta illik inflyasiya 3.2 faiz təşkil edib. Dövr ərzində əhalinin nominal gəlirlərinin artım tempi qiymətlərin ümumi səviyyəsinin artım tempini üstələyib.
 Elman Rüstəmov diqqətə çatdırıb ki, inflyasiya manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması kimi amillərin təsiri altında azalır. Əlavə olaraq may ayından ­başlayaraq mövsümi amillər də inflyasiyanın azalmasını dəstəkləyir. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər göstərir ki, inflyasiya gözləntiləri son illərin minimumuna enib.
 Son proqnozlar makroiqtisadi meyillərin cari dinamikasının saxlanması halında 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə və hədəf intervalında qalacağını göstərir. İnflyasiyanın başlıca risklərinə əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, yerli istehsal xərclərinin artması, fiskal genişlənmə və bu əsasda məcmu tələbin artması, məzənnə və inflyasiya gözləntilərinin asimmetrik həssaslığı aiddir.
 Xarici şərait
 Tədiyə balansı göstəricilərinin yaxşılaşmasının davam etdiyini deyən Mərkəzi Bankın sədri vurğulayıb ki, I rübdə cari əməliyyatlar hesabında ÜDM-in 15.4 faizi səviyyəsində profisit formalaşıb. Xarici sektorda pozitiv meyillər II rübdə davam edir. 2018-ci ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət balansının müsbət saldosu 2.1 dəfə, ixrac 65.8 faiz, qeyri-neft ixracı 14.2 faiz artıb. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşmasının başlıca amilidir.
 Qeyd edilib ki, ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. I rübdə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri balansında müsbət saldo qorunub. Pul baratlarının dinamikası da ölkənin xarici valyuta daxilolmalarının artmasına müsbət təsir göstərib.
 Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.
 “Son proqnozlara görə 2018-ci ilin sonuna tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Ortamüddətli dövrə isə tədiyə balansı üçün başlıca təhdidlər beynəlxalq enerjidaşıyıcıları bazarındakı qeyri-müəyyənliklər, habelə məcmu tələbin genişlənməsi və tərəfdaş ölkələrdəki məzənnə ucuzlaşmalarının təsiri ilə idxalın yüksək templə artmasıdır”, – deyə Elman Rüstəmov vurğulayıb. 
  İqtisadi aktivlik
  Mərkəzi Bankın sədri deyib: “İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam edib. 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1 faiz olub, o cümlədən qeyri-neft sektorunda 1.9 faizlik iqtisadi artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 8.1 faiz, kənd təsərrüfatında 8.6 faiz təşkil edib. Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmu buraxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir”.
 Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaq. 
Monetar şərait
  2018-ci ildə monetar şəraitin neytrallığa yaxınlaşmaq istiqamətində dəyişdiyini deyən E.Rüstəmov bildirib ki, monetar şəraitin tarazlı yumşaldılması tədbirləri qiymət sabitliyi ilə iqtisadi artıma dəstək arasında balans yaratmağa xidmət edib. 
 İlin ötən dövründə Mərkəzi Bank ümumilikdə pul bazasına artırıcı təsir göstərən monetar əməliyyatlar həyata keçirib. Mərkəzi Bankın qısamüddətli notlar və depozit hərracları vasitəsilə sterilizasiya əməliyyatlarının qalığı yanvar-may aylarında 12.3 faiz azalıb ki, bu da fiskal əməliyyatların pul bazasına azaldıcı təsirini qismən neytrallaşdırıb. Kredit aktivliyinin zəif bərpası və bank sistemində irihəcmli struktur likvidliyi şəraitində Mərkəzi Bankın açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı sərhəddinə yaxın səviyyədə formalaşmaqdadır. 
 Mərkəzi Bankın sədri deyib ki, inflyasiya gözləntilərinin azalması şəraitində 2018-ci ilin ötən dövründə ölkədə de-dollarlaşma prosesləri davam edib. İlin əvvəlindən xarici valyutada depozitlərin geniş pul kütləsində (M3 pul aqreqatı) xüsusi çəkisi 2.1 faiz bəndi, fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə 3.6 faiz bəndi azalıb.
 Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcək. 
 Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin avqust ayında müzakirə ediləcək.
 Mərkəzi Bankla əlaqə: Tel.: (994 12) 493 11 22, daxili 374 və ya 381 Faks: (994 12) 493 55 41, R.Behbudov küçəsi, 90 E-mail: [email protected] Bakı, AZ 1014 URL: http://www.cbar.az 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında