Metyu Brayza: “TANAP Azərbaycanı dünya enerji bazarının önəmli oyunçularından birinə çevirib”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın APA-nın Türkiyə müxbirinə müsahibəsi
– Azərbaycanı və bölgəni yaxşı bilən diplomat kimi  fəaliyyətiniz boyunca Azərbaycanın enerji  ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan layihələri dəstəkləmisiniz. TANAP-ın fəaliyyətə başladığı mərasimdə iştirak edərkən gözünüzün  önündə hansı xatirələr canlanır?
– Çox mühüm nöqtəyə işarə etdiyinizə görə sizə təşəkkür edirəm. Fəaliyyətimin mərkəzində həmişə bu məsələlərin durması və onların ən önəmli olanlarından birinin bu gün həyata keçirildiyini görmək məni çox məmnun edir. Azərbaycanın və Türkiyənin güclü iradəsi sayəsində həyata keçirilən TANAP-ın əhəmiyyəti bu gün nə qədərdirsə, vaxt keçdikcə daha  da artacaq. Çünki layihənin həcmi böyüdükcə, bu işin Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini hamı görəcək. Təsəvvür edin ki, söhbət Avropanın enerji ilə təmin edilməsində tələb və təhlükəsizliyin paralel şəkildə yürüməsindən gedir. Mənim fəaliyyətimə gəlincə, siz də yaxşı izləmisiniz ki, həmişə Azərbaycanın böyük enerji layihələrinə dəstəyimi əsirgəməmiş və ölkəmin bu layihələrə dəstək verməsi üçün bütün gücümü sərf etmişəm. Ona görə də TANAP-ın bugünkü açılış mərasimində iştirak edərkən duyduğum qüruru heç kimdən gizlətmirəm. Çünki bu uğurda özümün də payımın olduğuna inanıram. Bu layihə Azərbaycanı həm iqtisadi, həm də geostrateji baxımdan dünya enerji bazarının önəmli oyunçularından birinə çevirib. Layihənin həyata keçirilməsində Türkiyə və BP ilə çox ahəngdar şəkildə əməkdaşlıq edən Azərbaycanın 2020-ci ildə TAP layihəsinin də vaxtından əvvəl başa çatdırılması üçün öz üzərinə götürdüyü məsuliyyətin altından uğurla çıxacağı artıq qətiləşib.
– Mərasimdə iştirak edən Ukrayna prezidenti Poroşenko Rusiyanı tənqid etdi. Sizcə, bunun səbəbi nə idi, bu mərasimdə onun yeri idimi?
– Məncə, bunu çox böyütməmək lazımdır. Poroşenko xalqın demokratik yolla seçdiyi dövlət başçısı kimi, öz xalqının çəkdiyi sıxıntıları mühüm bir kürsüdən dilə gətirdi...
– 2016-cı ilin oktyabrında Türkiyə ilə İsrail arasında təbii qaz satışına dair müzakirələr olmuşdu. İsrail Türkiyəyə  qaz satmağa başlasa, bazarda rəqabət nə dərəcədə güclənə bilər? Rusiyanın həyata keçirməyə çalışdığı “Türk axını” layihəsi sona  yaxınlaşır. Sizcə, Türkiyə bazarı “qızışdırıb”, alacağı qazın qiymətini aşağı salmağa çalışır?
– Əlbəttə, bu, özünün təbii sərvətləri olmayan bir ölkənin haqqıdır. Məncə, İsrail Aralıq dənizindəki təbii qaz axtarışlarında və yataqların istismarında bölgədəki həssaslıqları və xüsusilə Türkiyə-Cənubi Kipr məsələsini nəzərə alaraq hərəkət etməlidir. Yoxsa, bu sahədəki Türkiyə-İsrail əməkdaşlığı problemlərlə qarşılaşa bilər. O ki qaldı “Türk axını” layihəsinə, məncə, burada əsas məsələ TANAP-ın bu layihələrin hamısından tez başa çatmasıdır. Bu məsələdə Türkiyə və Azərbaycan hamıdan qabağa düşərək bazarda təşəbbüsü önəmli ölçüdə ələ aldı. Avropaya qaz satmaq üçün meydana çıxan bu pozitiv rəqabət ortamına bir müddət sonra ABŞ da qatılıb, Avropaya öz qazını təklif edə bilər.
– Necə düşünürsünüz, ABŞ da öz məhsulunu təklif edəndən sonra dünya bazarında təbii qazın qiyməti aşağı düşərmi?
– Rəqabət mühiti elə bunun üçün lazımdır. Kim öz məhsulunu daha aşağı maya dəyəri ilə bazara çıxara biləcəksə, müştərilər də ona yönələcəklər. Bunun sayəsində iqtisadi sistemlər inkişaf üçün daha əlverişli atmosfer tapa biləcəklər ki, ölkələr bu şəkildə inkişaf edəcək, sülh, əmin-amanlıq bu şəkildə təmin ediləcək, xalqların rifahı bu yolla yüksələcək.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında