Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası Azərbaycanda bölgələrin tarazlı inkişafında, işsizlik probleminin aradan qaldırılmasında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayıb.
2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.
Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı sərəncamlar regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Dövlətimizin başçısının iyunun 5-də Goranboy rayonuna və Naftalan şəhərinə səfərində də bunun bir daha şahidi olduq.
Ölkə rəhbəri səfər çərçivəsində bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak edib, həmçinin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilən hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidentinə son illər bu iqtisadi coğrafiyada görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, istər Goranboyun, istərsə də Naftalanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.
Xatırladılıb ki, son 15 ildə Azərbaycanda yol infrastrukturunun yenilənməsi, müasir səviyyədə qurulması diqqət mərkəzində saxlanılıb. Hazırda beynəlxalq standartlara cavab verən bugünkü yollarımız ölkəmizin simasını tamamilə dəyişib, respublika əhalisinin təhlükəsizliyini və rahatlığını təmin edib, məhsulun itkisiz daşınmasına şərait yaradıb.
Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Xatırladaq ki, ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yolun inşası nəzərdə tutulan vaxtda və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkətə imkan verəcək.
Dövlətimizin başçısı rayona səfəri zamanı Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib. Mərasimdə ölkə Prezidentinə məlumat verilərək bildirilib ki, uzunluğu 20 kilometr olan bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir.
Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, eyni zamanda, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Son illərdə dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Hazırda sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işləri davam etdirilir, digər rayonlarda isə yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. Bununla bərabər, yerli istehsalın gücləndirilməsi, yeni istehsal və emal müəssisələrinin işə salınması, mövcud istehsal sahələrinin potensialının artırılması, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri də uğurla həyata keçirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqropark qurulur ki, bunlardan 3-ündə birinci mərhələ üzrə nəzərdə tutulan işlər başa çatdırılıb, 15-i isə bu ilin sonunadək istifadəyə veriləcək.
Prezident İlham Əliyevin iştirakı ilə Goranboyda “Region Agropark”ın açılış mərasimində də bu barədə ətraflı danışılıb. Bildirilib ki, son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrin qurulması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətinin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Goranboy rayonundakı “Region Agropark”dır. Ümumi dəyəri 30 milyon manat olan bu aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Goranboy rayonunda uzun müddət istifadəsiz qalan və yararsız hala düşən 3 min 500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Burada torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq “Laben” laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb.
Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib. Burada bitkilərin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi məqsədilə ilkin olaraq 2 min hektar sahədə Amerika istehsalı olan və məsafədən idarəetmə mexanizminə malik 24 müasir suvarma sistemi qurulub. Uzun müddət əkin aparılmadığına görə ərazidə dərin və çarpaz reperlənmə işləri aparılıb, torpaq müxtəlif üzvi və qeyri-üzvi gübrələrlə zənginləşdirilib, 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb.
Azərbaycan Prezidenti aqroparkın kollektivi ilə görüşündə çıxış edərək deyib: “Bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq”.
Dövlətimizin başçısı daha sonra əminliklə bildirib ki, respublikada aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanları genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır.
Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunda Bayraq Muzeyinin, hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin açılışı mərasimlərində də iştirak edib.
Dövlətimizin başçısı səfər çərçivəsində Naftalan şəhərinə gələrək, burada Şəhər Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib. Ölkə Prezidentinə məlumat verilərək, bildirilib ki, 60 çarpayılıq bu səhiyyə müəssisəsinin inşasına 2015-ci ildə başlanılıb və cari ilin mayında tikinti işləri başa çatdırılıb.
Xatırladılıb ki, hazırda Azərbaycanda səhiyyənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, indi respublikamızın bütün bölgələrində müasir səviyyədə tibb ocaqları yaradılıb. Son illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutub. Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət mərkəzində saxlanılıb.
Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşündə deyib: “Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülüb. Son 15 ildə 600-dən çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq.
Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük”.
Dövlətimizin başçısı çıxışında daha sonra Azərbaycanda tibbi xidmətin səviyyəsinin getdikcə artmasını, kütləvi müayinədən keçmə proqramının uğurla reallaşmasını, icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılmasını xatırladıb. Eyni zamanda, Naftalanın ümumi inkişafının sürətlə getdiyini, burada infrastruktur layihələrinin uğurla gerçəkləşdirildiyini, şəhərin turizm mərkəzinə çevrilməsi istiqamətində ardıcıl tədbirlərin gerçəkləşdirildiyini xüsusi vurğulayıb.
Göründüyü kimi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün rayonlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrini öz gündəlik həyatlarında hiss etmələrinə gətirib çıxarıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.