Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına, regiona və dünyaya töhfələr verəcək

Bir neçə gün əvvəl –  mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Səngəçal terminalında baş tutmuş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, çoxsaylı xarici qonaqlar iştirak etdilər. Belə böyük bir layihənin uğurla başa çatdırılıb istifadəyə verilməsi ölkəmizin layiqli tərəfdaş olduğunu bir daha təsdiq etdi və Azərbaycan ictimaiyyətinin sevincinə səbəb oldu. 
Bu, əlbəttə, Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra reallığa çevrilmiş ilk neft-qaz layihəsi deyil. İndiyədək həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox bu cür layihə icra edilib. Ulu öndərin gərgin və böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanıb və bu, Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılmasından və 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra böyük həcmdə qaz ehtiyatlarımızın Avropaya nəqli məsələsi müzakirə mövzusuna çevrilib. 2007-ci il iyulun 3-dən Xəzər dənizindəki Azərbaycana məxsus “Şahdəniz” yatağından hasil edilən qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə nəql olunmağa başlandı. Nəhayət, 2011-2015-ci illərdə Avropa İttifaqı, Türkiyə və digər tərəfdaşlarla aparılmış danışıqların nəticəsi olaraq Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə qədər uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin icrasına başlanılıb. 
Bu günlərdə dövlət başçımızın iştirakı ilə açılışı olmuş Cənub Qaz Dəhlizinin uzunluğu 3,5 min kilometrdir. Kəmər 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmindədir. 
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu və indiyədək həyata keçirilmiş digər neft-qaz layihələrinin icrası beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Layihədə yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, üç ölkə - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro isə növbəti mərhələdə layihəyə qoşulacaq. Cənub Qaz Dəhlizi ilə nəqlinə başlanan təbii qazı 9 Avropa şirkəti  - “Shell” ingilis-holland şirkəti, Bolqarıstanın “Bulqarqaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel”, eləcə də İsveçrənin AXPO şirkətləri alacaq. ABŞ da layihənin reallaşmasına özünün siyasi və mənəvi dəstəyini göstərib. Bu ölkənin prezidenti Donald Trampın son günlərdə Prezident İlham Əliyevə ünvanladığı 3 məktubda da qeyd olunur ki, Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər, Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verəcək.     
İnanırıq ki, indiyədək Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş bütün neft-qaz layihələri kimi, Cənub Qaz Dəhlizi də bütün tərəfdaş ölkələr, o cümlədən, Azərbaycan üçün uğurlu olacaq, ölkə iqtisadiyyatının inkişafına, regiona və dünyaya töhfələr verəcək.
Qasım MƏMMƏDOV, 
Azərbaycan Dövlət 
Neft və Sənaye Universitetinin prorektoru
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında