Azərbaycanda üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları yaradılır

Azərbaycan Respublikasında iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi ölkənin əsas iqtisadi prioritetlərindəndir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə bölgələrdə üzümçülüyün genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkənin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, daxili bazarın süfrə üzümünə olan tələbatının dolğun ödənilməsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına həyata keçirilməsi imkanları, regionda geniş ixrac bazarlarının mövcudluğu aqrar sektorun daha da təkmilləşdirilməsini, üzümçülüyün genişləndirilməsini zəruri etmişdir. 
Azərbaycan Respublikasında üzümçülük aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir. 
Dövlətçilik tariximizin bütün mərhələlərində respublikamızda üzümçülük müəyyən inkişaf mərhələsi keçmişdir. Ancaq onun geniş sənaye miqyaslı inkişafı XX əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Azərbaycan xalqının ümummilli lideri üzümçülüyün genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Ulu öndər müstəqil Azərbaycan dövlətinin aqrar sektorda üzümçülüyün inkişafına olan münasibətini belə şərh etmişdir: “Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri ölkədə üzümçülük və şərabçılıq fəaliyyətinin genişləndirilməsindən, bu sahədə kooperasiya prosesinin stimullaşdırılması vasitəsi ilə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalının və ixracının haqsız rəqabətdən qorunmasından ibarətdir”.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 5 may 2018-ci ildə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” respublikamızda üzümçülüyə dair dövlət siyasətini və strategiyasını formalaşdıran mühüm sənədlərdir. 
Həmin dövlət proqramlarına uyğun olaraq Azərbaycanda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək üçün digər mühüm tədbirlərlə yanaşı, üzüm genofondunun tədqiqi və qorunub saxlanması məqsədilə müasir kolleksiya bağlarının yaradılması, yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tingçilik təsərrüfatlarının təşkilinin, bu istiqamətdə elmi-tədqiqat işlərinin dəstəklənməsi kimi mühüm əməli işlər həyata keçirilir. 
Tarixən Azərbaycanda 450-dən çox aborigen və introduksiya olunmuş üzüm sortları becərilmişdir ki, bunlardan təxminən 300-ü aborigen üzüm sortlarına aid olmuşdur. Respublikada üzümçülüyün genişləndirilməsində ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi bölgələrin əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilmişdir. Nəticədə 1969-cu ildə Azərbaycanda üzüm istehsalı 272 min ton olmuşdur. O dövrdə üzüm istehsalı ildən-ilə genişləndirilərək, 1970-ci ildə üzüm sahələri 121,6 min hektar, üzüm istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil etdiyi halda, sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq artıq 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, üzüm yığımı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artmışdır. 1970-ci ildə respublikada 672 təsərrüfat, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozu fəaliyyət göstərirdi. Üzümlüklərin sahəsi ildən-ilə genişlənərək, 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq respublikada 2,1 milyon ton üzüm istehsal edilmişdir. 
Lakin 1985-ci ildə keçmiş Sovet İttifaqında həyata keçirilən “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri” ilə bağlı qəbul edilmiş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vurulmuşdur. Bar verən 130 min hektar məhsuldar üzüm bağları məhv edilmişdi. Eyni zamanda 76 istehsal, 116 ilkin emal müəsisələri öz işini dayandırmışdı. 
Ancaq 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması üzümçülüyün yenidən inkişafına hüquqi zəmin yaratmışdır. Statistik məlumatlara əsasən, 2010-cu il Azərbaycanda üzümün əkin sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 2010-cu ildə 15446 hektar sahədən 129536 ton, 2014-cü ildə 15904 hektar sahədən 147701 ton, 2015-ci ildə isə 16097 hektar üzüm bağından 157076 ton məhsul toplanılmışdır. 
Hazırda Azərbaycan Respublikasında üzüm genofondunun qorunmasına, üzümçülüyün yenidən genişləndirilməsinə, iqtisadi səmərəliliyinin artırılmasına, əhalinin təzə üzüm və ondan hazırlanan müxtəlif qida məhsulları ilə etibarlı təminatına, ixracyönümlü məhsulların yüksəldilməsinə dair müvafiq Dövlət Proqramının icrası üçün elmi əsaslar yaradılır. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və “Azərbaycan ampeloqrafiyası” adlı kitablar müvafiq dövlət proqramları əsasında yazılmış fundamental əsərlərdir.
Azərbaycanda ayrı-ayrı bölgələr üzrə üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabında bölgədə üzümçülüyün inkişaf tarixi, müasir vəziyyəti, bu sahənin inkişafı üçün yararlı torpaq sahələrinin xəritəsi verilmiş, üzüm tənəyinə təsir edən ekoloji amillər tədqiq olunmuş, genofondun tərkibi, ərazidə yayılan yabanı üzüm biotipləri haqqında məlumatlar öz əksini tapmışdır. Həmçinin kitabda 93 aborigen, 14 introduksiya olunmuş və seleksiya yolu ilə alınmış yeni üzüm sortlarının morfoloji xüsusiyyətləri və irsi əlamətləri, əsas fenoloji fazaların gedişi, biomorfoloji və aqrobioloji göstəriciləri, xəstəliklərə və şaxtaya dözümlülüyü, habelə istifadə edilən məhsulun xüsusiyyətləri araşdırılmış, becərilən perspektivli sortların iqtisadi qiymətləndirilməsi aparılmış və ampeloqrafik təsvirləri verilmişdir. Azərbaycanın üzüm genofondunda Naxçıvan regionunda yayılan üzüm sortları yüksək şəkərliliyi, keyfiyyət göstəriciləri və təsərrüfat-texnoloji irsi əlamətləri ilə səciyyələnir. Ən yüksək keyfiyyətli süfrə istiqamətli Sarı kişmişi, Qırmızı kişmişi, Əsgəri, Mərməri, İnəkəmcəyi, Qızıl üzüm, şərab istehsalında istifadə olunan Ağ aldərə, Hənəqırna, Mələyi, Naxçıvan qara üzümü bu bölgədə xalq seleksiyası nəticəsində yaradılan yüksək keyfiyyətli və iqtisadi cəhətdən səmərəli üzüm sortlarıdır.
Çox təəssüf ki, Azərbaycanda, həmçinin Naxçıvan MR-də tanınmış yerli üzüm sortları sürətlə sıradan çıxır. Azərbaycan Respublikasında bu, əsasən üzümçülüyün genişləndirilməsi üçün ölkəyə xarici üzüm sortlarının gətirilməsi səbəbindən baş verir. Gətirilmə sortlar aqroekoloji baxımdan çox vaxt gözlənilən nəticələri vermir.Ona görə də yeni üzümlüklərin salınmasında yerli sortlardan geniş istifadə olunması daha çox iqtisadi səmərə verər. 
Son dövrlər Azərbaycanda qəbul edilən dövlət proqramları üzümçülükdə yeni uğurlara yol açmışdır. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu və icrası başa çatan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-qtisadi inkişafı Dövlət Proqramı” kimi mühüm sənədlərin təsdiq edilməsi üzümçülükdə yeni uğurlara yol açdı. Bu dövlət proqramlarına uyğun olaraq, elmi axtarışlar da genişləndirilmişdir. Belə ki, Azərbaycan MEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat bağı, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən aqrar elmlər doktoru V.Quliyevin rəhbərliyi ilə ilk dəfə olaraq hazırlanan və 2017-ci ildə nəşr edilən “Azərbaycan ampeloqrafiyası” kitabı ölkəmizdə üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsinə, genişləndirilməsinə, iqtisadi səmərəliliyinin yüksəldilməsinə, üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunmuş ilk fundamental əsərdir. Kitab 3 cilddən ibarətdir. I cild giriş, ümumi ampeloqrafiya, interaktiv ampeloqrafiya, xüsusi ampeloqrafiya və ədəbiyyat siyahısı bölmələrindən ibarətdir. Kitab Azərbaycan dilində yazılmaqla əsas bölmələr ingilis və rus dillərində də verilmişdir. 
“Azərbaycan ampeloqrafiyası” kitabı dünyada digər xalqların da istifadə edə bilməsi üçün üzümçülük üzrə beynəlxalq miqyasda qəbul edilmiş üzümün əsas genetik əlamətlərinin şifrələnmiş sistem əsasında tərtib olunmuşdur. Şifrələrin açarı kitabda verilmişdir. Beləliklə, bu əsər dünya miqyasında ampeloqrafiya elminin yeni bir sahəsinin, üzümün genetik əlamətləri, əsas məhsuldarlıq göstəriciləri müvafiq kodlarla ifadə edilə bilən “Rəqəmsal ampeloqrafiya”nın əsasını qoymuşdur. Əsərdə Azərbaycanda ampeloqrafik tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələri, imkanlar və perspektivlər araşdırılmışdır. Kitabda hazırda istifadə edilən əsas ampeloqrafiq metodikalar işıqlandırılmış, üzüm bitkisinin irsi xüsusiyyətləri, genetik əlamətlərin OIV deskriptorları üzrə beynəlxalq şifrələr əsasında ingilis və rus dillərində açıqlanması verilmişdir. Əsərdə 16 kişmişi, 70 aborigen süfrə sortunun tam şəkildə ampeloqrafik təsvirləri və fotoşəkilləri verilmiş, Azərbaycanda ampeloqrafik tədqiqatlara aid ədəbiyyat mənbələri işıqlandırılmışdır. 
“Azərbaycan ampeloqrafiyası” əsəri magistirlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermerlər və digər oxucular üçün nəzərdə tutulmuşdur.
Müasir dövrdə respublikada üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması ən aktual problemlərdən biridir. Bu baxımdan nəşr edilən əsər mühüm elmi-praktik əhəmiyyətə malikdir. 
Üzümçülüyün yenidən genişləndirilməsində istehsal olunacaq məhsulun istiqamətindən asılı olaraq sort seçimi mühüm şərtdir. İstehsal prosesində yüksək iqtisadi maddi gəlirin əldə olunması torpaq-iqlim şəraitinə uyğun sort seçiminin düzgün aparılmasından çox asılıdır. Təsərrüfatda sort bütün nailiyyətlərin mənbəyidir. Bu mənada “Azərbaycan ampeloqrafiyası” kitabı Azərbaycan Respublikasında üzüm becərilən ayrı-ayrı təbii-coğrafi bölgələr üçün istehsalatda istifadə edilən üzüm sortlarının əvvəlcədən aqrobioloji və iqtisadi göstəricilərinin əldə olunması üçün əvəzedilməz elmi mənbədir. 
Varis QULİYEV,
AMEA NB Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük laboratoriyası”nın rəhbəri, aqrar elmlər üzrə 
elmlər doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında