Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin "Müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgüylə müəyyən ediləcək" fikri təsadüfi sayılmamalıdır.
Bu bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Onların bir çoxunun ümumiyyətlə karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi Avropa ölkələri və s.), digərlərinin malik olduqları köhnə yataqlar isə tükənmək üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft Şurasının statistik məlumatlarında qeyd olunur ki, 1996-cı ildə neftə olan sutkalıq təlabat 71 milyon barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin 138 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır ki, onun da 30 milyon barreli təkcə ABŞ-ın payına düşəcəkdir.
Dünya neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik baş vermişdir. Əvvəllər 3 inkişaf etmiş region neft və qazın əsas istehlakçıları hesab olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa İttifaqı ( ilk növbədə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan, Braziliya, Tailand və bir sıra digər dövlətlərin karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə artmışdır. Çin bu sahədə hətta Yaponiyanı ötərək dünya neft istehlakında 9 faizlik göstəriciyə malik olmuşdur və yalnız ABŞ-dan geri qalır.
Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.
Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin "enerji millətçiliyi"ndə və hətta "enerji terrorizmi"ndə ittiham ediləcəkləri istisna deyildir.
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.
Bu bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 13 il əvvəl Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik olmuş, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində çox mühüm əhəmiyyətə malik və Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır. Həmin proses ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Bu gün ölkənin 1, 5 milyard tondan artıq neft və 2 trilyon kubmetr qazdan ibarət enerji ehtiyatları və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri), 4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində 2006-cı ilin mayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və 2006-cı ilin sentyabrında Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 milyard kubmetr qaz ixrac edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2010-cu ildə ölkəmizdə 51,5 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trilyon kubmetr təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir ki, əgər Azərbaycan ancaq öz təlabatını ödəsə və deməli xaricə qaz ixrac etməsə, bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər. Digər yataqlardakı qaz ehtiyatlarımız 300 milyard kubmetrdən artıqdır.
Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində əməkdaşlığı həyata keçirmək və inkişaf etdirmək üçün lazımi hüquqi-normativ baza formalaşmışdır. 1996-cı il aprelin 22-də Azərbaycan və Aİ arasında "Tərəfdaşlıq və əməkdaşlıq sazişi"nin imzalanması ilə əsası qoyulan bu münasibətlər, 2004-cü ildə ölkəmizin Aİ-nin "Avropa Qonşuluq Siyasəti"nə daxil edilməsi, 2006-cı ildə "Yaxın qonşuluq siyasətinə dair fəaliyyət planı"na qoşulması ilə daha da inkişaf etdirilmiş, elə həmin ilin 7 noyabr tarixində bu addımların məntiqi nəticəsi olaraq hər iki tərəf arasında "Enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum" imzalanmışdır.
Onu da qeyd edək ki, hələ 2004-cü ildə Azərbaycan Aİ ilə sıx əməkdaşlıq edərək "Bakı prosesi" adlanan təşəbbüs irəli sürmüşdür. Bu təşəbbüs Qara və Xəzər dənizlərinin sahilinə çıxan dövlətləri, eləcə də Aİ-yə üzv ölkələri daha geniş regional enerji əməkdaşlığına aid problemləri müzakirə etmək məqsədilə bir araya gətirmək məqsədi daşıyırdı. Digər məqsəd regionda enerji tranziti və ticarətinin asanlaşdırılması üçün imkanların birgə araşdırılması idi.
Nəhayət, 2009-cu ilin may ayında Azərbaycanın da Aİ-nin "Şərq tərəfdaşlığı proqramı"na qəbul edilməsindən sonra bir sıra istiqamətlər üzrə, xüsusilə də enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar açılmış oldu.
Ümumən, ölkəmiz qaz ixracı prosesində "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. "Cənub dəhlizi" dedikdə, bütün qərb istiqaməti üzrə gedəcək layihələr nəzərdə tutulur. Bu, həm Nabukko, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrdir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu layihənin reallaşmasında maraqlı olmasını aşağıdakı amillərlə əsaslandırmışdır:
1. Azərbaycan qazı üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazar təmin edilmiş olur.
2. Xarici tərəfdaşlarımız "Şahdəniz" yatağının ikinci fazasına investisiya qoyuluşuna başlaya bilirlər. Bu, təxminən 20 milyard dollara yaxın investisiyadır.
3. Bu layihə baş tutacağı təqdirdə ölkəmizin ümumi qaz hasilatı 40 milyard kubmetri ötəcəkdir.
Azərbaycan Respublikası Türkiyə, Bolqarıstan, Rumıniya, Avstriya və Macarıstan kimi ölkələrin cəlb olunduğu 31 milyard kubmetrlik Nabukko layihəsinin reallaşmasında maraqlı tərəfdir. İlkin mərhələdə Avropa dövlətləri bu layihədə Azərbaycanı tranzit ölkə kimi nəzərdən keçirirdilərsə, sonralar əsas təchizatçı tərəfdaş kimi qiymətləndirməyə başladılar. ARDNŞ kəmərin istifadəyə verilməsinin birinci mərhələsində onu 7 milyard kubmetr qazla təmin etməyə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Nabukko layihəsi üzrə tikinti işlərinə 2011-ci ildə başlanılması, ilk qazın eyni adlı kəmərlə Avropaya nəql olunmasına isə 2015-ci ildə start verilməsi nəzərdə tutulur. Nəticədə 2006-cı ilin statistik göstəricisinə görə, qaza olan illik tələbatının böyük bir hissəsini Rusiya hesabına həyata keçirən Bolqarıstanın (99 faiz) ,Yunanıstanın (82 faiz), Avstriyanın (69 faiz), Türkiyənin (65 faiz), Macarıstanın (64 faiz), Rumıniyanın (22 faiz), İtaliyanın (31 faiz) və digər Avropa dövlətlərinin Moskvanın qaz inhisarından sığortalanması üçün əlavə imkanlar açılmış olacaqdır. Ötən ilin oktyabr ayında Nabukko kəmərinin Macarıstan və Rumıniya arasındakı 47 kilometrlik hissəsinin çəkilib başa çatdırılması layihənin həyata keçirilməsi prosesinə yeni stimul vermişdir.
Avropa ölkələri Nabukko layihəsinə Rusiyadan olan 40 faizlik qaz asılılığını zəiflətmək üçün bir vasitə kimi baxırsa, Azərbaycan bu prosesə ilk növbədə öz milli maraqlarından çıxış edərək alternativ, etibarlı və uzunmüddətli bazara malik olmaq kimi yanaşır, eyni zamanda partnyorlarının maraqlarını nəzərə alır. Başqa sözlə, bu prosesdə iştirak edən hər üç tərəfin: təchizatçı, tranzit və istehlakçı ölkələrin maraqlarının və öhdəliklərinin qarşılıqlı olaraq qorunması Azərbaycanın enerji ixracı siyasətinin fəlsəfəsini təşkil edir.
Nabukko layihəsinin reallaşması istiqamətində ayrı-ayrı cəhdlərdən söhbət getdiyi halda, Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə reallaşmış layihə də vardır. Belə ki, 2007-ci ilin noyabr ayında Azərbaycan qazının Türkiyə-Yunanıstan qaz kəmərinin istifadəyə verilməsi ilə Aİ bazarına çatdırılması təmin edilmişdir. Eyni zamanda qaz sahəsində 2002-ci ildə imzalanmış və müddəti 2007-ci ildə başa çatmış Azərbaycan-Türkiyə sazişinin ayrı-ayrı məsələlər, xüsusilə qiymətlə bağlı (hər 1000 kubmetrə 120 ABŞ dolları) yaranmış anlaşılmazlıqlarına 2010-cu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı aydınlıq gətirilməsi və bu istiqamətdə problemlərin öz hüquqi həllini tapması, təkcə ikitərəfli əlaqələrin sonrakı inkişafına deyil, həm də Nabukkonun reallaşması perspektivlərinə xidmət göstərmişdir. Bundan savayı, Azərbaycan hökumətinin 2009-cu ilin 16 oktyabr tarixində keçirilmiş iclası zamanı Prezident İlham Əliyev "Ağ axın" boru kəmərinin Azərbaycanın qaz ixracı üçün mümkün variant olacağına dair fikirlər səsləndirmişdir. Bu layihəyə əsasən, Azərbaycan və Türkmənistan qazının Qara dənizin dibi ilə Rumıniyaya, sonra isə Aİ-nin digər ölkələrinə daşınmasını nəzərdə tutulur. "Ağ axın" layihəsi də Xəzər akvatoriyası qazının Avropaya nəql olunmasını nəzərdə tutan Aİ-nin "Cənub dəhlizi" konsepsiyasının bir elementidir.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin sentyabr ayında Strateji Tərəfdaşlıq Sazişi imzaladığı Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku ilə ilk dəfə "Ağ axın" layihəsini müzakirə etmişdir. Eyni zamanda Azərbaycanın mayeləşdirilmiş qazının Qara dəniz vasitəsilə Rumıniyaya nəqlinə dair də müzakirələr aparılmışdır. Bu müzakirələrin məntiqi nəticəsi olaraq, 13 aprel 2010-cu il tarixində Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz nəqli üzrə memorandum imzalanmışdır. Sənədə əsasən, Azərbaycan qazı mayeləşdirilmiş halda Qara dəniz üzərindən ixrac olunacaqdır. Layihənin dəyəri 2-4 milyard avro təşkil edir. Onun reallaşması dövründə Rumıniyanın 7 milyard kubmetr qaz alacağı proqnozlaşdırılır. Bu göstəricinin sonralar 20 milyard kubmetrə çatdırılmasının mümkünlüyü haqqında da mülahizələr vardır. Rumıniyadan savayı, bir sıra digər Avropa dövlətləri, xüsusilə də Nabukkoda iştirak edən ölkələr bu layihəyə maraq göstərirlər. Hətta bir sıra kütləvi informasiya vasitələrində bu layihə Nabukkoya alternativ kimi təqdim olunur.
Azərbaycanın Avropa ölkələri ilə inkişaf edən enerji siyasəti digər dövlətlərə qarşı yönəlməmişdir. Ölkəmiz bu istiqamətdə həm Rusiya, həm də İranla əməkdaşlıq kursunu həyata keçirir. Bu siyasət respublikamızın enerji nəqlində prioritet verdiyi diversifikasiya (şaxələndirmə) xəttindən qaynaqlanır.
Məlum olduğu kimi, Azərbaycan 2001-2006-cı illərdə Rusiyadan qaz idxal etmişdir. Əvvəlcə 1 milyard kubmetr səviyyəsində olan idxal, sonradan 4,5 milyard kubmetrədək çatmışdır. Əməkdaşlığın ilkin mərhələsində qazın 1000 kubmetrini Azərbaycana 48 dollara satan Rusiya, sonradan qiyməti 110 dollara qaldırmış, lakin həmin qiymət 2006-cı ildə 235 dollara çatdırıldıqda Azərbaycan Rusiya qazının idxalından imtina etməli olmuşdur.
2009-cu il oktyabrın 14-də isə ARDNŞ 2010-cu il yanvarın 1-dən etibarən ilkin olaraq Rusiyaya illik 500 milyon kubmetr həcmində qaz satmaq haqqında Qazpromla saziş imzalamışdır. Bu razılaşma 2009-cu il iyunun 29-da Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Bakıda hər iki şirkət rəhbərinin imzaladığı iki ölkə arasında qaz ticarətinə dair sazişin əsas prinsiplərinin məntiqi davamı idi. Sonra bu rəqəm 1 milyard kubmetrə çatmış, bu ilin 2-3 sentyabr tarixində Prezident D.Medvedevin Bakıya səfəri zamanı Rusiyaya satılan qazın həcminin 2011-ci ildən 2 milyardkubmetrə çatdırılması haqqında müqavilə imzalanmışdır. Sonrakı illərdə satışın həcminin artırılması haqqında da razılıq əldə edilmişdir.
Zənnimizcə, bu hadisənin özü də Nabukkonun reallaşmasında maraqlı olan avropalı partnyorları daha qətiyyətli və çevik olmağa sövq etməlidir. Bu prosesdə passiv gözləmə və seyrçi mövqedə dayanmaq avropalı tərəfdaşların enerji təhlükəsizliyi sahəsində uzağagedən planlarına adekvat deyildir.
Beləliklə, Azərbaycan Respublikası Avropa ölkələri ilə qarşılıqlı faydalı və çoxşaxəli münasibətlərə malikdir. Azərbaycan öz gələcəyini Avropa ailəsinin tamhüquqlu üzvü kimi görür və bu məqsədə doğru inamla irəliləyir. Bu yolun daha səmərəli və uğurlu qət edilməsində bir sıra amillərin, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın rolu danılmazdır.
{nl}
Elman NƏSİROV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.