Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir

Azərbaycanın dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri dinamik inkişaf edir. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Belə dövlətlərdən biri də Serbiyadır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin serbiyalı həmkarı ilə 2010, 2011 və 2013-cü illərdə görüşləri reallaşıb və Serbiya Respublikasının Prezidentinin Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında “Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu sənəd hərtərəfli əməkdaşlığın ümumi məhsuldarlığı üçün mühüm əsasa çevrilib.

Belqradın ən gözəl parkında ümummilli lider Heydər Əliyevin, həmçinin Bakının mərkəzində serbiyalı məşhur alim Nikola Teslanın xatirələrinə həsr olunan abidə ucaldılıb.

Azərbaycanla Serbiya arasındakı münasibətlərdə daha çox diqqətçəkən cəhət BMT-yə üzv dövlətlərin ərazi bütövlüyünün qorunması siyasətinin həyata keçirilməsinə, münaqişələrin güc və hədə tətbiq etmədən sülh və siyasi danışıqlar yolu ilə həll olunmasına sadiqlik prinsipidirdir. Təəssüf ki, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu beynəlxalq hüquq pozuntularına yol açaraq hər iki dövlətin tarixi ərazilərinin müəyyən bir hissəsinin qanunsuz şəkildə zəbtinə gətirib çıxarıb.

İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Yeri gəlmişkən, rəsmi Belqrad tərəfindən belə bir qərarın qəbul olunması dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 1997-ci il avqustun 21-də yaradılıb.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin mayın 21-də Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verəcəkdir. Azərbaycan və Serbiyanın dövlət başçıları görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildiriblər. Ölkə başçıları ikitərəfli münasibətlərin Balkan və Qafqaz regionları arasında əməkdaşlıq üçün geniş imkanlar açacağını da qeyd ediblər. Görüş zamanı beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşündə dövlətimizin başçısı İlham Əliyev çıxış edərək bildirib ki, bu gün iki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan və Serbiya dost, strateji tərəfdaş dövlətlərdir. Son illər ərzində əldə olunan uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Azərbaycan Prezidenti daha sonra deyib: “Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır”.

Serbiya Prezidenti isə çıxışında dövlətimizin başçısını prezident seçkilərində qazandığı inamlı qələbəyə görə, Azərbaycan xalqını isə Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib. Prezident Aleksandr Vuçiç daha sonra vurğulayıb: “Bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur”.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu səfərlə Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır”.

Dövlətimizin başçısı bəyanatında, həmçinin diqqətə çatdırıb ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda ədalətin, haqqın tərəfində dayanır. Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, bu ölkələrin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı hər iki ölkə daim bir-birinə qarşılıqlı dəstək göstərir və bundan sonra da göstəriləcək.

Prezident İlham Əliyev çıxışında daha sonra diqqətə çatdırıb ki, Azərbaycan-Serbiya münasibətlərində iqtisadi əməkdaşlıq məsələləri geniş yer alıb. Amma görüləsi işlər də az deyil. Məsələn, mövcud ticarət dövriyyəsi bu ölkələrin iqtisadi potensialını əks etdirmir. Düzdür, artım var, ancaq mütləq rəqəmlər hələ də aşağı səviyyədədir. Ona görə də səfər zamanı müzakirə olunan məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Çünki bunun üçün yaxşı imkanlar var.

Dövlətimizin başçısı daha sonra bildirib: “Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub” qaz dəhlizi layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, “Cənub” qaz dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”.

Prezident İlham Əliyev çıxışında ötən ilin oktyabrında çox böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində Asiya ilə Avropanın Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlandığını, yüklərin artıq bu yolla daşındığını diqqətə çatdırıb. Eyni zamanda, yüklərin həcminin getdikcə daha da artacağını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görür: “Bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında yuxarıda deyilənlərlə bərabər, Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahənin çox önəmli yer tutduğu, dost ölkənin xalqına, mədəniyyətinə, ədəbiyyatına respublikamızda böyük maraq, hörmət göstərildiyi, turizmin qarşılıqlı şəkildə inkişaf etdirilməsinin vacibliyi xatırladıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə deyib: “Mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik”.

Aleksandr Vuçiç, eyni zamanda, dövlətimizin başçısı cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirib, Azərbaycanın müstəqilliyinin, azadlığının qorunmasında böyük səy göstərdiyini və vətəndaşların firavanlığı naminə əlindən gələni etdiyini diqqətə çatdırıb.

Serbiya Prezidenti çıxışında, həmçinin iki dövlətin iqtisadi maraqlarının təmin edildiyini, Azərbaycan şirkətinin bu ölkədə yol tikintisində uğurla fəaliyyət göstərdiyini, kənd təsərrüfatı, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə ediləcəyi ilə bağlı böyük potensial olduğunu vurğulayıb.

Sonda xatırladaq ki, dövlət başçıları arasında keçirilən geniş tərkibdə görüş başa çatandan sonra prezidentlər tərəfindən “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı imzalanıb. Daha sonra iki ölkənin ədliyyə nazirlikləri arasında, səhiyyə və tibb elmi, bitki karantini və mühafizəsi sahələrində əməkdaşlıq haqqında sənədlər, habelə “Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında”, “Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında hava əlaqələri haqqında” sazişlər imzalanıb. 

Ölkələrimiz arasında mövcud olan münasibətlərdən, bunun inkişafı meyillərindən belə bir nəticə hasil olur ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında